Əli Əhmədov: "28 may tarixi Azərbaycan xalqı və hər bir Azərbaycan vətəndaşı üçün kifayət qədər yüksək dəyər və əhəmiyyət kəsb edir" - MÜSAHİBƏ

Əli Əhmədov: "28 may tarixi Azərbaycan xalqı və hər bir Azərbaycan vətəndaşı üçün kifayət qədər yüksək dəyər və əhəmiyyət kəsb edir" - MÜSAHİBƏ

SəsTV-nin qonağı, müsahibimiz Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədovdur

- Əli müəllim, qarşıdan 28 May Respublika Günü gəlir. Bu günün tarixi əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?

- 28 May Azərbaycanın Respublika Günüdür. Keçən əsrin 20-ci ilində Azərbaycan özünü müstəqil bir dövlət kimi elan edib. Xüsusilə, 28 may Azərbaycan tarixi üçün bu mənada xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycan Şərqdə ilk demokratik respublika quruşulu elan edilmişdir. Beləliklə də, ötən əsrin 20-ci ilinin 28 mayından Azərbaycanın müasir tarixinə qızıl hərflərlə həkk olunmuş demokratik ənənələrinin əsası qoyulub. Azərbaycan xeyli bir müddət bu demokratik ənənələrindən, müstəqillik dəyərlərindən məhrum olsa da 20 ilə yaxındır ki, yenidən özünün müstəqilliyini bərpa edib. Bu il Azərbaycanın müstəqilliyinin bərpa ounmasının 20 illiyi payızda qeyd olunacaqdır. Əslində, 20 illiyini qeyd etməyə hazırlaşdığımız indiki müstəqilliyimiz 28 mayda qazanılmış müstəqilliyin üzərində qərar tutur və bu mənada, 28 may tarixi Azərbaycan xalqı və hər bir Azərbaycan vətəndaşı üçün kifayət qədər yüksək dəyər və əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev zamanında söyləmişdir ki, müstəqillik böyük nemətdir. Təbii ki, müstəqilliyin böyük nemət olması hər bir vətəndaşı vadar edir ki, o öz müstəqilliyinin keşiyində dayana bilsin. Ötən əsrin 20-ci ilində əldə olunan müstəqilliyimizi o zaman Azərbaycan özündən asılı olmayan səbəblər ucbatından qoruyub saxlaya bilmədi. Amma məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, dövlətimizin müstəqilliyi, artıq 20 ildir ki, qorunub saxlanılır. Ulu Öndərimiz Heydər Əliyevin də dediyi kimi müstəqilliyimiz əbədi və dönməzdir. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqilliyin bəhrəsini görür. Dövlətimiz müstəqillik ideyaları üzərində möhkəmlənib və dünyanın siyasi xəritəsində artıq çox əhəmiyyətli və önəmli yer tutubdur. Bunların hamısı ötən əsrin 20 -ci ilində qoyulmuş müstəqillik, azadlıq, suverenlik ənənələrinin indiki tariximizdə reallaşmasının bilavasitə nəticəsi və bəhrələridir. Müstəqilliyimiz qorunur, bundan sonra da qorunacaqdır.

- Müstəqilliyimizin qarantı olan ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti Ulu Öndər Heydər Əliyev siyasətinin davamlılığının təminatçısı kimi qiymətləndirmək olarmı?

- Hər zaman birmənalı şəkildə vurğulayırıq ki, cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi varisidir və Onun həyata keçirdiyi siyasət əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli siyasətimizin bilavasitə davamıdır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə də, 2008-də ikinci dəfə təkrarən Azərbaycan xalqının göstərdiyi etimad əsasında Prezident mandatı qazananda da açıq şəkildə Ulu Öndər Heydər Əliyevin siyasətinin alternativsizliyini vurğulayaraq, Onun siyasətini davam etdiriləcəyini qeyd etmişdir. Azərbaycan vətəndaşları cənab Prezidentin həyata keçirdiyi siyasətin Ulu Öndərin müəyyənləşdirdiyi siyasətin davamı olduğunu açıq şəkildə görürlər. Cənab İlham Əliyevin fəaliyyəti Ulu Öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsinin qarantı kimi də qavranılır. Bəlkə də Azərbaycanda 2003-cü ildə başqa bir nəfər prezident seçilsəydi, Ulu Öndər Heydər Əliyev siyasətində müəyyən dəyişikliklər baş verərdi. Amma 2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevə Prezident seçilməsinə səs verməsinin bir səbəbi o oldu ki, insanlarımız Onu Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı hesab etdi. Ölkəmizin sürətli və dinamik inkişafı, həyatımızın bu dərəcədə dəyişməsi, Azərbaycanın simasının yeniləşməsi, bütün bunların hamısı bir yandan Ulu Öndər Heydər Əliyev siyasətinin, digər tərəfdən isə, bu siyasətin məhz ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsinin bilavasitə nəticəsidir.

AYLANA RZAYEVA

Bütün xəbərlər Facebook səhifəmizdə