Bayden və Putin görüşündə Cənubi Qafqazdakı yeni reallıqlar müzakirə predmeti ola bilər - DEPUTAT ŞƏRH ETDİ

“İstənilən halda əgər hər hansı bir görüşlə bağlı təşəbbüs varsa, bu, artıq əməkdaşlıq istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər. Əgər söhbət dünya siyasətini müəyyənləşdirən iki nəhəng ölkənin liderlərininin mümkün görüşündən gedirsə, bu, artıq mühüm əhəmiyyətli hadisə hesab edilə bilər. Ona görə də ABŞ və Rusiya pezidentlərinin ehtimal edilən görüşü siyasi gündəmi təyin edən mövzulardan birinə çevirilib və bizim region üçün də olduqca maraqlı və perespektivlidir. Çünki bu görüş baş tutarsa, mütləq Cənubi Qafqazda Azərbaycanın yaratmış olduğu yeni geostrateji reallıq da müzakirə edilən mövzulardan biri olacaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu görüşün Bakıda keçirilə biləcəyi məsələsi də mediada öz əksini tapır: “Azərbaycanın xarici siyasətinin əsas strateji istiqamətlərindən biri regional və qlobal əməkdaşlığa əsaslanan xarici siyəsət kursu kimi müəyyənləşdirilib. Əgər müstəqillik dövrü tariximizə nəzər salsaq görəcəyik ki, bu siyasətin iqtisadi-siyasi müstəvidə əsaslarının qoyulması tarixi 1993-cü ildə imzalanan “Əsrin Müqaviləsi” anlaşmasına qədər gedib çıxır. Biz hazırda Cənubi Qafqazda qarşılıqlı maraqlara əsaslanan geniş bir tərəfdaşlıq platforması görürüksə, bunun üçün regionumuz Azərbaycanın xarici siyasətinə borcludur. Eyni tezisi Xəzər hövzəsində artıq mövcud olan əməkdaşlıq haqqında da deyə bilərik. Ona görə də əgər, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlandığı illərdə belə ikitərəfli və çoxtərəfli əməkdaşlıq platforması yarada bilibsə, hazırda öz ərazi bütövlüyünü bərpa etmiş, qalib bir ölkə kimi bunu daha da inkişaf etdirməyi bacaracaqdır”.

H.Babaoğlunun fikrincə, ən əsası odur ki, çoxsaylı dünya ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır və zaman-zaman dünyanın müxtəlif siyasi qütblərinin təmsilçiləri yaxud rəsmiləri Azərbaycanda görüşlər keçirirlər: “Biz NATO və Rusiya Federasiyası rəsmilərindən tutmuş İƏT və AŞPA-ya qədər müxtəlif səviyyəli nümayəndə və yaxud təmsilçilərin Bakıda keçirdikləri çox mühüm görüşlərə şahidlik etmişik. Yəni, Bakı artıq mühüm beynəlxalq və ikitərəfli görüşlərin keçirildiyi paytaxtlardan birinə çevirilib. Ona görə də ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putinin mümkün görüşünün keçiriləcəyi şəhərlərdən biri kimi Bakının da adının həmin siyahıya daxil edilməsi tamamilə əsaslı və təcrübi baxımdan realdır. Yəni, Azərbaycanın paytaxtı etibarlı bir tərəfdaş ölkənin birinci şəhəri kimi tamamilə belə bir etimadı haqq edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə