"Njdeyə ucadılmış abidənin İrəvandan da götürülməsi vacibdir" -EKSPERTDƏN SƏRT TƏPKİ

“Moskva vilayətinin Dolqoprudnıy şəhərinin Silahlı Qüvvələr, habelə hüquq-mühafizə orqanlarının müharibə və əmək veteranları ictimai təşkilatı tərəfindən faşist Qaragin Njdenin Qarabağdakı Rusiya sülhməramlılarının nəzarət zonasında yerləşən abidəsinin sökülməsi ilə bağlı Rusiya Xarici İşlər və Müdafiə Nazirliklərinə müraciət ünvanlanması təqdirəlayiq haldır. Faşizm üzərində qələbə keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspert bildirib ki, müraciətdə faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğundan bəhs olunur: “Eyni zamanda müraciətdə Njde tərəfindən əsir düşmüş erməni-qırmızı ordu əsgərlərindən və Vermaxt sıralarında döyüşənlərdən yaradılmış “Erməni legionunun” Polşa və Ukraynanın minlərlə dinc sakininə qarşı cinayətlərindən, Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirilməsindən danışılır. Xüsusilə vurğulamaq lazımdır ki, rusiyalı veteranlar Njdenin abidəsinin mövcudluğunu Rusiyanın faşizmin qəhrəmanlaşdırılmasına qarşı prinsipial mübarizəsi kimi nüfuzunu sarsıtdığına da əmin olduqlarını bildiriblər. Müraciətin Lavrovun Ermənistana səfərin ərəfəsində ünvanlanması da deməyə əsas verir ki, Ndjenin abidəsinin demontajı ilə bağlı əməli, praktiki addımlar atıla bilər. Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Himmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur.

Rusiya tərəfi Böyük Vətən Müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulayıb. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib. Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinin baiskarı olmuş faşizm rejiminə sadiq şəxslərə genişmiqyaslı pərəstiş yaradılır”.

İ.Hüseynov xatırladıb ki, müasir Ermənistanda qəhrəmanlaşdırılan erməni üsyançı ordusunun liderlərindən biri olan Qaregin Njde sovetləşmədən əvvəl Zəngəzur və Dağlıq Qarabağdakı Azərbaycan əhalisinin məhvinə və təmizlənməsinə şəxsən başçılıq edib: “Daha sonra isə Avropaya köç edərək, faşist hərəkatına qoşulub. Başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi naməlumdur. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır. Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır. Rusiyanın sülhməramlı kontingentinin Qələbə Gününü qeyd edəcəyi ərazidə faşistin abidəsinin mövcudluğu Avrasiya məkanının azsaylı birləşdirici dəyərlərindən birini kökündən sarsıdır. Njdeyə ucadılmış abidəsinin yalnız Qarabağdan deyil, İrəvandan da götürülməsi vacibdir. Ümid edirik ki, Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası iflasa uğrayacaq və Ndjenin abidələri tezliklə söküləcək. Nasizmin əlaltısı Q. Njdenin abidəsinin 9 May – Hitler rejimi üzərində Qələbə gününə qədər sökülməsi bu gün hər zamankından daha da aktualdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə