Politoloq: “Kazan görüşü münaqişənin həlli istiqamətində həlledici mərhələdir”
Rusiyanın Kazan şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş vacib və ümidvericidir. SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu "Qarabağ Saat"ı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilərin imitasiyası üçün məkan da daralıb. Ona görə də, prezidentlərin növbəti görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər. Politoloq hesab edir ki, Kazan görüşü münaqişənin həlli istiqamətində həlledici mərhələdir. Belə ki, bu görüşdən sonra ya Rusiya tərkibində separatizmə rəvac veriləcək, ya da MDB-də separatizm problemləri tamamilə həll olunacaq.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın verdiyi bəyanata da münasibət bildirən politoloq vurğulayıb ki, bəyanatın heç bir gücü yoxdur: "Çünki KTMT-nin bir çox üzvlərinin Azərbaycanla münasibətləri yaxşıdır və onlar heç bir halda Azərbaycana qarşı addımlar atmayacaqlar. Yaxın bir il ərzində ya bu bəyanat təkzib ediləcək, ya da Bordyujanın özü haqqında ciddi ölçü götürüləcək. Çünki bu məsələyə Azərbaycan hökuməti biganə yanaşmayacaq. Eyni zamanda bu yaxınlarda Ermənistan prezidenti təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin dağılması üçün əsas olub. Biz uzun müddətdir dünyaya çatdırmaq istəyirik ki, ermənilər konfliktogendir, onlar heç bir dövlətin tərkibində həmin dövlətə sədaqətlə yaşamayıblar və hər dəfə həmin dövləti içdən dağıtmağa cəhd ediblər. Bu dəfə erməni prezident özü bunu sübuta yetirdi".
Politoloq hesab edir ki, görüş yerinin seçilməsi də təsadüfi deyil: "Kazan Tatarıstanın paytaxtıdır. Yəni bu ad ermənilərdə allergiya yaradacaq. Lakin mən Kazanın ermənilərlə bağlı digər xatirələrinə toxunmaq istərdim. Yəni ruslar ermənilərə 2-ci dəfədir ki, mesaj verirlər. Ermənistan rəhbərliyi öz dəmir yollarını Rusiyanın idarəçiliyinə verdikdən sonra rəsmi Moskva o idarənin başına milliyətcə rus olan şəxsi qoyub. Ermənistandakı ermənilər o adamı yola vermədilər. Ermənistan dəmir yollarının rəhbərini sıxışdırdılar. Əvəzində Rusiya gözlənilmədən bir addım atdı. Şövkət Şaydulini gətirdi, Ermənistanda Dəmiryolları İdarəsinin başına rəhbər qoydu. Bu gün ermənilər tatar türkü ilə danışıqlar aparmağa məcburdurlar. İndi daha çox bu versiyanı əsas götürürəm. Çünki Rusiya çalışacaq ki, Kazanda bu sənədi imzalatdırsın ki, bundan sonra Ermənistan heç bir artıq-əskik hərəkət etməsin. Görüşün Kazana təyin edilməsi və sənədlərin Kazanda imzalanması Rusiya rəhbərliyinin Ermənistan hakimiyyətinə ciddi mesaj kimi qəbul etmək olar. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, prezidentlərin görüşündə bütünlüklə hamının bir şeyə ümidi və ehtiyacı var. Bu ehtiyac olan şey Ermənistanın ağıllanmasıdır.Yerlə göyün birləşməsi nə qədər yaxındırsa, Ermənistanın da ağıllanması bir o qədər də ehtimal olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB