Prinsipial mövqeyimizi Rusiyaya çatdıracağıq" - EKSPERT MÜNASİBƏT Bildirdi

“Həm Rusiya, həm də dünyanın digər aparıcı ölkələrini post-münaqişə dövrü maraqlandırır və təbii ki, bu da bizi narahat etməyə bilməz. Çünki hələ də öz həllini tapmayan məsələlər var. Lavrovun Bakı səfəri zamanı azərbaycanlıların işğaldan azad olunmuş ərazilərə qayıtması, həmin ərazilərdə inşaat-bərpa işləri, ermənilərin "əsir" adlandırdığı diversantların geri qaytarılması, eyni zamanda sülhməramlıların fəaliyyəti ilə də bağlı ciddi söhbətlər olacağını düşünürəm”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Ekspertin sözlərinə görə, onların bir sıra addımları, bəzən funksiyalarını aşması, sülhməramlı kimi yox, ora gələn və erməniləri müdafiə edən qüvvə kimi özlərini aparması gözardı ediləcək məsələ deyil: “Lavrovun Bakı səfəri zamanı bu kontekstdə Azərbaycan Rusiya münasibətlərinin real vəziyyəti və bundan sonrakı inkişafı kimi məsələlər kompleks şəklində danışıqlarda öz əksini tapacaq. Onu da qeyd etmək lazımdır ki, Lavrov Yerevan səfərindən sonra Bakıya gəlir. Görünür, orada da müəyyən məsələlər müzakirə edilən məsələləri də gündəmə gətirmək istəyir. Lakin biz birmənalı şəkildə çatdırmalıyıq ki, bizim torpaqlarımızda baş verən hadisələr bizə məxsus məsələlərdir və heç bir dövlət burada özbaşınalıq etməməli, bundan sonra ermənilərin başlarından sığallamamalıdır”.

F.Sadıqov vurğulayıb ki, Azərbaycan ilk növbədə öz strateji maraqlarına uyğun siyasət aparmalıdır: “Öz maraqlarımıza cavab verən addımlar isə regionda sülhün-stabilliyin yaranmasıdır. Bu təhlükəsizliyi pozan, bu stabilliyə zərbə vuran erməni tərəfidir. 9 maddədən ibarət qəbul olunmuş bəyanat yerinə yetirilməlidir. Düşünürəm ki, biz Rusiya ilə normal münasibətləri saxlayacağıq və öz prinsipial mövqeyimizi onlara çatdıracağıq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...