Qafqazın incisi Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək TƏHLİL

Prezident İlham Əliyev: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!”

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Azərbaycan torpaqları işğaldan azad edildi. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Şuşanın azad olunduğunu bildirib: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Cənab İlham Əliyev qeyd edib ki, biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! "Bu 17 il ərzində Mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək", deyən dövlət başçısı bunun asan məsələ olmadığını qeyd edib: "O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq". Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökmüş oldu. Xalqa müraciətində "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim", deyən dövlət başçısı bildirib ki, ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim: "Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

Əlbəttə ki, Şuşa işğal altına düşəndə Azərbaycan belə gücə malik dövlət deyildi. Azərbaycan iqtisadiyyatı böhran dövrünü yaşayırdı, ölkədə də hərc-mərclik hökm sürürdü. 1992-ci ilin 8 may tarixində Şuşa işğal olundu. Erməni xəyanətinin nəticəsi kimi, Şuşa kimi möhtəşəm şəhər XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. Ötən əsrin əvvəli 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qalıb və yandırılıb. 1920-ci ildə şəhərin xeyli hissəsi ermənilər tərəfindən dağıdılıb. 3-cü dəfə 1992-ci ilin mayında ermənilər bu şəhəri tamamilə işğal edilib. İşğal zamanı 1860 azərbaycanlı yaralanıb, 480-i həlak olub, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən, Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşid Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən, Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Ermənilər insanlığa sığmayan vəhşiliyə də əl ataraq, Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini belə güllələyiblər.İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

"ŞUŞA İŞĞAL ALTINA DÜŞƏNDƏ BİZİM ƏSAS PROBLEMLƏRİMİZ HƏM O İDİ Kİ, ORDUMUZ YOX İDİ"

Şuşa müqəddəs bir şəhərdir. Biz bilirdik ki, bu işğal tarixi müvəqqətidir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, ölkənin gücü, iqtisadi inkişafı, dünya birliyində yeri və milli ordusu şuşalıları Şuşaya qaytaracaqdı. Belə də oldu. "Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi", deyə Ali Baş Komandan vurğulayıb.Bu gün işğaldan azad olunan Şuşada Azərbaycan bayrağı ucalır. Şuşa məscidində azan səsi eşidilir, işığı ətrafa yayılır. Çox keçmədi ki, Böyük qayıdışın qısa bir zamanında Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı və çəkilişinə başlanıldı. "Bu yolun çox böyük əhəmiyyəti var" deyən Cənab Prezident bildirib ki, bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.

"DÜNYA TARİXİNDƏ BUNA OXŞAR VƏHŞİLİK BƏLKƏ DƏ OLMAMIŞDIR"

Bütün məscidlərimiz erməni vəhşiliyinin nəticəsidir ki, dağıdılmışdır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən XIX əsrin ikinci yarısında Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. Şuşa mağarası, Şuşanın qala divarları, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi də ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində olarkən dövlət başçısının bildirdiyi kimi, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir: "Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam".Cənab Prezident tezliklə Vaqifin məqbərəsində bərpa işləri başlanacağını bildirmişdi: "Bu gün bərpa işlərinə start veriləcək". "Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə", deyə Cənab Prezident bildirib. Artıq bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edir.İşğaldan azad olunan məkanlarda məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib və ilkin araşdırmalar aparılır. Ermənilər Şuşada 30 il ərizində bütün tarixi abidələrimizə qarşı dağıdıcı mövqedə olublar. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olan tarixi sarayı da dağıdıblar. "Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər".

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün ərazilərdə olan tarixi-dini abidələrimiz bərpa olunacaq. Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur layihələr icra olunur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə