Bakı-Xırdalan-Sumqayıt elektrik qatarı bərpa olunur? QURUM RƏSMİSİ AÇIQLADI

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarı bərpa olunur? QURUM RƏSMİSİ AÇIQLADI

Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarının fəaliyyətə başlayacağı tarix açıqlanıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-ya müraciət etdik. Qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova SİA-ya açıqlamasında bunları deyib: “Mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarı sərnişin daşımalarını bərpa edəcək. Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub. Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq”.

Natəvan Bayramova həmçinin Ramazan bayramı ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt sürət qatarının hərəkət intervalından da danışıb: “Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 9 may saat 00:00-dan 16 may 06:00-dək hərəkətdə olmayacaq”.

Qeyd edək ki, sözügedən xətt üzrə qatarlar 8 və 16 may tarixlərində tam iş günü cədvəli üzrə hərəkət edəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə