"Əgər, milli təhlükəsizlik maraqlarımıza təhdid amili varsa..." - EKSPERT RƏYİ
“Ermənistan Rusiyanın həm Avrasiya İqtisadi Birliyi, həm də KTMT üzrə müttəfiqidir. Bu mənada biz Rusiyanın Ermənistanla münasibətlərinin mahiyyətinə və xarakterinə hər hansı formada müdaxilə və ya təsir etmək fikrində deyilik. Çünki beynəlxalq hüquqa görə dövlətlər bir-birlərinin daxili və xarici siyasəti ilə bağlı məsələlərə müdaxilə etmirlər. Digər tərəfdən də Ermənistan Azərbaycana təcavüz etmiş dövlətdir və məhz Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında bölgədə yenidən atəşkəsin bərpa edilməsi, işğalçı erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə əlaqədar öhdəliklər götürülüb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Siyasi şərhçi bildirib ki, Rusiya bölgədə dayanıqlı sülhün və sabitliyin təmin olunmasında məsuliyyəti öz üzərinə götürüb: “Bölgəyə münaqişə tərəflərinin razılığı ilə sülhməramlılar göndərilib. Bu kontekstdə araşdırmalar Rusiyanın separatçıları bu yolla silahlandırdığını ortaya çıxararsa, bu ümumiyyətlə bütün Azərbaycanla münasibətin xarakterinə və mahiyyətinə təhdid, həm də təziq ampulasında qəbul olunar. Əlbəttə, bu məsələlər arzuolunmazdır və görünür rəsmi Bakı bununla bağlı rəsmi Moskvaya müəyyən ismarıclar göndərə, məsələlərlə bağlı aydınlıq gətirilməsini xahiş edə bilər. Lakin yenə də qeyd edirəm ki, Ermənistan Rusiyanın müttəfiqidir. Ermənistan iqtisadiyyatının təxminən 60 faizi Rusiyadan asılı vəziyyətdədir və eyni zamanda Rusiyanın Ermənistanda hərbi bazaları var. Güman edirəm ki, Rusiya bütün hallarda həm öz müttəfiqinin, həm də Ermənistan ərazisindəki hərbi bazalarının silah-sursatla təmin olunması və ya onların ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərdə çıxış edərək bu mövzunun daxili işi olduğunu bəyan edəcək”.
E.Manafov vurğulayıb ki, İran ərazisindən tranzit yol kimi istifadə olunması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan da Naxçıvanla münasibətlərini İran ərazisi ilə həyata keçirib: “Çünki bizim hazırda Naxçıvanla quru yolumuz yoxdur və Zəngəzur dəhlizi açılanadək biz yenə də İrandan tranzit ölkə kimi istifadə edəcəyik. Əgər, İranla razılaşdırılıbsa, Rusiyanın da İran ərazisindən tranzit yol kimi istifadə etməsində hüquqi anlamda ciddi problem yoxdur. Əlbəttə, siyasi və geosiyasi mənada bütün bunlar Azərbaycan cəmiyyətini narahat etməyə bilməz. Rusiyanın Ermənistanla münasibətlərində azacıq da olsa, milli təhlükəsizlik maraqlarına təhdid amili varsa, rəsmi Bakı diplomatik kanallar vasitəsilə Rusiyadan aydınlıq gətirilməsini xahiş edə bilər. Lakin, narkotik vasitələrinin daşınması məsələsi öz təsdiqini taparsa, bu məsələyə aydınlıq gətirilməlidir. Güman etmirəm ki, rəsmi Moskva və rəsmi İranın birbaşa iştiraki ilə narkotik vasitələr daşınır. Belə bir şey varsa, bu qaçaqmalçılıq yolu ilə baş verə bilər. Azərbaycan da narkotik vasitələrə qarşı mübarizə açmış bir dövlət kimi bu məsələyə münasibət bildirə bilər. Bütün hallarda bu məsuliyyət Rusiya və İranın hüquq-mühafizə orqanlarının üzərinə düşür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB