“Qarabağda yaşıl zonaların yaradılması çox əhəmiyyətlidir” İQTİSADÇI YENİLİKLƏRDƏN DANIŞDI

“Cənab Prezident tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun qurulması və yaşıl zonaların yaradılması barədə Sərəncam imzalanıb. Artıq qarşıya hədəflər də qoyulub”. Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər Azərbaycanda istehsal olunan enerjinin təqribən 30 faizi bərpa olunan enerji mənbələrindən ibarət olacaq: “Qarabağda yaşıl zonaların yaradılması çox əhəmiyyətli məsələdir. Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazidə iki iqtisadi rayon yerləşir - Yuxarı Qarabağ və Kəlbəcər Laçın iqtisadi zonası. Həmin o iqtisadi rayonlar erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra tamamilə Azərbaycanın nəzarətindən çıxmışdır. 30 il ərzində erməni qəsbkarları Azərbaycanın bütün təbii sərvətlərini, tarixi-mədəni abidələrimizi, mədəni irsimiz istismar ediblər”.

Ekspert onu da bildirib ki, 30 il ərzində Ermənistan və onların himayədarı olan bəzi şirkətlər Azərbaycana 500 milyarddan artıq zərər vurublar: “Nəzər salsaq görərik ki, Ermənistanın ən böyük vergi ödəyicilərinin siyahısında xarici şirkətlər yer alırlar. Hansı ki, bu şirkətlər 30 il ərzində işğal altında saxladıqları torpaqlarda ölkəmizin xammalını talan ediblər. Bunların hər biri Azərbaycanın Zod və Vernəli qızıl yatağından böyük həcmdə xammal talan ediblər. Bir sözlə, həmin ərazilərdə iqtisadi rayonların inkişafını təmin etmək üçün infrastrukturun yenidən qurulması çox önəmlidir və Azərbaycan dövləti bu istiqamətdə lazımı addımları atır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə