Xarici işlər nazirinin müavini: “Azərbaycanla Avropa İttifaqı arasında yeni bir layihə həyata keçirilir” - MÖVQE

Xarici işlər nazirinin müavini: “Azərbaycanla Avropa İttifaqı arasında yeni bir layihə həyata keçirilir” - MÖVQE

"Şərq Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında bəzi məsələlər müzakirə olunur. İlk növbədə assosiativ sazişinin hazırdlanması istiqamətində danışıqlar gedir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, bu istiqamətdə növbəti plenar iclas iyunun axırı-iyulunun əvvəllərində olacaq. Ancaq bu müddət ərzində video-konfranslar vasitəsilə danışıqların aparılacağın deyən M.Məmmədquliyev vurğulayıb ki, burada sənəd və təkliflər müzakirə olunacaq: "Mən deyə bilmərəm ki, bu son görüş olacaq. Bu məsələdə görüləsi çox işlər qabaqdadır".

M.Məmmədquliyev qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni bir layihə həyata keçirilir. Onun sözlərinə görə, bir neçə qurumların iştirak etdiyi "İnstitutsional ehtiyacların qurulması" adlı layihə ticarət, ədliyyə və dövlət qulluqçularının hazırlanması sahələrini əhatə edir: "Artıq bu proqram öz işini başlayıb. İndi müvafiq məlumatlar toplanır. Sonradan isə hər 3 istiqamət üzrə islahatlar proqramı hazırlanacaq və Azərbaycanda tətbiq olunacaq".

Nazir müavini qeyd edib ki, digər ən böyük məsələ insanların bir-birilə kontaktları, mobillik məsələsidir. Onun sözlərinə görə, burada əsas məsələ vizaların sadələşdirilməsi və readmissiya məsələləridir: "Biz gözləyirik ki, ilin ikinci yarısında Avropa İttifaqı müvafiq danışıqların başlanması üçün öz razılığını verəcək. Razılıq əldə olunduqdan sonra bu məsələlərə başlayacağıq. Qeyd edim ki, iyunun ortalarında Avropa İttifaqı ilə Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində təhsil və səhiyyə sahəsində yeni yaradılan IV alt komitənin birinci iclasının Bakıda keçirilməsi gözlənilir. Sentyabrda isə Əməkdaşlıq Komitəsinin növbəti iclası Bakıda keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə