"Belə olmasaydı erməniləri öz torpaqlarımızda saxlamazdıq" MDTF RƏSMİSİ ŞƏRH ETDİ

"Azərbaycan Vətən müharibəsindən sonra öz torpaqlarını işğaldan azad etdi. Şübhəsiz ki, biz müharibənin gedişində və müharibədən sonra işğal edilmiş torpaqlarımızda erməni vandalizminin ən acı nümunələri ilə tanış olduq". Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev deyib.

MDTF-nın rəsmisi vurğulayıb ki, 70-ə yaxın məscidimiz yerlə yeksan edilib: "O cümlədən alban irsinin daşıyıcısı olan kilsələrin ya təyinatı dəyişdilərək süni şəkildə ermənləşdirilib, ya da həmin kilsələr eyni şəkildə baxımsız formada qalıb və təhqir edilib. Ümumiyyətlə, Azərbaycanın milli mənəvi-dəyərlər sistemində bütün dinlərə hörmət, ehtiram öz əksini tapıb. Hazırda Şuşada "Qazançı" kilsəsinin bərpası Azərbaycanın nə qədər multikultural və tolerant dəyərlərə sahib olduğunun göstəricisidir. Bakı şəhərinin mərkəzində "Fəvvarələr Meydanı" adlanan ərazidə erməni kilsəsinin qorunduğunu, onun içində ermənilərə məxsus ədəbiyyatların saxlandığının da canlı şahidiyik.

Azərbaycanlıların milli kimliyində, təffəküründə bütün dinlərə hörmət və rəğbət var. Biz müsəlman ölkəsiyik. Lakin eyni zamanda bütün din nümayəndələri - xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri və mənsubları rahat şəkildə yaşayırlar və bizim vətəndaşımızdırlar. Hətta Vətən müharibəsində canlı şahidi olduq ki, bütün dinlərin, etnik qrupların və xalqların nümayəndələri Azərbaycanın şanlı bayrağı altında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızı azad etmək uğrunda döyüşdə iştirak etdilər. Şübhəsiz ki, Heydər Əliyev Fondunun da dini abidələrimizin bərpasında müstəsna xidməti var. Ümumiyyətlə, Heydər Əliyevin Fondu nəinki Azərbaycanda bütün dünyada insanpərvərliyin, sülhsevərliyin, hümanizmin daşıyıcısı və təşəbbüskarıdır. Biz işğaldan azad edilmiş torpaqlarımızda ümumbəşəri irsin qorunub saxlanması üçün əlimizdən gələni edirdik. Burada hansısa dini məbəd ayrı-seçkiliyi yoxdur. Bunların hər biri dövlətin himayəsi altındadır. Ali Baş Komandan həmin ərazilərə səfərləri zamanı dəfələrlə şahidi olmuşuq ki, həmin məbədlərlə bağlı öz fikrini bildirib və onların dövlət tərəfindən ən yüksək səviyyədə qorunacağının təminatını verib. Ermənistanın həmişə bu məsələdə Azərbaycana qarşı ittihamlar irəli sürməsinə baxmayaraq, dünya ictimaiyyəti Azərbaycanın nə qədər müdrik dövlət olduğunu, Azərbaycan xalqının nə qədər insanpərvər, sülhsevər xalq olduğunun şahididir. Belə olmasaydı erməniləri öz torpaqlarımızda saxlamazdıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...