Türkiyə-Azərbaycan - Sınaqlardan çıxmış qardaşlıq birliyi

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” reallığın təcəssümüdür

El arasında gözəl bir məsəl var: “Yaxşı dost dar gündə sınanar!”. Bu deyimi, təkcə fərdi-insani münasibətlərə deyil, həmçinin xalqlar, dövlətlər arası münasibətlərə də şamil etmək olar. Yaxın keçmişdə erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər danılmaz bir həqiqəti – Azərbaycan Türkiyə arasındakı qədim dostluq-qardaşlıq bağlarını bir daha yenilədi, bu bağların əbədi və sarsılmaz olduğunu göstərdi. Çünki onların kökləri çox dərindədır. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.

Həyatımızın hər sahəsində izi görünən, nəfəsi duyulan ümummilli liderimiz Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi – “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan və Türkiyə xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə daim üstünlük verərək, bu əlaqələri “bir millətin iki dövləti” kimi qiymətləndirmişdir. Dahi şəxsiyyət Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğunun ən böyük sərvətimiz olduğunu bildirmişdi.

Türkiyə və Azərbaycan qardaş xalqlar kimi hər zaman bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçmiş, hər iki xalqın liderində – ulu öndər Heydər Əliyevdə və Mustafa Kamal Atatürkdə çox güclü iradə, xalqı irəliyə aparmaq əzmi olmuşdur. 1920-ci ildə Ankarada Azərbaycan hökumətinin səfirliyi açılarkən Azərbaycan bayrağını öz əli ilə qaldıran Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir”.

Bəli, bu dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Bu gün hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır, hər iki dövlət eyni yolu yaşayır.

Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Bu gün hər iki xalqın nümayəndələri müdrik siyasi xadim Heydər Əliyevin bu sözlərinə sadiqlik nümayiş etdirdilər. Bütün dünyaya bir daha məlum oldu ki, bu tarixi ifadə sadəcə olaraq sözdən ibarət deyildir. Bu tarixi kəlam iki dost və qardaş ölkənin yolunu daha da işıqlandırıb, bütün sahələr üzrə inkişafı yeni mərhələyə çatdırıb.

Bir millət, iki dövlət”in böyük zəfəri

Dövlətimiz bütün dünya ölkələri, xüsusən də region ölkələri ilə həmişə sülh və qarışılıqlı əməkdaşlıq şəraitində yaşamağın tərəfdarı olsa da, qonşu Ermənistan dövlətinin yeritdiyi işğalçılıq siyasəti üzündən uzun illərdir ki, regionda sülh, sabitlik, əmin-amanlıq pozulmuşdur.

Odur ki, dünyanın böyük ölkələrində özlərinə yetərincə havadar toplayan ermənilər 1986-cı ildən bu yana beynəlxalq hüquq normalarını açıq-aşkar çığnayaraq yeritdiyi işğalçılıq siyasəti, qondarma “Dağlıq Qarabağ” problemi və Türkiyəyə qarşı bədnam “erməni soyqırımı” ilə bağlı cəfəng iddiaları ilə regionda münasibətlərin normallaşmasına əngəl olurdu. Ulu öndərimizin uzaqgörən siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə siyasəti bu beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işi 44 gündə zəfərlə həll etdi. Prezidentimizin başçılığı ilə xalqımız öz vətəninin, dövlətinin müdafiəsinə qalxdı və ermənilərdən işğal etdikləri torpaqlarımızı geri aldıq.

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq”

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı”. Bu fikirləri Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən söyləyib.

Müharibənin ilk saatlarından başlayaraq Türkiyənin və onun Prezidentinin Azərbaycana mənəvi və siyasi dəstək verdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır”.

Prezident vurğulayıb ki, əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər.

Bu gün Türkiyə ilə Azərbaycan bütün sahələr üzrə – siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin birgə təhsili və bir-birilərinə köməyi sayəsində iki ölkə böyük bir həmrəylik içərisindədir. Beynəlxalq tədbir və görüşlərdə ölkələrimiz eyni maraq və mənafedən çıxış edərək bir-birini daim dəstəkləyirlər. İki ölkə arasında həm də strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanması, hərtərəfli təhlükəsizlik problemlərinin birgə həll edilməsi və qarşılıqlı inkişafın təmin edilməsi zərurəti türk dünyasını da birləşməyə sövq edir.

Tarixi həqiqətlər göstərir ki, Azərbaycan-Türkiyə dostluğu etibarlı dəyərdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi: “Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir... Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”.

Bəli, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”i hələ çox Zəfərlər gözləyir! Çünki bu gün Ulu Öndər Heydər Əliyevin adı türk dünyasının birlik rəmzidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...