Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlayan qüdrətli Lider - Heydər Əliyev

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşırlar. Çünki bu şəxsiyyətlər o şəxsiyyətlərdir ki, yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparır və bununla da adlarını əbədi olaraq tarixə yazırlar. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqımızın müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görən dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır, şərəfli ömür yolundan iftixar hissi keçirirlər. Çünki Heydər Əliyev müstəqil Azərbaycanımızın qurucusu və memarıdır.

1969-cu il 14 iyul – müstəqil və güclü Azərbaycanın əsasının qoyulduğu tarix

Daim doğma xalqının böyük təəssübkeşi olmuş Ulu Öndər Heydər Əliyev elə bir vaxtda, elə bir mürəkkəb tarixi şəraitdə Azərbaycana rəhbərlik etdi ki, həmin illərdə ölkəmiz SSRİ-nin əyalətlərindən biri kimi baxılırdı, 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrində geriləmə muşahidə olunurdu.

Ulu Öndər Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi, xalqımızın taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda, ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarix oldu. Ulu Öndər Heydər Əliyev bütün ömrü boyu xalqının firavan yaşaması, ölkəmizin keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahat proqramları həyata keçirmiş, bir sözlə, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoymuşdur.

Bundan əvvəl Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışan Ulu Öndər hələ bu orqanda fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev qısa bir zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Bu ümumdünya miqyasında yekdilliklə qəbul edilmiş bir həqiqətdir ki, Azərbaycanın bir əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyinə gedən yolun təməli məhz 1969-cu ildən etibarən qoyulmuşdu. Həmin illərdə həyatın müxtəlif sahələrində baş vermiş dirçəliş milli-azadlıq ideyalarının da canlanmasına səbəb olmuşdu. Siyasət dahisinin müdrik uzaqgörənliyi nəticəsində Azərbaycan Respublikası həmin illərdə bugünkü müstəqillik dövrü üçün hazırlanmışdır. Müstəqilliyə qovuşmaq məqsədi ilə reallaşdırılan həmin tədbirlər nəticəsində Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuş,milli kadrların hazırlanması məqsədilə Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 3500 azərbaycanlı gənc göndərilməsi isə ölkə gənclərinin inkişafına böyük təkan verdi. Həmçinin, ulu öndər respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atmış, Moskvadakı bəzi qüvvələrin etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin açılmasına nail olmuşdu. Heydər Əliyev təkcə Azərbaycanda hərbi təhsil alan gənclərin deyil, eləcə də SSRİ-nin ali hərbi məktəblərinə respublikamızdan göndərilən gənclərin böyük əksəriyyətinin məhz azərbaycanlı yeniyetmələr olmasını xüsusi diqqət mərkəzində saxlayırdı.

Ulu öndərin gərgin əməyi nəticəsində, Azərbaycan onun hakimiyyətinin birinci erasında-1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail oldu, Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Ulu Öndərin bu fəaliyyəti ilə təkcə, İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı.

Ulu Öndər Heydər Əliyev – neft sənayesinin inkişaf mərhələsi

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi. Ulu öndərin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxardı. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da Azərbayacan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlanıldı. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tankeri dünya bazarlarına çıxarıldı. Ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılmasından ibarət idi.

Ulu öndər Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Ulu öndərin qəti əzmkarlığı və Türkiyə, Azərbaycan və Gürcüstan dövlətlərinin birliyi nəticəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu. Bir sözlə, ümummilli lider Heydər Əliyevin onillik prezidentliyi dövründə ölkə kökündən dəyişmiş, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanılmışdır. Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm ölkənin sadə vətəndaşları, həm də qlobal miqyaslı mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir. Məhz Heydər Əliyev şəxsiyyəti, onun xarizması, iradəsi, təcrübəsi göstərilən dövrdə bizim üçün “millət”, “dövlətçilik”, “idarəçilik sistemi”, “hakimiyyət”, “inkişaf etmiş iqtisadiyyat”, “mənəvi dirçəliş”, “liderlik”, “transformasiya”, “çoxvektorluluq” kimi sistem dəyərlərin təşəkkülündə və möhkəmlənməsində mühüm rol oynadı.

Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil etmiş və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılmışdır.

1993-cü il 15 iyun – Müstəqilliyimizin Qayıdışı - Xalq-İqtidar birliyi

1993-cü ilin iyun ayının 15-i Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmış bir ölkə olaraq «ölüm-qalım» dilemması qarşısında qaldığı bir dövr. Bu, elə bir dövr idi ki, artıq qardaş qırğınının başlanması işartısı daha genişlənirdi. Ölkədə təsadüfən hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün səriştəsiz siyasi qrupları çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin ikinci dəfə siyasət səhnəsinə qayıdışına nail oldu. Elə həmin anda da düşmən düşərgəsində təcrübəli bir siyasətçi "biz batdıq" naləsini çəkdi. Həyat həmin erməni kommunist siyasətçinin haqlı olduğunu sübut etdi! 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi.

Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun Ulu öndər haqqında dedikləri də diqqəti çəkir: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir... Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir... Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir". Bu fikirlərdə aydın şəkildə göstərilib ki, Heydər Əliyev tarixi və əfsanəvi bir şəxsiyyət kimi müasir dövrün ən aktual çağırışlarına hazır olub.

Xalqın alternativsiz liderinə çevriləcək davamçı layiqli varis – İlham Əliyev

Fəaliyyəti ilə zamanın və məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur. "Əsl siyasət – konkret, real iş görməkdən ibarətdir" – deyərək fəaliyyətə başlayan Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq qalaraq, öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirib.

2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də üzərinə götürmüş İlham Əliyev ona göstərilən etimadı fəaliyyəti ilə hər zaman doğruldur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə çalışır. Təkcə onu demək kifayətdir ki, respublikamız son prezident seçkilərindən sonra daha da güclənib, zənginləşib, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atıb, insan amili faktoru isə həyata keçirilən siyasətin ana xəttində yer almaqdadır.

Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı" – deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.

Bu gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Yəni Heydər Əliyev siyasəti bu gün də Azərbaycanın hərtərəfli inkişafına xidmət etməkdədir.

Və bu gün onu da vurğulamaq lazımdır ki, Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Və əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti müddətində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir və uğurlara aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Məşhur Məmmədov,

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...