9 may Paradına loyal yanaşma TƏHLİL-YENİ FAKTLAR

9 may Paradına loyal yanaşma TƏHLİL-YENİ FAKTLAR

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları 1941-1945-ci il Böyük Vətən müharibəsində əldə olunan Qələbəyə həsr olunan təntənəli keçid üçün çoxdandır məşqlərə başlayıb və bu da məntiqi olaraq onu göstərir ki, sülhməramlılar 9 may paradı keçirmək qərarındadır. Təkcə məntiqi olaraq bu qənaətə gəlinmir və artıq bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında da yerləşdirilib və bildirilib ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub.

Məsələ burasındadır ki, Rus hərbçilərinin Xankəndində parad keçirmək üçün hazırlaşması birmənalı qarşılanmır. Siyasi ekspertlərin bəziləri inidiki həssas məqamda Qarabağ ərazisində hansısa hərbi tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etmirlər. Nəzərə alsaq ki, sülhməramlıların yerləşdirildiyi ərazilər yenicə işğaldan azad edilib və ermənilər müxtəlif qaranlıq fikirlər səsləndirirlər, məhz ona görə də, bu ekspertlərin məlum qənaəti də anlaşılandır.

Onsuz da 9 mayı sülhməramlı kontingentin qeyd edəcəyini Azərbaycan tərəfi əvvəlcədən də bilirdi. Sirr deyil ki, Rusiya dünyanın müxtəlif bölgələrindəki hərbi birləşmələrində belə tədbirlərə hazırlaşıb hər zaman və bu il də eyni şəkildə hazırlıqlar görülür. Bu hazırlığın və parad keçirlməsinin mahiyyəti də ondan ibarətdir ki, Rusiya rəsmiləri, Kremldə oturanlar üçün rus xalqının vətənpərvərlik ruhunu qüvvədə saxlamaq çox vacib hesab olunur. Ümumiyyətlə, Rusiya rəsmiləri üçün ciddi əhəmiyyət kəsb edən iki-üç bayram var ki, bunlardan biri də 9 may sayılır və bu bayramın daha böyük əhəmiyyət kəsb etməsinin arxasında bir çox məqamlar var. Hazırda fövqəldövlətlər arasında olan rəqabətin fonunda Rusiyanın da öz strategiyası ola bilər və olmalıdır da. Elə bu baxımdan da Rusiya üçün qələbə günü prinsipial əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqunun bu barədə, yəni, bütün hərbi kontingentlərin bayram etmələri, parad keçirmələri barədə qərarı var.

Son illərdə görürük ki, şimal qonşumuz Rusiya Qərb dünyası ilə dəfələrlə bu zəmində siyasi cəhətdən toqquşmalarla qarşılaşır. Çünki, Qərb düşünür ki, 9 may qələbəsini qeyd etməyə hüquqlu olan SSRİ artıq yoxdur və onun yerində sadəcə süqut edən dövlətin varisi olan Rusiya qalır ki, əslində Rusiya heç də faşizmlə mübarizədə tək deyildi və bu paradda digərlərinin də haqqı var. Məqamında qeyd edək ki, Qərb belə düşünməkdə haqlıdır da. Məsələn, bu gün rusların parad keçirmək üçün hazırlaşdığı tarixi qələbədə bizim də payımız, Azərbaycanın da payı var. Təqribən 600 minə yaxın azərbaycanlı bu dəhşətli müharibədə iştirak edib və bunların da yarısı elə müharibədə də həlak olub. Heç kim üçün sirr deyil ki, Azərbaycan neftinin həmin müharibədə yanacaq kimi böyük rolu olub və müharibədə neftin, yanacağın böyük hissəsinin təminatçısı məhz Azərbaycan olub. Bunu ruslar da, digərləri də çox yaxşı bilirlər və bu baxımdan razılaşarlar ki, bəli, bizim də bu qələbədə, paradı keçirməkdə, iştirak etməkdə böyük haqqımız var.

Heç şübhəsiz ki, Rusiya rəsmiləri harada keçirilməsindən asılı olmayaraq, bu paradı keçirməklə dünyaya mesaj vermək niyyəti güdürlər. Yəni, Kreml bununla qalib olduğunu hər ilin 9 may tarixində dünyaya xatırladır və bəyan edir ki, bu məsələdə də rusların xüsusi maraqları var. Özəlliklə, Rusiyaya qarşı dünya ölkələrinin bir araya gəlib sanksiyalar, qadağalar tətbiq etdiyi bir dövrdə ölkənin rəsmiləri qeyd olunan həmin o qalib mesajını verməkdə çox maraqlıdırlar ki, bu da anlaşılandır.

Digər bir məqama da diqqət çəkmək yerinə düşərdi və xatlırlatmaq istərdik ki, 9 may tarixində bizim ərazilərimizdə keçirilən paradın ölkəmiz üçün heç bir təhlükəsi görünmür. Nəzərə çatdıraq ki, Rusiya hərbi kontingenti bizim beynəlxalq qanunlarla tanınan torpaqlardadırlar. Sühməramlılar bu ərazilərə Azərbaycan dövlətinin icazəsi ilə gəlib və özləri də bunun fərqindədirlər. Fərqindədirlər ki, onların həmin ərazilərə yerləşdirilməsi ilə bağlı tarixi sənəd var və həmin ərazilər onların ixtiyarına verilməyib, sadəcə, onlara sülhməramlı missiyasını yerinə yetirmələri tapşırılıb. Bilirlər ki, bu missiyanın həyata keçirilməsinə Azərbaycanın icazəsi olmasaydı, heç şübhəsiz ki, rus hərbi kontingenti bu gün Xankəndində olmazdı və onu da anlayırlar, anlamalıdırlar ki, onların missiyası humanitar fəaliyyətlə də məhdudlaşacaq.
Doğrudur, etiraf edək ki, bəzi hallarda sülhməramlılar öz fəaliyyətlərində bəzən həddi aşma hesab olunan məqamlara, hərəkətlərə də yol verirlər. Bəzən sülhməramlıların hərəkətlərində anlaşılmazlıq da olur. Amma, qəbul edək ki, hansısa ölkənin sülhməramlısına, vətəndaşına özününkü saydığı bayramı keçirmək qadağası qoymaq olmaz və bu beynəlxalq hüquq normalarında da qəbuledilməzdir. Məsələn, hansısa ölkə ona yad olan, amma Azərbaycan üçün doğma olan bayramın öz ölkəsi sərhəddi daxilində keçirilməsinə azərbaycanlılara qadağa qoya bilərmi və belə bir fakt olubmu?

Düzdür, sülhməramlı olaraq ərazilərimizə yerləşdirilən kontingentin missiyası bayram keçirmək deyildi və bunu keçirməyə də bilərdilər. Amma, onlara demək də olmaz ki, burada bayramlarını qeyd etmələri doğru deyil. Sadəcə olaraq, məsələyə anlayışla yanaşmaq daha yaxşı olar və elə bu bayramı necə keçirdiklərini izləmək də yetərlidir ki, başqa müəmmalı, anlaşılmaz niyyətlər, həddi aşma məsələsi olmasın. Əgər, qeyd olunduğu kimi, öz hərbi tarixlərinə ehtiramlarını bildirmək istəyirlərsə və onların hərəkətləri yalnız məlum tarixdə parad keçirilməklə məhdudlaşırsa, bu, elə həmin mənada da anlaşılandır və bu məsələyə rəsmi qaydada reaksiyaya ehtiyac yoxdur. Bir sözlə, parad bizim tərəfimizdən sadəcə, ciddi şəkildə diqqətlə izlənə bilər ki, bu zaman, özü də bu həssas dönəmdə sülhməramlıların parada hazırlaşmasına, yaxud həmin paradı keçirməsinə qıcıqla yanaşmaq yersizdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə