Azərbaycan Dövlət Neft Akademiyasında törədilən faciədən 12 il ötür ŞƏRH

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən faciədən 12 il ötür ŞƏRH

İyirmi birinci yüzillik bəşər sivilizasiyasının yüksək nöqtəsidir. Ağıl və idrakın sivil bir nöqtəyə yüksəldiyi zamanda insana sui-qəsdin edilməsi, düşünülmüş terrorun törədilməsi nə dərəcədə qəbul ediləndir? Amma əfsuslar olsun ki, dünya inkişaf etsə də, bu gün ağıla sığmayan terrorların, faciələrin baş verdiyinin şahidi oluruq. Nə qədər müasirləşsək belə insan qanının tökülməsinə susayan, bunu törətməkdən usanmayanlarla hələ də bir zamanda yaşayırıq. İnsanlıq əleyhinə çevrilmiş terrorların günahsız qurbanları olanların faciəli ölümləri hər kəsdə bir nifrət, qəzəb hissini oyadır.

30 aprel. Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 30 aprel, 2009-cu il tarixində baş vermiş faciənin törədildiyi gün. Həmin günü o zamanı yaşayan insanlar olduğu kimi yaxşı xatırlayır. Səhər saatlarında 9:30 radələrində keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsində qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan cinayətkarın birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər arasında təhsil ocağının professorları, müəllimləri, laborantları və tələbələri olublar. Yaralıların 3-ü xarici vətəndaşı idi: ikisi Sudan, biri isə Suriya. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayəti törətmiş 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlunun üstündən ona məxsus şəxsiyyət vəsiqəsi, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülüb. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.

Aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrıldı.12 il əvvəl baş vermiş dəhşətli terror hadisə hər kəsin qəlbində dərin iz buraxıb. Belə terror aktları neçə-neçə insan ömrünü yarımçıq qoyur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində faciə qurbanlarının xatirəsinə barelyef qoyulub. Hər il 30 aprel terror qurbanlarının xatirəsi yad edilir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə