Son günlər dünya gündəmini zəbt edən əsas məsələlərdən biri ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi oldu. Məlumdur ki, cənab Bayden bu ifadəni məhz 24 apreldə nə üçün istifadə edib. Sözsüz, ABŞ Konqresində, dövlət dairələrində erməni lobbisinin təsiri heç kimə sir deyil. Baydenin siyasi karierasına da nəzər salsaq görərik ki, o, bu mövzuda hər zaman canfəşalıq edən bir siyasətçi olub. Dünyaya özünü “demokratiyanın beşiyi” kimi tanıdan ABŞ bəs nə üçün 28 il öncə Xocalıda ermənilər tərəfindən vəhşicə qətlə yetirilən, soyqırıma məruz qalan insanlar barədə bir kəlmə belə söz deməyib? Əgər, biz demokratiyadan, insan haqlarından, ədalətdən danışırıqsa, niyə bu saydığımız məhfumlar məhz söhbət türklərə gəldikdə kor və topal olur? Ədalət varsa əgər, əsrlər boyu erməni vəhşiliyinin qurbanı olmuş azərbaycanlılar üçün də biz ədalət tələb edirik. Məsələ ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirdik. SİA həmin sorğunu təqdim edir:

Bakı sakini Gülbaba Muradov: "ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi açıqlamasını absurd hesab edirəm. İddia edilən kimi hadisə tarixdə baş verməyib. Tarixə nəzər salsaq görərik ki, əksinə türk xalqı qırğınlara məruz qalıb. Hər kəsə məlumdur ki, Bayden erməni lobbisinin təsiri altında bu ifadəni işlədib. Lakin sözügedən ifadənin heç bir hüquqi əsası yoxdur. Dəfələrlə Türkiyə prezidenti cənab Ərdoğanın arxivləri açmaqla bağlı çağırışına ermənilər tərəfindən müsbət cavab gəlməyib. Görünür, ermənilər tarixi həqiqətlə üzləşməkdən qorxurlar. Həmçinin əgər, soyqırımdan bəhs edilirsə, onda Bayden Xocalı soyqırımından niyə danışmır?".

Sakin Əmir Ələkbəroğlu: "29 ildir Xocalıda baş verən soyqırımını dilə gətirməyən Bayden, nə üçün tarixən araşdırılmamış bir iddianı “soyqırım” adlandırır? Bu cür fikirlər Azərbaycan cəmiyyətində də bir çox suallar doğurur. Bu məsələni araşdırmaq tarixçilərin işidir. Tarixi siyasiləşdirmək olmaz. Soyqırım dedikdə bizim ağlımıza gələn tarixin gördüyü ən böyük faciələrdən biri Xocalıda baş verən hadisələridir".

Şəhər sakini Rəsulov Baloğlan: "Saxta soyqırım iddiası Baydenin öz şəxsi fikridir. Bu bizə və bütöv Türk dünyasına bir həqarətdir. Çünki tarixdə türklər soyqırım etməyiblər. Düşünürəm ki, bu məsələyə təkcə Türkiyə və Azərbaycan deyil, bütün türk dünyası sərt reaksiya verməlidir. Biz Xocalı soyqırımını səsimiz çatan hər yerə çatdırmalıyıq".

Paytaxt sakini Zakir Rəhimov: "ABŞ həmişə bu məsələdən ehtiyat edib. Qondarma “erməni soyqırımı” ilə əlaqədar rəsmi ABŞ son illər bu cür kəskin ifadə işlətməyib. Co Bayden isə siyasi şəhvə yol verərək bu cür addım atdı. 29 il bundan öncə Xocalıda baş verən faciədə 613 nəfərin qırğınını Azərbaycan xalqı hələ də unutmur və bütün dünya bu soyqırımı bilir. Belə olan halda burada sual yaranır Bayden hansı prizmadan yanaşaraq bu cür ifadə işlədib".

Bakı sakini Sərxan Carçı: "Bu iş ABŞ-dakı erməni lobbisinin təsiri ilə baş verir. Biz hər 24 apreldə ABŞ prezidentinin “soyqırım” ifadəsini işlədib-işlətməyəcəyi barədə narahat oluruq. Birmənalı qarşılanmasa da mən istəyirdim ki, ABŞ prezidenti bu ifadəni işlətsin və biz Türk dünyası olaraq siyasətimizin istiqamətini dəqiqləşdirək. Düşünürəm ki, bu sadəcə olaraq Türkiyəyə təziq etmək, həzin külək kimi görünən Türk birliyinə qarşı hesablanmış bir çıxış idi. Düzdür, bu ABŞ-ın rəsmi qərarı deyil. Düşünürəm ki, əgər, ABŞ bu qondarma “soyqırımı” qəbul edəcəksə, bununla da özünün tarixdən bixəbər olduğunu göstərəcək".

Şəhər sakini Məryəm Qəhrəmanova: "Tarix boyu ermənilərin törətdikləri soyqırımları lənətləmişik. ABŞ-ın indiki prezidenti Bayden 11 il öncə başqa, indi isə başqa söz deyir. Sual olunur bəs, Xocalıda baş verən soyqırım barədə niyə danışmır? Qubada, Kəlbəcərdə və bir çox ərazilərdə ermənilər qırğınlar törədiblər. Niyə, bunlara düzgün siyasi qiymət verilmir dünya ölkələri tərəfindən? Əgər, ABŞ demokratik ölkədirsə, onda Xocalıda baş verənlərə də düzgün siyasi qiymət versin".

Amanşah Mustafayev: "Baydenin “soyqırım” ifadəsinə münasibətim çox mənfidir. Çünki Amerika özü Viyetnamda, Koreyada, İraqda soyqırımlar törədib. Türklər heç vaxt ermənilərə soyqırım etməyib. Tarix boyu ermənilər hara gediblərsə, deyiblər ki, bura bizim vətəndir. Orada yaşayan xalqları sıxışdırmağa və özləri bu ərazilərdə yerləşməyə çalışıblar. Xarici dövlətlər ermənilər sığal çəkə-çəkə o qədər azğınlaşdırıblar ki, onlar “dənizdən-dənizə Ermənistan” xəyalına düşüblər. Sonda isə vurğulayım ki, Baydenin bu fikrinin Türkiyəyə heç bir mənfi təsiri olmayacaq".

Bəxtiyar Tağıyev: "1915-ci il hadisələri heç də qələmə verildiyi şəkildə baş verməyib. Fikrimcə, soyqırım mövzusunda danışırıqsa, elə ilk öncə məhz ermənilərin özlərinin törətdikləri Xocalı Soyqırımından bəhs etməliyik. ABŞ prezidentinin bu bəyanatı kəskin şəkilə qınayır və pisləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB