Qalib Sərkərdənin azad olunmuş torpaqlara hər səfəri dünyaya mesajdır

Qalib Sərkərdənin azad olunmuş torpaqlara hər səfəri dünyaya mesajdır

Prezident İlham Əliyev: “Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq”

Hərbi əməliyyatların bitməsindən sonra Qalib Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara ardıcıl olaraq səfərlər etməsi, ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və hər dəfə də bu tarixi səfərlərlə dövlət başçımız 28 ildən sonra işğaldan azad olunmuş torpaqlarımıza hər dəfə ayaq basdığı zaman “Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağ Azərbaycandır! - deyir. Və bununla da Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsini bütün dünyaya mesajını göndərir.

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında səfər zamanı bir daha dövlət başçımızın yenə də azad olunmuş torpağa ayaq basaraq «öz torpağımıza gəlmişik”,-deyir.

“Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla”

Dövlətimizin başçısı, birinci xanım və qızları Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!» sözləri yazılmış lövhənin qarşısına gələrək Qalib Sərkərdə: «Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz “Cəbrayıla xoş gəlmişsiniz!» lövhəsini bərpa etdik. Sovet vaxtında bu abidə, - əgər belə demək mümkündürsə, - qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik”,-bildirib.

Azərbaycan sərhədçiləri ən yüksək nöqtədə yerləşiblər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Bildirildi ki, 5339 kvadratmetr ərazidə hərbi hissə yaradılmışdır. Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları da daxil edilir. Bildirilib ki, ermənilərin bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir.

Sonra Prezident İlham Əliyev yeni hərbi maşınlarla tanış oldu və onlardan birini idarə etdi. Həmçinin, dövlət başçımız hərbi hissənin idman zalından idmançılara mesajını verib: «Bunu çək, bu birini. Bu, ancaq isinmə hərəkətidir. Göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun və 59 yaşında bunları edə bilsin. İndi gəl bunu çək. İdmançılar bilirlər ki, burada bir az qaydaları pozmuşam. Ancaq 59 yaşında 40 kiloqramla qaydaları pozmasan olmur».

Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə növbəti sərt xəbərdarlığı

“Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhədboyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib”.

Bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışından sonra sərhədçilərlə görüşündə bildirib.

Azərbaycan-Ermənistan sərhədinin 500 kilometrə yaxın uzunluğu olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Bu sərhəd 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır”.

Ermənistanda baş qaldıran revanşist qüvvələrin yenə də Azərbaycana qarşı ərazi iddiası irəli sürdüyünü bildirən Prezident onlara sərt şəkildə xəbərdarlıq edib: «Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər».

“Azərbaycan-İran sərhədi dostluq və əməkdaşlıq sərhədidir”

Azərbaycan Prezidenti Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini bildirib: “İşğal altında olmuş 132 kilometr sərhəd bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlayıb. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca - həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır”.

«Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir», – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Xudafərin körpüsünü Azərbaycan-İran dostluğunun rəmzi adlandıran Prezident bu ərazinin düşməndən azad edilməsində sərhədçilərin xüsusi rol oynadığını bildirib. Qeyd olunub ki, məhz bu istiqamətdən başlamış azadlıq mübarizəmiz 44 gündən sonra Ordumuzun qələbəsi ilə nəticələnib. Bu ərazidə şiddətli döyüşlər getdiyini, hər gün irəlilədiyimizi vurğulayan Prezident deyib: «44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün Zəfər günü idi. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilməmişlər. Bax, bu istiqamətdə onlar əks-hücum əməliyyatı planlaşdırmışdılar və bunu həyata keçirməyə başlamışdılar. Amma bu, onların sonunun başlanğıcı olmuşdur. Çünki həmin əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilmişdir, düşmən böyük sayda itki vermişdir və düşmənin onlarla texnikası məhv edilmişdir. Biz məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açmışdıq».

“Zəngilan rayonunu cənnətə çevirəcəyik”

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. Dövlət başçısı Zəngilan rayonunda olarkən deyib: “Zəngilan rayonunu cənnətə çevirəcəyik. Hər tərəf yaşıl, gözəl təbiət. Əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən bu təbiətə toxunulmasın. Çox ciddi nəzarət olunmalıdır ki, bizim təbiətə ziyan vurulmasın. Baxmayaraq ki, ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər, kəsib aparıb satdılar. Amma biz bütün meşələri bərpa edəcəyik”.

Zəngilanda “Ağıllı kənd” layihəsinin təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Ağalı kəndində olublar. Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci «Ağıllı kənd» layihəsinin təməlini qoyub.

“Ağalı kəndində «Ağıllı kənd» layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır!». Həmin bu yazı gilizdədir”, - deyə Prezident əlavə edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma məlumat verib ki, birinci «Ağıllı kənd» pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, «ağıllı kənd təsərrüfatı» və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Prezident İlham Əliyev Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaratdığını deyib: “Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq”. Bunu Prezident İlham Əliyev Zəngilan rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində deyib.

Prezident bildirib ki, Zəngilanda bu gün birinci kənd layihəsinin artıq icra edilməsinə başlanılıb: “Ağalı kəndinin təməl daşı qoyulub. Bu, Böyük qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində, üç kənd - Birinci, İkinci, Üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilib. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilib. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək.

Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq”.

“Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılıb. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb”.

Bu fikirləri Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinin divarına daş hördükdən sonra söyləyib.

Zəngilan, Ağdam rayonlarında və digər ərazilərdə məscidlərdən tövlə kimi istifadə olunduğunu, orada donuz saxlanıldığını bildirən dövlətimizin başçısı deyib: "Bu, müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir. Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq. Azad edilmiş torpaqlara bu gün gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi öz etiraz səsini ucaltmışdır. ICESCO-nun Baş katibi azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır”.

Prezident qeyd edib ki, biz də bu işdə fəal olmalıyıq: “Bütün dövlət qurumlarına göstəriş verildi, ictimai təşkilatlardan xahiş edildi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin - faktlarla, sübutlarla, şəkillərlə. Ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib”.

Bütün tarixi, dini abidələrimizin bərpa edəcəyini vurğulayan dövlətimizin başçısı deyib ki, Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir.

“Biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik”

Azərbaycan Prezidenti bundan sonra oktyabr ayının zəngilanlılar üçün ancaq bayram ayı olacağını deyib: “Çünki həm Ağalı kəndi, həm Zəngilan şəhəri oktyabr ayında azad edildi”. Prezidentlə həmsöhbət olan gənc sakinlərdən biri doğma rayonu barədə böyük sevgi ilə söhbət açıb, Zəngilan gənclərinin daim öz dövlətinə, millətinə, Ali Baş Komandanına sadiq olduqlarını dilə gətirib.

Bunu təqdir edən Prezident İlham Əliyev deyib: “Bu gəncin sözlərinə qulaq asaraq bir daha görürük ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi və öz doğma torpağına bağlılığı var. Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik. Hətta buranı görməyən hər bir gənc, - indi sən görməmisən buraları, sən də görməmisən, - bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük. Zəngilanı görməyib, baxın, görün Zəngilanı necə sevir. Bax, budur Vətən sevgisi. Vətən sevgisi budur”.

“Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək”.

Bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində icra olunacaq birinci “Ağıllı kənd” layihəsində iştirak edəcək İtaliya şirkətinin layihə meneceri Cüzeppe Grisoliya ilə videoformatda söhbət edərkən deyib.

«Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır», - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, bu layihənin uğurlu icrası bizə bu təcrübədən Qarabağın digər yerlərində istifadə etməyə imkan verəcək. Çünki yüzlərlə kənd, qəsəbə və şəhərlər bərpa olunmalıdır.

Qeyd edək ki, İtaliya şirkətinin biznes ideyası strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. Layihə menecerinin sözlərinə görə, südçülük ferması qurulandan sonra tam təlim kursu keçiləcək. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək. Şirkətin hədəfi yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun.

Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq

“Mincivan qəsəbəsində dəmir yolu stansiyası yerləşib. Birinci Qarabağ müharibəsindən sonra ermənilər dəmiryolu xətlərinin bir hissəsini satıblar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurublar. Biz yenidən dəmiryolunu çəkəcəyik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, artıq bu işlərə start verilib: “Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müddət əvvəl Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoyduq. Bu dəmiryolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşdirəcək.

Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Və avtomobil yolu həmçinin salınmalıdır”.

Dövlətimizin başçısı erməni işğalçılarının viran qoyduğu Mincivan dəmir yolu stansiyasının binasının erməni faşizminin növbəti qurbanı, növbəti şahidi olduğunu deyib: «Ermənilər bütün binalarımızı - ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər.

Biz onları buradan qovduq. Burada şiddətli döyüşlər gedib. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Bundan sonra Ermənistan sərhədinə qədər, Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq, vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”.

Bəli, bu yerdə dövlət başçımızın səfərləri zamanı dediyi kimi: «Dünən Füzuli, Cəbrayıl, Xudafərin, sabah, birisi gün Hadrut, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər, Laçın... Bütün Qarabağ! Bəli, biz gəlmişik, biz gəlirik, biz gələcəyik! Çünki Qarabağ bizimdir! Çünki Qarabağ Azərbaycandır! Çünki Qarabağ Azərbaycanındır!».

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə