"Paris pozucu addımlar atmaqla hazırki vəziyyəti dəyişməyə çalışır" AÇIQLAMA

"Paris pozucu addımlar atmaqla hazırki vəziyyəti dəyişməyə çalışır" AÇIQLAMA

“Fransa senatı hələ 44 günlük müharibə dövründə qatı ermənipərəst mövqeyi ilə yadda qaldı. Həmin vaxt Dağlıq Qarabağda yaradılmış qondarma rejimin senatda "tanınması" baş verirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, müharibə davam edərkən Fransa bitərəf ölkə statusunu tamamilə itirərək qərəzli yanaşmalarla yadda qalıb: “Bu yaxınlarda isə Fransa senatının sədri Jerar Larşe Ermənistana səfəri çərçivəsində Azərbaycanı əsassız olaraq ittiham edən açıqlamalarla çıxış edib. Bəlli olduğu kimi, Azərbaycanın tam qələbəsi ilə yekunlaşmış İkinci Qarabağ müharibəsi regionda yeni geosiyasi reallıqlar yaratdı. Türkiyə və Rusiyanın sülhə zəmanətçi ölkə qismində regiona gəlişi ilə yeni konfiqurasiya formalaşıb. Bununla da Fransa belə demək mümkünsə, oyundan kənar vəziyyətdə qalıb. Yaranmış yeni geosiyasi düzəni həzm edə bilməyən rəsmi Paris pozucu addımlar atmaqla hazırki vəziyyəti dəyişməyə çalışır. Ermənilərə hamilik etmək niyyəti də bu məqsəddən qaynaqlanır”.

Politoloq onu da qeyd edib ki, Fransanın erməni "əsirlərin" (terrorçuların) qaytarılmasını tələb edən qətnamə layihəsini ölkə parlamentinə təqdim etməsi bu ölkənin Minsk qurpu çərçivəsində üzərinə götürdüyü vasitəçilik missiyasına zidd olmaqla regionda qarşıdurma şəraitinin körüklənməsinə xidmət edir: “Fransa öz addımlarında səmimi olsaydı, minalanmış ərazilərin xəritələrini təqdim etmədiyinə görə Ermənistana təzyiq edərdi. Amma indiyə kimi, bir dəfə də olsun Fransadan bu istiqamətdə hər hansı bir təşəbbüs görməmişik. Fransa parlamentinin bu addımı həm də onu göstərdi ki, bu ölkənin həmsədr kimi təmsil olunduğu Minsk qrupu artıq arxivə qovuşmalıdır. Azərbaycan xalqının bu təşkilata inamı qalmayıb. Bir halda ki, münaqişə güc yolu ilə öz həllini tapıb, o zaman Minsk Qrupuna nə gərək var? Yox əgər qurum özü fəaliyyətini davam etdirməkdə maraqlıdırsa, o zaman post-konflikt dövrünün reallıqlarına uyğun strategiya həyata keçirilməli və regionun inkişafı naminə Azərbaycanın təşəbbüs etdiyi layihələrə dəstək göstərməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə