"Co Bayden Amerikanı və amerikalıların maraqlarını ayaqlar altına atdı" MÜSAHİBƏ

"Co Bayden Amerikanı və amerikalıların maraqlarını ayaqlar altına atdı" MÜSAHİBƏ

SİA Milli Məclisin deputatı Əziz Ələkbərlinin müsahibəsini təqdim edir:

- Bildiyimiz kimi ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden qondarma "erməni soyqırımı"nın tanıması haqqında qərarını bildirdi və buna dəstəyini nümayiş etdirdi. Yeni seçilmiş prezidentdən bizim gözlədiklərimiz nə idi? Belə çıxır ki, Baydenin erməni sevdası başlayıb. Sizin bu məsələyə münasibətiniz nədir?

- Co Baydenin 24 aprel münasibəti ilə öz çıxışında qondarma “erməni soyqırımı”nı ifadəsini işlətməsi iki gündür siyasi gündəmi zəbt etməkdədir. Mən bu məsələyə münasibət bildirərkən 3 suala cavab vermək istəyərdim. Co Bayden nə dedi? Co Bayden niyə dedi? Nəyə nail oldu? Bilirsiniz ki, hər il ermənilər bu qondarma “erməni soyqırımı” məsələsini spekulyasiya vasitəsinə çevirir. Artıq 1965-ci ildən yəni qondarma “erməni soyqırımı”nın ermənilərin təbirincə ilə desək, 50 illiyi ilə bağlı gedən proseslərdən bu günə qədər hər aprelin 24-də Amerika prezidentinin “soyqırım” ifadəsini işlətmə məsələsini böyük bir ajiotaja çevirir. Nəhayət bu dəfə demək olar ki, buna nail ola bildilər. Əslində bu ifadəni işlətməklə, Co Bayden Amerikanı və amerikalıların maraqlarını erməni lobbisinin ayaqları altına atdı. Co Baydenin fəaliyyətinə nəzər yetirəndə görərik ki, senator kimi onun bütün fəaliyyəti ermənipərəst, antitürk fəaliyyət olub. Mənə elə gəlir ki, bununla da Amerika prezidenti çox böyük tarixi səhvə yol verdi. Çünki tarixdə belə bir soyqırım yoxdur. Tarixçilər bunu çox gözəl bilirlər. 1915-ci ildə Türkiyə ərazisində heç bir soyqırım olmayıb. Burada ancaq təhrikdən söhbət gedə bilər. Yəni ki, bilirsiniz həmin hadisələr Birinci Dünya Müharibəsi ərəfəsində Fransanın və İngiltərənin maliyyə və silah dəstəyi ilə ermənilər silahlı qruplaşmalar yaratdı. Onlar bütün tarixi dövrlərdə belə edirlər. Siyasi proseslər qızışanda və ya müharibə təhlükəsi yarananda ermənilər həmişə bundan istifadə eləyirlər. Özlərini uydurma böyük Ermənistan ideyaları istiqamətində bir addım daha artıq irəli getmək istəyirlər.

- Bu qərardan sonra ümumilikdə türk dünyasının atacağı addım nə olacaq?

- Co Bayden bu hərəkəti ilə dünyada ikili qütbləşməyə start verdi. Onun bu hərəkətini mən 1919-cu il hadisələri ilə müqayisə edirəm. Bildiyimiz kimi 1919-cu ildə Amerikanın hərbiçisi və diplomatı Vilyam Haskel Cənubi Qafqaza komissar kimi göndərildi. Burada Haskel çox şərəfsiz bir missiya yerinə yetirdi. Cümhuriyyət qoşunlarının Zəngəzur ərazisindən çıxarılmasına və sonradan həmin Zəngəzur torpaqlarının erməni daşnak qoşunlarının zəbt etməsinə şərait yaratdı. Sanki Amerika 1919-1920-ci illərdə yeritdiyi missiyanı bu gün yenə yeritməyə başlayır. Amma bu dəfə heç şübhəsiz dünyanın qütbləşməsinə gətirib çıxaracaqdır. Çünki bu təkcə Türkiyə prezidentinə qarşı deyil ümumilikdə türk dünyasına və Türkiyə Cumhuriyyətinə qarşı atılmış bir addımdır.

- ABŞ-ın bu qərarına qarşı təpkilər başladı. ABŞ-ın yeni administrasiyası dərs çıxarsa, Bayden bu qərarından vaz keçə bilərmi?

- Əslinə qalanda Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi hələ də Amerika dövlətinin qərarı demək deyil. Sadəcə 24 aprel münasibəti ilə Amerikanın indiki prezidentinin işlətdiyi bir ifadədir. Mən Amerikanın Türkiyəyə qarşı “soyqırım” məsələsi ilə bağlı hər hansı bir bundan sonra bir addım atacağını gözləmirəm. Çünki bu məsələ Ermənistanın və ermənilərin özünə ziyanlı olan bir hərəkətdir. Çünki əgər bu məsələ beynəlxalq məhkəmələrə daşınacaqsa, ortaya hüquqi faktlar qoyulmalıdır, arxivlər açılmalıdır. Ermənlilərin ən çox qorxduğu məsələ də arxivlərin açılması məsələsidir. Türkiyə prezidenti dəfələrlə təklif edib ki, arxivləri açaq. Lakin Ermənistan tərəfi bu günə qədər bu məsələyə müsbət cavab verməyib. Çünki ermənilər çox yaxşı bilirlər ki, belə bir soyqırım olmayıb və kifayət qədər də tarixi faktlar var. Bir faktı da qeyd edim ki, ermənilər ilbəil 1915-ci ildə Osmanlı ərazisində guya öldürülən ermənilərin siyahısını yarım milyona çatdırıblar. Amma faktiki Türkiyə ərazisində heç həmin dövrdə bu qədər erməni yaşamayıb. Bununla yanaşı, 1918-1920-ci illərdə Cənubi Qafqazın demək olar ki, Azərbaycanın bütün tarixi ərazilərində ermənilər xalqımıza qarşı soyqırım həyata keçiriblər. Bir fakta da diqqət yetirək ki, 1918-1920-ci illərdən sonra Osmanlı ərazisindən Cənubi Qafqaza külli sayda ermənilər köçürülüb. Məlum olur ki, həmin dövrdə ermənilərin böyük əksəriyyəti Cənubi Qafqaza köçürülüb.

- ABŞ prezidenti Co Bayden "erməni soyqırımı"nı tanıdı. Belə olan məqamda biz qarşı tərəflə münasibətlərimizi hansı mövqedə davam etdirməliyik?

- Co Baydenin bu ifadəni işlətməsi hələ Amerikanın son qərarı demək deyil. Amerikanın hər hansı bir qərarını verməyindən asılı olmayaraq, Türkiyə tərəfi özünün haqlı olduğunu bilir. Türkiyə dövlət başçısının da, xarici işlər nazirinin də çıxışlarından biz gördük ki, Türkiyə təbii ki, bu qondarma “soyqırımı”nı qəbul etməyəcək. Buna tamamilə hüquqi, mənəvi haqqı var. Belə fikirləşmiyək ki, Co Baydenin bu məsuliyyətsiz çıxışı ilə dövlətlərarası münasibətlər pisləşəcək. Bu münasibətlər bundan sonra da davam edəcək. Bizim ölkəmizdəki, Rusiyadakı politoloqlar yox, eyni zamanda Amerikanın özündəki tarixçilər və siyasətçilərin bir hissəsi Co Baydenin bu çıxışını qəbul eləmirlər. Bu çıxışını tarixi səhv hesab edirlər. Bundan sonrakı proseslər handisələrin gedişini diqtə edəcək. Co Baydenin bu hərəkəti birinci növbədə erməni xalqının ziyanına olacaq. Belə bir mövqe ermənilərin özünü bu gün pis vəziyyətdə qoyub.

- Azərbaycanın qazanmış olduğu parlaq zəfərdən sonra Ermənistanla regionda əməkdaşlığı davam etdirmək niyyətindəydik. Amma bu qərar sanki soyuqluq yaradacaq. Buna münasibətiniz nədir?

- Azərbaycan tərəfi növbəti dəfə humanistlik göstərərək, yəni ermənilərin 30 ildən sonra torpaqları azad etdikdən sonra gördük ki, burada təkcə insanlarımıza qarşı yox, həm də təbiətə qarşı da soyqırım həyata keçirib. Abidələrimizi, bütün tikililərimizi yer üzündən silib. Bu analoqu olmayan vandalizm hərəkətlər idi. Bütün bunlara baxmayaraq, Azərbaycan növbəti dəfə humanistlik göstərərək, birgəyaşayışa və kommunikasiya xətlərinin açılmasına razılıq verdi. Əslində kommunikasiya xətlərinin açılması ermənilərə bir dövlət kimi, bir millət kimi regionda qalmasına imkan yaradır. Biz regionda humanistlik göstəririk. Amma Amerikanın bu mövqeyi ermənilərin bu regionda qalabilmə şansını sıfıra endirir. Təbii ki, burada Türkiyənin Ermənistanla sərhədləri açmaq ehtimalı var idi. Bu ehtimalı da şübhə altına qoyur. Ona görə də əgər bu proses davam edəcəksə, Ermənistanın bir dövlət kimi, ermənilərin gəlmə millət kimi bu reginda qalıb-qalmaması da sual atlına düşür.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə