Rus ekspert: Bayden Cənubi Qafqazın altına bomba qoyur - MÜSAHİBƏ

Rus ekspert: Bayden Cənubi Qafqazın altına bomba qoyur - MÜSAHİBƏ

İqor Korotçenko: “Cənubi Qafqazda 44 günlük müharibə bitdikdən sonra ortaya çıxan həqiqətləri yenidən gözdən keçirmək arzusunda olan kifayət qədər aktiv qüvvələr var”

24 aprel, dünya ermənilərinin 1915-ci ildə Osmanlı İmperiyasında qondarma xalqlarının soyqırımı qurbanlarını xatırladığı gün, ABŞ prezidenti Co Bayden, “Erməni soyqırımı” ifadəsindən çəkinən vəzifə sələflərindən fərqli olaraq, bu ifadəni istifadə etdi. Dünya mətbuatı dərhal Amerika prezidenti tərəfindən erməni soyqırımının tanınması barədə yazmağa başladı. Əslində, bəyanat yalnız bir ifadə olaraq qalır və heç bir hüquqi qüvvəyə malik deyil.

Qeyd edək ki, erməni tərəfi Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında 700 - 1,5 milyon erməninin ölümündə israr edir. Türkiyə Ermənistanın mövqeyi ilə razılaşmır. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Türkiyə tarixində ermənilərə qarşı soyqırımı olmadığını və 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac olduğunu bildirib. Ankara mütəmadi olaraq erməni tərəfinə arxiv açmağı təklif edib, lakin Ermənistan bu fikri rədd edib.

Rəsmi Ankara Baydenin açıqlamasının siyasi bir cavab olmadan qalmayacağını bildirdi. Türkiyə, Amerika prezidentinin açıqlamasını "tarixi səhv" adlandıran Azərbaycan tərəfindən də dəstəkləndi. Bundan əvvəl, Baydenin açıqlamasından əvvəl də BMT "soyqırım" faktının müvafiq məhkəmə tərəfindən təsbit edilməli olduğunu qeyd etmişdi.

24 apreldən əvvəlki günlərdə radikallar özlərini göstərdilər - Yerevanda məşəl yürüşləri etdilər, Türkiyə və Azərbaycanın bayraqlarını yandırdılar və hətta Türkiyə və Azərbaycan dövlət bayraqlarına bükülmüş bir kuklanı "asdılar". "Moskva-Bakı"ya verdiyi müsahibədə "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko radikalların reaksiyaları, ermənilərin "soyqırım”ı siyasi alət kimi istifadə etməsi, ABŞ prezidentinin açıqlamasının Qarabağ nizamlanması prosesinə mümkün təsiri kimi məsələlərə öz qiymətləndirməsini verib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, “Erməni Soyqırımı Qurbanlarının Anım Günü”ndən əvvəl, Daşnaksütyun partiyasının nümayəndələrinin Azərbaycan və Türkiyə bayraqlarını necə yandırdığını, məşəl yürüşləri keçirdiyini gördük. Bayden "erməni soyqırımı"nı səsləndirdikdən sonra ABŞ-ın Los-Ancelesdəki səfirliyinə toplaşan “Sasna Tsrer” radikalları, Azərbaycan və Türkiyə bayraqlarına bükülmüş bir kuklanı da “asdılar”. Çox aqressiv deyillərmi?

- Həqiqətən, təcavüzkarlığın nümayişi təəccüblüdür. Radikalların bu cür çıxışları, belə bir reaksiyası göstərir ki, Ermənistan cəmiyyətində intiqam almaq, Cənubi Qafqazda 44 günlük müharibə bitdikdən sonra ortaya çıxan həqiqətləri yenidən gözdən keçirmək arzusunda olan kifayət qədər aktiv qüvvələr var. Erməni cəmiyyəti radikallaşmışdır, bu, bir həqiqətdir. Həm Ermənistanın özündə, həm də dünyadakı kifayət qədər nüfuzlu erməni diasporlarında son dərəcə radikal mövqedən danışan insanlar qrupu var.

Türkiyə və Azərbaycan bayraqlarının yandırılması, Ermənistanın bu ölkələrlə münasibətlərinin normallaşmasını istəməməsinin bir daha göstəricisidir. Və müharibə üçün olmasa da, terror hücumlarının formatına hazırdırlar. Radikallar tərəfindən edamın illüstrativ səhnəsi - Azərbaycan və Türkiyə bayraqlarına bükülmüş bir kuklanı “asmaq” - təmiz terrorizmdir. Nə Azərbaycanda, nə də Türkiyədə heç kim Ermənistanın bayraqlarını yandırmaz. Və burada radikallar ən çirkin metodlardan istifadə edir və bununla da izdihamın azərbaycanlılara və türklərə qarşı nifrətini artırır. Bu insanlar səhnəyə yeni qan tökmək arzusu ilə çıxdılar.

- “Erməni soyqırımı” mövzusunun siyasi alət, siyasi təzyiq elementi, manipulyasiya vasitəsi kimi istifadə edildiyi və istifadə ediləcəyi aydın oldu ...

- Bu vəziyyətdə Bayden şübhəsiz ki, siyasi problemləri həll edir. Əlbəttə ki, ABŞ-dakı erməni diasporu bir qədər təzyiq göstərdi. Böyük siyasətdə təsadüfi heç nə olmadığını başa düşürük. Baydenin açıqlaması Ermənistan Respublikasındakı erkən parlament seçkiləri kontekstində və ABŞ-ın bu günə qədər Cənubi Qafqazda baş verən hadisələrə təsir rıçaqlarını itirməsi kontekstində edildi. Ona görə də bu açıqlama, ilk növbədə, tam şəkildə siyasətdir.

- Yəni Baydenin açıqlaması Qarabağ prosesindəki hərəkət sürətinə və vektoruna təsir edə bilərmi?

- Əlbəttə. Qarabağdakı müharibə bitmiş olsa da, indi başqa bir müharibə davam edir - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında yer alan bu müddəaların mənaları və məzmunu, şərhləri üçün, bu müqavilənin gələcəyi üçün. Dünyada çox nüfuzlu bir erməni diasporası tərəfindən çox şiddətli bir mübarizə aparılır. Dediyim kimi, Ermənistanın özündə də bu razılaşmaya qarşı çıxan və bütün bəndlərinin həyata keçirilməsinin qarşısını almaq üçün hər cür təxribata hazır olan bir çox radikal var. ABŞ Cənubi Qafqazın altına başqa bir "bomba" qoymaq, Qarabağ anlaşmalarına görə "bomba" qoymaq istəyir. İndi ən vacib sual 5 ildə üçtərəfli bəyanatın nə olacağı, tam tətbiq ediləcəyi və ya edilməyəcəyidir. Bunun üçün analitik sahədə bir informasiya müharibəsi var və bu, heç də, prosesin keçən ilin noyabr ayında Qarabağda tamamlanan hərbi hissəsindən az əhəmiyyətli olmayacaq.

- Baydenin açıqlamasından sonra Ermənistanın ABŞ-a doğru irəliləyəcəyini düşünməyə dəyərmi?

- Ermənistan hər zaman ora-bura yellənir. Çox uzun müddət belə yellənə bilər. Buna onsuz da kim təəccüblənir ki? Nəticə nədir? 44 günlük müharibənin nəticələri var, yeni reallıqlar var. Erməni soyqırımı ilə əlaqədar anti-Rusiya qüvvələrinin ABŞ-a təşəkkürünü bildirərək ABŞ səfirliyinə toplandığını görürük. Əgər ABŞ Ermənistan büdcəsini öz pulu ilə doldurmaq yükünü götürmək istəyirsə, bayraq onların əlindədir. Ancaq bunu etmək istəmirlər. ABŞ Cənubi Qafqazdakı vəziyyətə təsir göstərməyə çalışır. Ancaq indi bizim üçün Türkiyənin, açıq-aşkar bir siyasi və hərbi tərəfdaş olaraq ABŞ-ın etibarsızlığı, Rusiya-Türkiyə münasibətlərinin indi necə qurulacağı barədə başqa bir siqnal alması kontekstində vacibdir. İndi həm Moskva, həm də Ankara üçün bir fürsət pəncərəsi açılır və hər iki tərəf üçün maraqlıdır. Vaşinqtondan Ankaraya yalnız təzyiq artacaq. Bayden etdiyi açıqlama ilə bir daha türk elitlərinə, Türkiyənin ABŞ-ın həqiqi ortağı və müttəfiqi kimi görünmədiyi siqnalını verdi. Türkiyə üçün bu, həyata keçirdiyi siyasətdəki geopolitik və hərbi əməkdaşlıq istiqamətini müəyyənləşdirmə anıdır. Rusiya və Türkiyə təmas nöqtələri axtarmalı və hərbi-texniki əməkdaşlıq məsələlərində hərəkət etməlidirlər. ABŞ Türkiyəni F-35 proqramından məhrum etdi. Bu, ehtimal ki, Türkiyənin hava qüvvələri üçün Su-35 və ya Su-57 tədarükünü Moskva ilə müzakirə etməyə başlayacağı ehtimalı deməkdir. S-400 zenit-raket komplekslərinin 2-ci alayının çatdırılması da mümkündür.

Ermənistanın isə Rusiyasız yaşaya bilməyəcəyini anlamaq vacibdir. Ancaq Ermənistan özü bunu başa düşdüyünü göstərməlidir. İndi erməni siyasi planlaşdırma üfüqü altı ayla məhdudlaşır, artıq deyil. ABŞ-ın aktiv oyununu gördük, indi parlament seçkilərinin nəticələrinə təsir baxımından Rusiya erməni diasporasının aktiv oyunu var. Müxtəlif ölkələrdəki diaspor qrupları indi Ermənistan ətrafında baş verən hər şeydə çox fəal iştirak edirlər. Və burada heç kim uzaq bir kateqoriyada düşünmür - sağ qalacaq, sağ qalmayacaq. Heç kim bununla maraqlanmır. İndi konkret nəticələr bizi narahat edir. Və bu nəticələrin dağıdıcı olduğunu görürük.

- Keçən həftə Nikol Paşinyan Qarabağın statusu və rəsmi İrəvanın Qarabağ münaqişəsinin son həllinin mərkəzində gördükləri barədə danışarkən “xilas naminə ayrılma” tezisini təbliğ etməyə başladı. Əvvəllər bu formada ifadəni eşitməmişdik, baxmayaraq ki, məsələnin ümumi mahiyyəti bu fikrə toplanmışdı...

- Söhbət Azərbaycanın öz siyasi elitaları səviyyəsində bu cür meyillərə necə qarşı durmağa hazır olması ilə bağlıdır. Paşinyanın dedikləri sadəcə sözlər deyil, bu həm də Ermənistan siyasətinin bir vektorudur hansı ki, hələ də Qarabağda situasiyanın 5 ildən sonra da indiki kimi qalmasını təmin edə bilər. Fransanın və digər ölkələrin Yerevanın mövqeyini dəstəkləmək səylərinin fəal iştirakını görürük. İnformasiya sahəsində aktiv qarşıdurma var. Azərbaycan buna necə münasibət göstərəcək? Buraya siyasətimizi Qarabağ nizamlanması prosesində fəal iştirak edən oyunçularla qurmaq daxildir.

Əslində, orada tanımaq üçün xüsusi bir şey yoxdur. Ərazilərin əksəriyyəti Azərbaycana qaytarıldı. Ancaq erməni diasporası təcavüzkar şəkildə anklavı qorumaq və siyasi və hərbi təzyiqlərini təmin etmək ideyasını təbliğ edir. Bəli, beynəlxalq hüquq baxımından bütün Qarabağ Azərbaycan ərazisidir. Ona görə də, erməni diasporunun bu təcavüzkar fəaliyyətinin fərqinə varmamaq olmaz, buna göz yummaq olmaz. Maraqlar müharibəsi, siyasi müharibə gərgin şəkildə davam edir.

Əlbəttə, Qarabağın siyasi tanınması olmayacaq. Ancaq açıq şəkildə, xarici maraqlı tərəflər üçün əsas vəzifə, Rusiyanın sülhməramlı missiyasının bitməsindən sonra da ən azı hazırkı vəziyyəti qorumaqdır. Erməni diasporları indi bu amilin siyasi gündəmdən düşməməsi üçün hər şeyi edirlər. Fransız yüksək rütbəli liderlərinin 24 apreldə verdiyi açıqlamalar- bu, təsadüfidirmi? Əlbəttə, yox. Bu, mənafelər uğrunda mübarizədir. Və davam edəcək. Ermənistan dayanmalı və Azərbaycanla tam hüquqlu bir sülh bağlamalı idi, lakin görünür Cənubi Qafqazda sülhlə maraqlanmayanlar çoxdur.

Müsahibə aldı – Nana Xoştariya

Tərcümə etdi – Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə