İşxan Verdyan Marqarita Simonyanın filmini "alçaqlıq" adlandırdı ANALİTK
Erməni bloger: “RT kanalı tərəfindən övladlarını itirmiş valideynlərin emosiyalarının bu yalan və təbliğatçı filmdə istifadə edilməsini alçaqlıq hesab edirəm”
Ermənistanda iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi tam sürət götürüb. Artıq baş nazir Nikol Paşinyan istefa verib və qanunvericiliyin tələb etdiyi əsaslarda nazirlər kabinetinin rəhbəri qismində vəzifəsini müvəqqəti icra edən şəxs kimi fəaliyyət göstərir. Bundan əlavə, hakim partiya onun baş nazirlik postuna namizədliyini irəli sürüb.
Lakin seçkiöncəsi kampaniyaya Qarabağ klanı adlandırılan xarici qüvvələr də daxil olublar. Bu məsələdə isə Qarabağ klanınını dəstəkləmək məqsəsi ilə ön planda dayananlardan biri də Rusiya Today (RT) telekanalının rəhbəri Marqarita Simonyandır.
İşxan Verdyan RT kanalında “Dəyişikliklərin bədəli. Hakimiyyət uğrunda mübarizədə populizm və texnologiya” filmini hədəfə aldı
Xatırladaq ki, bugünlərdə RT kanalında “Dəyişikliklərin bədəli. Hakimiyyət uğrunda mübarizədə populizm və texnologiya” adlı təxminən 1 saatlıq sənədli filim nümayiş etdirildi və onun nümayişi açıq-aydın şəkildə təbliğat xarakter olduğu göründü. Filmdə Nikol Paşinyan bütün məsələlərdə ittiham obyektinə çevrilir, Qarabağ klanı isə “günahsız keçi” obrazında təqdim edilir. Bu filmdə Nikol Paşinyan daha çox Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə müqayisə olunmaqdadır. Həmçinin, Ermənistanda Paşinyana olan dəstək barədə isə bir kəlmə də olsun deyilmir, halbuki həmin dəstək görünməkdədir və aparılan qərəzsiz sosioloji sorğuların da nəticələri bunu göstərir.
SİA xəbər verir ki, bununla bağlı Ermənistanın tanınmış ictimai fəalı və blogeri İşxan Verdyan rusdilli caliber informasiya analitik resursuna münasibətini açıqlayıb, ümumilikdə proseslərə, eləcə də sözügedən mövzuya maraqlı əlavələr edib. Onun sözlərinə görə, Simonyanın filminin məqsədi budur ki, küçədən gələn insanlar ölkəni dağıtmağa, məhv etməyə, ərazilərini itirməyə qadiridrlər.
“Bu ümumsiyasi messecdir ki, istənilən tərəfə yönəltmək olar. Əgər filmdə həqiqət olsaydı, maraqlı görünərdi, amma o yox idi, bu yalandır”, deyə İşxan Verdyan bildirib.
“Ermənistan 30 il saxladığı “iqtisadi yükdən” azad oldu”
Yalanı nədə gördüyünü izah edən erməni blogeri hesab edir ki, həmin yalan müharibə Ermənistanın nə isə itirməsi ilə bağlıdır: “Növbəti məsələni anlamaq lazımdır ki, bəli, Ermənistan hərbi məğlubiyyətə uğradı, amma heç nə itirmədi, sadəcə, 30 il saxladığı “iqtisadi yükdən” azad oldu. Mən Azərbaycanın işğal edilmiş ərazilərini nəzərdə tuturam. Hər iki tərəfdən həyatlarını itirənlərə görə dəhşətli dərəcədə kədərlənirəm. Lakin müharibənin nəticəsini məğlubiyyət hesab etmək olmaz, axı Ermənistan öz sərhədlərində qaldı”.
Marqarita Simonyanın sözügedən filminin təbliğatçı, yaxud antipaşinyan məqsədli olub-olmamasına gəlincə, İşxan Vedryan bildirib ki, bu film yalan konsepsiyasındq qurulub və seçkilər öncəsi ictimailəşdirilib. Onun sözlərinə görə, bunu seçicilərə təsir etmək cəhdi, Ermənistanın daxili işlərinə qarışmaq kimi də qiymətləndirmək mümkündür.
“Bu filmdə elə insanları göstəriblər ki, onlar cinayət əməllərinə görə çoxdan layiq olduqları həbsxanalarda yatmalıdırlar, ancaq yatmırlar”
O, eyni zamanda aparılan sorğuların nəticələrinə görə Nikol Paşinyanın müəyyən seçici dəstəyinə, elektorata malik olmasına, eləcə də Russia Today-ın filminin seçicilərin səslərini əllərindən almasına hesablanmış planına da münasibətini açıqlayıb və bildirib ki, həmin filmdə Ermənistanın çox tanınmış və çox odioz şəxsləri göstərilib: “Onlar kənardan təsiredici görünürlər, ancaq ölkələrində də onları yaxşı tanıyırlar. Bu adamlara qiymət çoxdan verilib. Onlar kameralar qarşısında oturur və öz fikirlərini izah edirlər, fəqət bu o demək deyil ki, əhali onların sözlərinə qulaq asacaq. Ona görə də düşünmürəm ki, bu Nikol Paşinyanın elektoratına təsir etsin. Bəli, Ermənistanda məyus olan insanlar kateqoriyası var və onlar daha çox Paşinyanın sərt siyasət aparmamasından narazıdırlar. Bu filmdə elə insanları göstəriblər ki, onlar cinayət əməllərinə görə çoxdan layiq olduqları həbsxanalarda yatmalıdırlar, ancaq yatmırlar. Nikol Paşinyanın “məxməri siyasəti” onları mühakimə etməyə imkan vermir, ona görə də insanlar narazıdırlar və vəd edilmiş ədaləti gösrəm istəyirlər. Nikol Paşinyan istənilən halda “nüvə elektoratını” saxlaya biləcək”.
İşxan Verdyan sonda bildirib ki, sözügedən filmdə övladını müharibədə itirmiş insanı göstəriblər. “Mən həlak olanların hər birinin ailələrinə başsağlığı verir, kədərləndiyimi bildirirəm. Lakin RT kanalı tərəfindən övladlarını itirmiş valideynlərin emosiyalarının bu yalan və təbliğatçı filmdə istifadə edilməsini alçaqlıq hesab edirəm”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB