Leonid Kalaşnikov: “Qərb üçün region dövlətlərinin maraqları əsla veclərinə deyil, hətta “onuncu yerdədir” REALLIQ

Leonid Kalaşnikov: “Qərb üçün region dövlətlərinin maraqları əsla veclərinə deyil, hətta “onuncu yerdədir” REALLIQ

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın RİA Novosti agentliyinə müsahibəsi zamanı bəyan edib ki, guya Qarabağ münaqişəsi birdəfəlik başa çatmayıb, ona görə də Ermənistanla Azərbaycan arasında hər hansı sülh razılaşmasından söhbət gedə bilməz. Onun fikrincə, guya uzun illər boyunca mövcud prinsiplər formalaşıb və tənzimlənmə prosesi də məhz onlara əsaslanmalıdır. “Bu məsələdə bizimlə eyni zamanda Minsk qrupunun həmsədrləri də həmrəydirlər”, deyə Qriqoryan bildirib.

Lakin bu da əsas deyil. Belə ki, Ermənistan TŞ-nın katibi bu bəyanatını məhz AŞPA-nın Monitorinq Komitəsinin Ermənistanla Azərbaycanı Minsk qrupunun ortaqlığı ilə konstruktiv əməkdaşlığı bərpa etməsi çağırışından sonra səsləndirib. Belə ki, 20 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın rezlizəsində sülh danışıqlarının başladılması barədə də danışılır.

Bundan öncə isə, Ermənistanın baş naziri Nikol Paşinyan mart ayında ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb və həmin vaxt ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesinin bərpası barədə fikirlər səsləndirilib.

Ancaq belə olan halda sual yaranır ki, əgər Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun iştirakı olmadan həll edilibsə, bu qrup onilliklər boyu heç bir səmərəli nəticə əldə edə bilməyibsə, yenidən onun “fəallaşmasına”, yaxud prosesə yenidən müdaxiləsinə hansı tələblər yarana bilər?

SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı rusdilli caliber analitik informasiya mərkəzi Rusiya Federasiyasının Dövlət Dumasının MDB və Avrasiyaya inteqrasiya və əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovdan müsahibə alıb. O, qeyd edilən iddiaya, eləcə də Minsk qrupunin bacarıqsızlığına rəğmən, Qərbin yenidən adıçəkilən qurumu önə sürməsi təhriklərinə münasibətini açıqlayarkən deyib ki, Qərb tərəflərə öz qərarlarını sırımaq üçün məhz öz mexanizimlərini işlətməyə çalışır və bütün işlər də bundadır.

AŞPA Komitəsinin sülh danışıqları prosesinin bərpası bəyanatına gəlincə, Kalaşnikov ironik şəkildə bildirib ki, belə bir bəyanatın səslənməsi sanki heç nəyin baş verməməsi fonunda ciddi təsir bağışlamır: “Hə, sanki heç nə olmayıbmış kimi! Və bu da həmin auditoriyaya hesablanıb ki, orada kimlərsə oturaraq bizə nəyi isə diktə etməyə cəhd göstərirlər, AŞPA-ya ATƏT-ə sərf edən qərarları sırımağa çalışırlar. Onlara müşahidə aparmalı, nəzarət etməlidirlər. Lakin çıxış etməklə, qərarlar qəbul etməklə onlar yalnız öz maraqlarını ortaya qoyurlar. Bu kimi bütün mexanizmlər çoxdan işləyir və mən də bu barədə uzun illər danışmışam”.

Onun sözlərinə görə, Ermənistanla Azərbayan arasında münaqişə həll olunmayan vaxtlarda münaqişənin məhz üçtərəfli formatda (Rusiya, Azərbaycan və Ermənistan) həll edilməsi mümkünlüyündən danışıb.

“Tənzimlənməyə başqaları, Qərb ölkələri müdaxilə etdikləri vaxt onlar hər zaman olduğu kimi, qlobal, Avropanın və Amerikanın maraqları çərçivəsində danışmağa başlayırlar. Və onlar üçün region dövlətlərinin maraqları əsla veclərinə deyil, hətta “onuncu yerdədir”. Bu, bütün Cənubi Qafqaza, Türkiyəyə və Rusiyaya da aiddir”, deyə Kalaşnikov vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə