Düşməni sülhə məcburetmə hərəkatına başlandı - ŞƏRH ÖZƏL

Düşməni sülhə məcburetmə hərəkatına başlandı - ŞƏRH ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın 77-ci sessiyasında videoformatda çıxışı zamanı bir çox istiqamətlərdə çox əhəmiyyətli mövzulara toxunulub. Prezidentimiz çıxışında Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edib. Mən xüsusilə qeyd etmək istərdim ki, 30 ilə yaxın Azərbaycanın 20 faizə qədər torpaqlarının Ermənistan tərəfindən işğal altında olması və dünya dövlətlərinin beynəlxalq təşkilatların bu prosesə göz yumması eyni zamanda, bu prosesi görməzlikdən gəlmələri ilə bağlı Azərbaycan Prezidentinin tutarlı faktlara əsaslanan və qətiyyətli mövqeyini qeyd etmək istəyirəm". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti bir daha iştirakçı dövlətlərin nümayəndələrinə Azərbaycanın haqlı mövqeyini çatdırıb: "Eyni zamanda bildirib ki, Azərbaycan dövləti 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilən ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə kağız üzərində qalıb və heç bir halda icra olunmayıb. Qətnamənin icra olunması ilə bağlı Azərbaycan təkbaşına fəailiyyətə başladı. Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edərək 1 milyondan artıq qaçqın və köçkün insanların hüquqlarını da bərpa etdi. Azərbaycan işğal altında olan ərazilərin geri qaytarılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin icra edilməsi ilə bağlı sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq əks hücuma keçdi və düşməni sülhə məcburetmə hərəkatına başlandı".

A.Əliyev vurğulayıb ki, Ermənistan dünya ictimaiyyətin Qarabağ məsələsinə biganə yanaşması, bir çox beynəlxalq hüquqi prinsiplərin açıq şəkildə pozulması, dünya dövlətlərinin Qarabağ dırnaqarası baxması və qeyri-səmimi münasibət göstərməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsi ilə bağlı heç bir təzyiqin göstərilməməsi Ermənistanın özünü rahat arxayın hiss etməsinə səbəb oldu: "Nəticə olaraq isə 27 sentyabr Ermənistan Azərbaycana hücuma keçdi. Dünyada həyata keçirilən ikili standartların nəticəsi olaraq Ermənistan işğalçı və cinayətkar dövlət kimi beynəlxalq hüququn bir çox prinsipini ayaqlar altında tapdaladı. Ermənistan o qədər arxayın idi ki, hətta yeni müharibələr, yeni torpaqlar bəyanatı verirdi. Amma Azərbaycan dövləti uzun illər ərzində dünya ictimaiyyətini və dünya güclərini Ermənistanın işğal olunmuş ərazilərdən çıxması ilə bağlı çox gərgin və məqsədli diplomatik mübarizə aparırdı, lakin bu fəaliyyətin nəticəsi olmadı. Buna başlıca səbəb isə məhz dünya güclərinin xüsusilə də ATƏT Minsk qrupu həmsədrlərinin bu məsələlərə biganə yanaşması və həmin dövlətlərin daha çox ermənipərəst mövqedən çıxış etməsidir. Azərbaycan dövlətinin pozulmuş hüquqlarının bərpası istiqamətində münaqişənin həllinə etdiyi səylər ədalətli nəticə vermədi. Azərbaycan Prezidentinin çıxışında qeyd etdiyi kimi Ermənistanı sülhə məcbur etməli və əks hücümlar başlamaq məcburiyyətində qaldı. Azərbaycan beynəlxalq hüquq və normaları bərpa etmək üçün fəaliyyətə başladı və qısa müddət ərzində təmin edib. Ərazilərimiz işğaldan azad olduqdan sonra dünya bir daha gördü ki, Ermənistan Qarabağ ərazisində bir çox vəhşiliklər törədib. Ərazilərimizin işğaldan azad olması regiona davamlı sülh gətirəcək".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə