“Bayden fəaliyyətinin böyük hissəsini erməni maraqlarına xidmətə həsr edib” ÖZƏL-RƏY

“Bayden fəaliyyətinin böyük hissəsini erməni maraqlarına xidmətə həsr edib” ÖZƏL-RƏY

“Ötən həftə Türkiyə öz müttəfiqi olan ABŞ-dan dalbadal son illərin ən ağır zərbələrini aldı. Əvvəlcə Bayden administrasiyası Türkiyənin “F-35 proqramı”ndan çıxarıldığını elan etdi. Nəticədə, qardaş dövlətimiz 1.3 milyard gəlirdən məhrum oldu. Sonra ABŞ hökuməti vətəndaşlarına Türkiyəyə səfər etməməyi məsləhət gördü. Bəhanə kimi koronavirusun yüksək həddə yayılması və hüquqazidd həbsolunma təhlükəsi göstərildi. Daha sonra Cozef Bayden nəhayət altı aydan sonra prezident Ərdoğanla danışmaq qərarına gəldi və onu xəbərdar etdi ki, “erməni soyqırımını” tanımaq qərarına gəlib. Ertəsi gün uzun illər arzuladığı addımı atdı və öz müttəfiqinin kürəyindən növbəti xain zərbəni vurdu. Elan etdi ki, Osmanlı dövləti ötən əsrin əvvəllərində “məzlum” erməni xalqına qarşı “soyqırım” törədib”. Bunu ANAP-ın sədri Abutalıb Səmədov “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Baydenin 1915–ci ildə ermənilərə qarşı “soyqırım” törədilməsi və 1.5 milyon erməninin öldürülməsi barədə bəyanatı acı təəssüf və hiddət doğurmaya bilməz: “Bundan əvvəlki prezidentlərin seçkiqabağı kampaniya dövründə söz vermələrinə baxmayaraq, reallıqları, tarixi və hüquqi məsələləri öyrəndikdən sonra “soyqırımı” tanımaq fikrindən vaz keçmələri prezident Baydenin də bu cür davranacağına müəyyən ümidlər yaratmışdı. Lakin ümidlərimiz doğrulmadı və dünyanın ən böyük dövlətinin başçısı tarixi həqiqətləri və hüququ tapdalayaraq belə bir bəyanatla çıxış etdi. 1914-cü il siyahıyaalmasına görə Osmanlıda cəmi 1.3 milyon erməni olduğu halda 1.5 milyon erməninin “soyqırım”a məruz qaldığını iddia edən Cozef Bayden bu addımın hansı nəticələrə gətirib çıxaracağını düşünmək istəmədi, yaxud, düşünə bilmədi”.

A.Səmədov onu da bildirdi ki, fəaliyyətinin böyük hissəsini erməni maraqlarına xidmətə həsr edən, Azərbaycana qarşı ədalətsiz “907-ci düzəlişin” qəbul olunmasında “mühüm” rol oynayan bir şəxsin bu cür addım atacağı tamamilə gözlənilən idi: “Onun bu bəyanatından ruhlanan Avropa parlamentinin vitse-spikeri Fabio Kastaldo bir az da qabağa gedərək Avropa birliyinə daxil olan ölkələrə xüsusi qanun qəbul etməyi təklif etdi. “Soyqırımı” cəmi 30 dövlətin tanımasını yolverilməz sayan Kastaldo bu sayı artırmağın zəruriliyini bəyan etdi və gələn il “soyqırım abidəsini” ziyarət etmək xəyallarını da dilə gətirdi. ABŞ-ın son dövrlər 44 günlük vətən müharibəsində qazandığımız möhtəşəm qələbəni görməzdən gəlməsi göstərir ki, erməni maraqlarına xidmət “soyqırımı” tanımaqla bitməyəcək və olmayan “Qarabağ münaqişəsinin” həlli istiqamətində reallıqlarla uzlaşmayan təkliflər verilməsi bundan sonra da davam edəcək. ABŞ Silahlı Qüvvələrinin Kollecində keçirilən müzakirələr və Minsk Qrupu həmsədrlərinin bir neçə gün əvvəl verdikləri bəyanat erməni maraqlarına “xidmətin” bitmədiyini və bundan sonra davam edəcəyini göstərir. Bu cəhdlərin qarşısını almaq üçün xalqımız və ilk növbədə siyasi partiyalar bir yerdə olmalı və qardaş Türkiyə ilə birlikdə bu qəsdlərin qarşısını almağa çalışmalıyıq.”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə