"Sərhədsiz repartyorlar"a "qara rəng" dəstəyi, Yaxud Cəmil Həsənli kimi milli mənliyini itirənlər xəyanətlərini hansı rəng çaları ilə dəyərləndirirlər?
Ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən "Sərhədsiz repartyorlar" mətbuata dəstək təşkilatı dünya üzrə birillik Mətbuat Azadlığı İndeksini dərc edib. Təşkilat özünün çirkin ənənəsinə sadiq qalaraq növbəti dəfə şər və böhtan dolu hesabatı ilə beynəlxalq aləmə ağı qara, qaranı isə ağ rəngdə təqdim edib. Bu hesabatın da əvvəlkilərin davamı olaraq sifariş əsasında hazarlandığı artıq heç kəsə sirr deyil. Hesabatda Azərbaycanla Ermənistanın qərarlaşdığı yerlərə diqqət yetirsək bu üzdəniraq təşkilatın fəaliyyətini geniş şərh etməyə ehtiyac görmərik. Belə ki, dəyərləndirməyə əsasən mətbuat azadlığına görə Ermənistan 180 ölkə arasında 60-cı, Azərbaycan isə 167-ci yerdə qərarlaşıb. Təbii ki, bu, Azərbaycana yönələn növbəti qərəzli yanaşmanın göstəricisidir. Bu, təkzibolunmaz faktdır ki, Azərbaycan daim beynəlxalq qeyri-hökumət təşkilatlarının qərəzli yanaşmaları ilə üz-üzədir. "Freedom House", "Amnesty İnternational" və digər beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında da Ermənistan "azad", Azərbaycan isə "qeyri-azad" ölkələr sırasında yer alır. Demokratiyanın boğulduğu, insan hüquqlarının, mətbuat azadlığının kobud şəkildə pozulduğu işğalçı ölkənin "azad", demokratiya təcrübəsi nümunə olan, azad medianın inkişafı istiqamətində davamlı addımları təqdir edilən Azərbaycanın hesabatlarda qərarlaşdıqları yerlər təəccüb doğurmaya bilməz. Amma Azərbaycan heç zaman belə yanaşmalara görə ruhdan düşməyib, daim irəli baxıb, real siyasəti ilə belə qərəz, şər və böhtan dolu təbliğatları alt-üst edib.
Hesabatın əhatə etdiyi birillik dövrə nəzər salanda "Sərhədsiz repartyorlar" tərəfindən aparılan belə dəyərləndirmə yalnız və yalnız ikrah doğurur. Yaddan çıxarmayaq ki, dünya, o cümlədən ölkəmiz pandemiya ilə mübarizə aparır, virusa qalib gəlmək üçün Azərbaycan son bir ildə dünyaya birlik, həmrəylik çağırışını edərək irəli sürdüyü təşəbbüslərlə diqqətdə olub, ölkəmizin koronavirus infeksiyası ilə mübarizə təcrübəsi beynəlxalq səviyyədə təqdir edilib, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın qlobal problemə qarşı qlobal çağırışlarını dəstəkləyərək ilk gündən bu proqnozu açıqladı ki, Azərbaycan COVID-19-la mübarizədən az itki ilə çıxacaq. Belə bir həssas məqamda qeyd edilən hesabatın qərəzliliyi özünü daha qabarıq şəkildə büruzə verir.
Bu, məsələnin bir tərəfidir. Digər mühüm məqam isə odur ki, 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın bütün sahələrdə malik olduğu imkanları dünyaya təqdim etdi. Ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə dünyanın diqqətində olan dövlətimizin başçısı İlham Əliyev 44 gündə Azərbaycanın həm döyüş meydanında, həm də informasiya cəbhəsində qələbəsini, üstünlüyünü təmin etdi. Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə 30-dan artıq xarici media orqanlarına müsahibələri, həmçinin postmüharibə dövründə, fevralın 26-da 4 saatdan artıq müddətdə 35-dən artıq yerli və xarici media nümayəndələrinin 50-yə yaxın suallarını cavablandırması, yerli və xarici media nümayəndələrinin vasitəsilə mesajlarını dünya birliyinə çatdırması dövlətimizin başçısının mətbuata nə qədər açıq olduğunu ortaya qoydu.
Bu qısa təhlilimiz "Sərhədsiz repartyorlar"ın ölkəmizə qarşı nə dərəcədə qərəz nümayiş etdirdiyini ortaya qoydu. Amma bu gün diqqəti çəkən məqam anti-Azərbaycan dairələrin əlində Azərbaycana qarşı təzyiq aləti olan bədnam "Milli Şura"nın oyuncaq sədri Cəmil Həsənlinin bu hesabata həqiqət donu geyindirib ictimai fikri çaşdırmağa cəhdlər etməsi, paylaşımları ilə diqqəti özünə çəkmək istəyidir. Paylaşımda yer alan fikirlər bu antimilli ünsürün düşmən dəyirmanına nə qədər böyük həcmdə su tökdüyünü, ermənilərin və ermənipərəst dairələrin əlində oyuncağa çevrildiyini açıq-aşkar təsdiqləyir. Belələrinin Azərbaycan xalqının adından danışmağa mənəvi haqqı ola bilməz. Vətən müharihəsinin getdiyi dövrdə 50 siyasi partiyanın dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərinin ifadəsi olaraq onun ətrafında sıx birləşmələri fonunda üzdəniraq "milli şuraçı"ların seyrçi mövqedə dayanıb satqınlıqlarını, xəyanətkarlıqlarını bir daha büruzə vermələri ikrah doğurdu, onlara qarşı ictimai qınağı birə on qat artırdı. Daim bu çağırış edilir ki, ümummilli məsələlərdə iqtidar-müxalifət münasibətləri bir kənara qoyulmalı, dövlət maraqları hər şeydən üstün tutulmalıdır. 50 siyasi partiya bu mövqeyi ortaya qoydu. Ermənilərin maraqlarının müdafiəçisi kimi çıxış edən cəmil həsənlilər isə əksinə, erməni dəyirmanına su tökməkdə davam etdilər. Bu antimilli ünsürlər unudurlar ki, dövlətinə, xalqına xəyanət yolunu tutmaq heç kimə başucalığı gətirməz. Cəmil Həsənli paylaşımında nədənsə Ermənistanın hansı meyarlara görə öndə olduğunu açıqlamayıb. Əgər bir illik zamana nəzər salsaq görərik ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda qarşıdurmalar pik həddinə çatıb. Həbslər kütləvi xarakter alıb, mətbuatın baş verənləri qələmə almasına qadağalar qoyulub. Bəs, demokratiyadan, mətbuat azadlığından dərs keçmək iddiasında olan "Sərhədsiz repartyorlar" niyə hesabatlarında Ermənistanı aydan arı, sudan duru kimi təqdim edir? Ermənipərəst dairələrin sifarişləri əsasında hazırlanan belə cılız hesabatlar heç zaman həqiqəti əks etdirə bilməz. Reallıq budur ki, müəyyən təşkilatlar sanki Azərbaycanı qaralamaqla bağlı bir-biri ilə yarışa giriblər. Bu yarışlar həmin qurumların ədalət meyarını nə qədər ayaq altına atdıqlarını ortaya qoyur.
Şübhəsiz, belə yanlış dəyərləndirmələr Azərbaycanda söz və mətbuat azadlığına kölgə sala bilməz. Çünki ölkəmizdə demokratik cəmiyyət mövcuddur. Bu cəmiyyətin əsas atributlarından biri də məlumat, söz və fikir azadlığının mövcudluğudur. Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, internetin azad olduğu ölkədə heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Ölkə əhalinin 85 faizi internet istifadəçisidir. Bu reallığın fonunda xarici anti-Azərbaycan dairələrin sifarişləri əsasında ərsəyə gələn belə hesabatlar kimlərəsə xoş gəlməkdən, ən əsası lazımsız kağız parçasından başqa bir şey deyil. Prezident İlham Əliyev daim çıxışlarında bu fikri bildirir ki, Azərbaycana qarşı qərəzli mövqedə dayanan, qarayaxma kampaniyası aparan qüvvələrin olduğunu unutmamalıyıq. Onların belə əsassız, qərəzli təbliğatlarına qarşı reallıqları qoymalıyıq. Ermənipərst dairələrə dəstək olan "sapı özümüzdən olan baltalar" qul psixologiyalarını bir kənara qoyub həqiqətlərə dövlətimizin, xalqımızın maraqları prizmasından yanaşsalar bataqlıqdan çıxar, az da olsa ictimai rəydə özləri barədə formalaşdırdıqları mənfi reputasiyada dəyişikliklər edərlər. Amma düşünürük ki, qozbeli qəbir düzəldər.
Xəyanətkar Cəmil Həsənli paylaşımında Azərbaycanda mətbuatın inkişaf səviyyəsini qara rəngdə təqdim edəndə görəsən özünün satqınlığını hansı rəng çaları ilə dəyərləndirmiş olur? 44 günlük Vətən müharibəsində bir kənara çəkilib Azərbaycandan çox Ermənistan üçün narahatlıq keçirən cəmil həsənlilərin, əli kərimlilərin bu gün qeyd olunan hesabatı belə bəh-bəhlə şərh etmələri səbəbsiz deyil. Azərbaycanın Vətən müharibəsində hərbi-siyasi Qələbəsi, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etməsi sözsüz ki, ermənipərəst mövqeli cəmil həsənliləri narahat edəcək, bu qısqanclıqlarını ölkəmizin əleyhinə tənqidi fikirlərlə nümayiş etdirəcəklər. Azərbaycana Qələbə sevincini yaşadan qalib ölkənin qalib Lideri kimi dövlətimizin başçısı İlham Əliyevin ünvanına yanlız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də səslədirilən xoş fikirlərə cəmil həsənlilərin diqqət yetirmələri kifayət edər.
Cəmil Həsənlinin belə mövqeyi heç kimi təəccübləndirmir. Başqa sözlə, Ə.Naibovun "Daş yuxular"ına, Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü"nə haqq qazandıran üzdəniraq "tarixçi alim"in mətbuatımıza kölgə salması başadüşüləndir. Millətini aşağılayan, ermənilərin ayağına verən bir "ziyalı"ya hansısa adı verməkdə bu baxımdan çətinlik çəkirik ki, düşmən dəyirmanına su tökən bu satqınlar bütün mənfi keyfiyyətləri özlərində birləşdiriblər. Vətənə xəyanət yolunu tutan bir "ziyalı"nın özünü vətənpərvər saymağa haqqı varmı? Bunun cəzası ictimai qınaq, hər gün ünvanına səsləndiriləcək "Belə "ziyalı"ya ar olsun!" fikri olacaq. Cəmil Həsənli bu gün ölkəmizə qarşı qərəzli mövqe tutanlara dəstək verib mətbuatımızın inkişaf səviyyəsini aşağılamağa çalışanda tarixçi olduğunu unutmasaydı heç olmasa. 44 günlük Vətən müharibəsi dövründə bircə dəfə qələmini əlinə alıb tarixi faktların dili ilə mənfur düşmənə və ona havadarlıq edənlərə tarix dərsi keçərdi. Cəmillərin bu gün Azərbaycana Zəfər qazandırdığı üçün tənqid atəşinə tutduqları dövlətimizin başçısı İlham Əliyev 44 gündə dünyaya tarix, hüquq və milli qürur dərsi keçdi. İnformasiya müharibəsini xarici KİV-lərə verdiyi müsahibələri ilə yüksək səviyyədə aparan Müzəffər Ali Baş Komandanın beynəlxalq səviyyədə unvanına səsləndirilən, həqiqəti özündə əks etdirən fikirlər niyə "sapı özümüzdən olan baltaları" belə qıcıqlandırır? Hər zaman xalqına güvənən cənab İlham Əliyev bu birliyi, həmrəyliyi müharibə dövründə dəmir yumruğu ilə düşmənə göstərdi. 30 ildə bir dəfə də olsun qaçqın-köçkün həyatı keçirən soydaşlarımızın ağrı-acısına məlhəm olmayan, onları yada salmayan cəmil həsənlilər isə uşaq qatili erməniləri dəstəkləməkdən yorulmadılar. Heç yorulmayacaqlar da. Çünki vicdanlarını, əqidələrini pula satanları, milli mənliyini itirənləri danışdıran erməni və ermənipərəst himayədarlarından aldıqları, özləri üçün "yaşıl işıq" hesab etdikləri pullardır. Amma undurlar ki, itirilmiş mənəviyyatlarını milyonlar xərcləsələr belə geri qaytara bilməzlər. Bu üzdəniraqlar şəhidlərimizin qanı bahasına qazanılan Qələbəmizə qara yaxaraq cəmiyyəti çaşdırmağa çalışırlar. Milli Ordumuzun döyüş təcrübəsinin digər ölkələrin hərbçiləri tərəfindən bəyənildiyi, öyrənildiyi bir məqamda əsgər və zabitlərimizin qanı-canı bahasına qazanılan uğurlarımızla bağlı böhtanlar söyləmək şərəfsizlik, satqınlıq, millətə xəyanətdir. Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bundan qürur duymaq gərəkdir. Qarabağ müharibəsində qazandığımız Zəfərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, xalqımıza ardı-arası kəsilmədən təbriklər gəlir. Amma səsi eşidilməyən yalnız və yalnız antimilli qüvvələr oldu. Tarix heç nəyi silmir. Xalqımız torpaqlarımızı satanların kimlər olduğunu, onu özümüzə qaytaranların kim olduğunu gördü.
Bugünümüzün reallığı budur ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçilik edir. Digər sahələr kimi, mətbuatımız da zamanın, dövrün tələblərinə uyğun təkmilləşir, yeniləşir. Söz, mətbuat azadlığının inkişafı, mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-lərin maddi-texniki imkanlarının yaxşılaşdırılması, jurnalistlərin peşə bacarığının yüksəldilməsi və hüquqlarının qorunması üçün həyata keçirilən tədbirlər, mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranın ləğvi müstəqil KİV-lərin inkişafı istiqamətində atılan önəmli addımlardandır.
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq qaldı. Dövlətimizin başçısı "Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik" söyləyərək bu sahədə demokratiyanın tələblərinə uyğun islahatların aparılmasını daim diqqətdə saxlayır. Ulu öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin üç dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi onun mətbuatın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Bu gün ölkəmizdə azad mətbuatın inkişafına yönələn addımları xeyli sayda sadalaya bilərik. Düşünürük ki, gözləri xaricdəki ağalarından aldıqları qrantların müqabiləndə kor, qulaqları kar olan cəmil həsənlilər üçün heç bir uğurumuz maraqlı deyil. 30 ilin işğalına son qoyulub, tariximizə yazılan Zəfərdən kədərlənən belələrinə hansısa adı verməkdə də çətinlik çəkirik. Bu gün ölkəmizdə mətbuat azadlığı, fikir plüralizmi olmasaydı, cəmil həsənlilər düşüncələrinin məhsulu olan yalnış fikirləri ilə gündəmi ələ almağa səy göstərməz, müxalifət mətbuatlarında düşmən dəyirmanına su tökdüklərini ortaya qoyan yazılarla ictimai fikri çaşdırmağa cəhdlər etməzdilər. Deməli, Azərbaycanda azad mətbuat var, hər kəs öz fikrində sərbəstdir. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, mənliyini, vicdanını itirən, ziyalı adına ləkə olan, xalqına, dövlətinə xəyanət yolunu seçib, özünü təhqirlərin və tənqidlərin ünvanladığı "məkana" çevirən, damarlarından azərbaycanlı yox, erməni qanı axan xəyanətkarlardan yalnız və yalnız uğurlarımıza kölgə salmağa çalışanlara dəstək vermələrini gözləmək olar. Belələrinə xalqın nifrəti tükənən deyil.
Vüqar Rəhimzadə,
"İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB