Vətən sevgisi - yurd keşiyi

Yola saldığımız 2020-ci il ölkəmizin tarixinə şanlı səhifə kimi yazıldı. Şübhəsiz ki, bu ilin ən böyük hadisəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması oldu. 30 ilə yaxın həsrətində olduğumuz Qarabağ işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu. Bu, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Ulu öndər Heydər Əliyevin ideyalarına söykənən siyasətinin, diplomatiyasının möhtəşəm uğuru və Ali Baş Komandan kimi sərkərdəlik məharətinin, ölkədə bərqərar olan milli birliyin, şanlı ordumuzun və cəngavər əsgərlərimizin, zabitlərimizin qələbəsidir. Vətən Müharibəsi bu həqiqəti bir daha təsdiq etdi ki, qələbənin əldə olunmasında iqtisadi və hərbi potensiallarla yanaşı, mənəvi potensiallar və meyarlar da çox önəmlidir və daha böyük əhəmiyyət kəsb edir. Nəbzi vətənin nəbzi ilə vuran, təməlinə möhkəm bağlı olan insanlarımızın döyüş ruhunu görən düşmən bundan vahiməyə düşür və qaçmağa üz qoyurdu.Müharibə Ulu öndər Heydər Əliyevin vətənpərvərlik ideyalarının,vətənimiz üçün iftixar hissinin, vətənin müdafiəsinə hazır olmaq hissinin gənc nəslin şüurunda möhkəm bərqərar olduğunu əyani surətdə göstərmiş oldu. Azərbaycan əsgərinin hünəri, cəsarəti, cəngavərliyi kor-koranə hərəkət deyildir. O insanın öz həyatını şüurlu surətdə qurban verdiyi işin düzgünlüyünə inamdan doğur. Zaman erməni faşizminin darmadağın edilməsinin böyük əhəmiyyətini getdikcə daha da artıracaq. Bununla belə faşizmin ardıcıllarına və müdafiəçilərinə hələ də təsadüf edildiyi bir vaxtda daha da ayıq-sayıq,daha da sərvaxt olmalıyıq. Ermənistanın və erməniliyin intiqam hissi ilə yaşadığını heç bir vaxt unutmamalıyıq. Xalqımıza qarşı düşmənçilik siyasəti yeridən Ermənistanın təcavüzkar təbiətinə və saxtakarlıqlarına qarşı mübarizə ideoloji fəaliyyətimizdə öz aktuallığını hər zaman saxlamalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar mühüm tarixi əhəmiyyətə malik Sərəncam imzalamışdır. Dahi şair və mütəfəkkirin anadan olmasının 880 illiyinin qeyd olunması ilə yanaşı, Sərəncam Nizami irsinə yeni baxış üçün imkanlar açır. Nizami Gəncəvinin əsərləri bütün dövrlərdə olduğu kimi, indi də aktualdır, bəşəridir, müasirdir. Onun dühasının qüdrəti əsrlərin dərinliklərindən mətanətlə keçərək bu gün də köməyimizə çatır, yol göstərir. Hələ ikinci dünya müharibəsi dövründə Leninqradda dahi şairin yubileyinin keçirilməsi münasibətilə Nikolay Tixonov yazmışdı: “Nizami zülmət və şər qüvvələrə qarşı mübarizədə bizim müttəfiqimizdir.” Sərrast deyilmiş bu sözlər günümüzlə də çox səsləşir. ”İsgəndərnamə” poemasında şair vətəni sevməyin, onu qorumağın zəruriliyini qeyd etməklə yanaşı,onun yadelli işğalçılardan qorunması və əsarətdən azad olunması yollarını da göstərir. Nizaminin vətənpərvərlik ideyasına görə vətəni hamı sevməli və qorumalıdır.2021-ci ili “Nizami Gəncəvi ili “ elan edən Prezident İlham Əliyevin fəaliyyəti dahi şairin baxışları, ideyaları və fəlsəfəsi ilə necə də gözəl səsləşir.

Can yandırsan orduna, məmləkətə, yurduna

Arxalana bilərsən öz xalqına, orduna.

Bütün fəaliyyətini milli maraqlar üzərində quran, xalqın etimadını, məhəbbətini qazanan, milli birliyə, həmrəyliyə nail olan, ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxaran ölkə Prezidenti, Ali Baş Komandan bunlara arxalanaraq “Dəmir yumruq” əməliyyatı ilə 44 gün ərzində tarixi zəfərə imza atdı.

Bu qələbənin qazanılmasında Azərbaycan Prezidentinin qətiyyəti, cəsarəti, iradəsi, yenilməzliyi, eyni zamanda dəmir məntiqi, siyasəti və diplomatiyası müstəsna rol oynadı. Böyük mütəfəkkir deyirdi:

Bu dünya səsiylə səsləşənindir,

Dövranla düz gəlsən dövran sənindir.

Dünya onunla bacaran hər bir kəsə sevinc gətirir. Ölkə başçısının bütün çıxışları, nümayiş etdirdiyi iradə onların arxasındakı resurslara tam uyğun idi və onunla hesablaşmaq qaçılmaz idi. Eyni zamanda, İlham Əliyevin siyasəti, diplomatiyası “dövranla düz gəlir” və region ölkələrinin maraqları ilə uzlaşır. Ermənistanın baş naziri isə bunların əksinə olaraq müharibənin əvvəlindən havadarlarına arxalanaraq ölkəsinin boyundan və imkanlarından böyük pafoslu çıxışlar edirdi. O, bu gün də yalan və şantaj dolu çıxışlarını davam etdirir və getdikcə daha da artıq dərəcədə iflasa uğrayır. Reallıq isə öz işini görməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müasir Azərbaycan tarixinin sükançısı kimi ölkəsinin maraqlarının və mənafeyinin keşiyindədir.

Məzahir Bayramov,

YAP Tovuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə