"Qarabağın hərbi yolla həlli yeganə çıxış yolu idi" EKSPERT AÇIQLADI

“Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkında dünənki çıxışı bir daha onu göstərdi ki, Qarabağın hərbi yolla həlli yeganə çıxış yolu idi və Azərbaycan bu yolda öz qətiyyətini nümayiş etdirdi. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün Ermənistana kifayət qədər vaxt tanıdı, 30 ilə yaxın davam edən danışıqlarda iştirak elədi, hətta ölkəmizin maraqlarına tam cavab verməyən Madrid prinsiplərinə razılaşdı. Lakin Ermənistanın o zamankı rəhbərliyi davamlı olaraq danışıqlardan qaçdı, daha sonra məlum Aprel döyüşlərindən və Azərbaycanın hərbi üstünlüyündən də düşmən nəticə çıxarmadı, nəticədə ötən il baş verən Tovuz hadisələri və Ermənistanın hücumu ölkəmizin səbrini tükətdi və ordumuzun əks hücumu torpaqlarımızın azad olunması ilə nəticələndi”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

“Əlbəttə ki, Azərbaycanın bu qətiyyətli addımı və torpaqları işğaldan azad etməsi üçün həm siyasi, həm də diplomatik zəmin yaranmışdı. Dünyanın ən aparıcı beynəlxalq təşkilatlarının qətnamələri Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı. Təbii ki, beynəlxalq təşkilatların mütləq dəstəyini almaq aparılmış davamlı siyasi və məharətli diplomatik səylərin nəticəsində mümkün olmuşdur. Məhz Prezident İlham Əliyevin bu sahədə apardığı düşünülmüş və davamlı siyasəti, iqtisadi və hərbi hazırlığımız bu reallığı yaratdı və cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan bölgədə yeni reallıq yaradıb və hər kəs bu reallıqla hesablaşmalıdır. Digər tərəfdən Prezident İlham Əliyev çıxışında bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistana yetətincə təzyiq göstərməmiş, verdikləri vədlərə əməl etməmişdir. Və Azərbaycan münaqişənin həlli mexanizmini tam olaraq öz üzərinə götürmüşdür.

Cənab Prezident çıxışında bildirdi ki, vaxtı ilə qərbdəki bəzi paytaxtlarda bir sıra post-sovet ölkələrində baş vermiş narıncı inqilabların Azərbaycanda da təkrarlanmasına çalışanlar bu istəklərinə nail olmadılar və əlbəttə ki, burada məqsəd Azərbaycanda sabitliyi pozmaq və onu hədəflərindən, ərazi bütövlüyünə gedən yoldan yayındırmaq idi. Azərbaycanın bu gün qazandığı hərbi uğurlarının arxasında heç sübhəsiz ki, Azərbaycanda uzun illərdir hökm sürən siyasi sabitlik oldu. Məhz Azərbaycanın sayəsində bu gün regionda yeni əməkdaşlıq formatı yarandı və bölgədə uzumüddətli sülhün və əməkdaşlığın gücləndirilməsi məhz bu münaqişənin həllindən irəli gəlir”-deyə, ekspert fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə