"Bu məğlubiyyətdən ciddi nəticə çıxarmalıdırlar" DEPUTAT FİKRİNİ BU CÜR BİLDİRDİ

"Prezident İlham Əliyev Qənimətlər parkında həm ölkəmiz, həm də beynəlxalq ictimaiyyət üçün xüsusi önəm daşıyan bir çox vacib mesajlar verdi. Əsas mesajlardan biri Ermənistanla bağlı idi. Azərbaycan 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın etdi. Güclü Ermənistan ordusu mifini tam dağıtdı". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistan baş verən ağır və acı məğlubiyyətdən ciddi nəticə çıxarmalıdır: "Əgər Ermənistanın revanşist qüvvələri yenidən baş qaldırmağa və ya yeni təxribatlar törətməyə çalışsa bunun qarşısı qətiyyətlə alınacaq, dəmir yumruq işə düşəcək. Ermənistan hazırkı durumdan daha ağır vəziyyətə düşəcək.

Ermənistana havadarlıq edən ölkələr də bu məğlubiyyətdən ciddi nəticə çıxarmalıdırlar. 5 milyard dəyərində Ermənistana silahın verilməsi, Ermənistanın davamlı silahlandırılması bölgədə gərginliyin daha da artmasına gətirib çıxardı. Xüsusilə "İskəndər-M" raketi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Bu günə kimə bu məsələ ilə bağlı yetərli açıqlama verilməyib. Bu silahları Ermənistan necə əldə edib?

Əvvəlki dövrlərdə də Prezident İlham Əliyev bu məsələyə dəfələrlə toxunub. Ermənistanın davamlı silahlandırılmasının yolverilməz olduğunu, bunun regionda vəziyyəti daha da gərginləşdirəcəyini bildirmişdi. Ancaq buna baxmayaraq həmin dövrdə Ermənistana davamlı silahlar daşınırdı. Nəticədə Ermənistan yeni təxribatlar törətməyə çalışdı. Tovuz hadisələrini törətdi. Sentyabrın 27-i yenidən Azərbaycana hücum etdi.

Prezident 30 ilə yaxın müddətdə aparılan danışıqlarla bağlı da bir sıra vacib məqamlara toxundu. Ermənistanın davamlı olaraq yalan vədlər verdiyini, danışıqlar prosesini pozmağa çalışdığını qeyd etdi.

Prezident uzun illərdir ölkəmizdə sabitliyi pozmağa cəhd edən, hakimiyyət dəyişikliyinə çalışan daxili və xarici qüvvələrə də ciddi mesajlar verdi. Bir sıra ölkələrdə rəngli inqilablar həyata keçirən müəyyən dövlətlər Azərbaycanda da bunu həyata keçirməyə çalışırdılar. Ancaq Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində xarici qüvvələr buna nail ola bilmədilər. Bu kimi cəhdlərin qarşısı qətiyyətlə alındı.

Bu gün Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkəmiz sürətlə inkişaf edir, günü-gündən uğurları artır. Azərbaycan xalqı bütün bu qələbə və uğurlara məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nail olub".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə