Azərbaycan Prezidenti İlham Əliyevin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasəti, qətiyyətli iradəsi sayəsində yeni zəfərlər qazanan ölkəmiz multikultural dəyərləri təşviq edir, dünyanı həmrəyliyə dəvət edir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ekstremizm, radikalizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və islam dünyasının inkişafına öz töhfəsini verir. İnkişaf dövrünü yaşayan Azərbaycan mövcud olan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrildiyindən, bu gün ölkəmiz dini tolerantlığın ünvanı olaraq da dünyada tanınır. Müxtəlif dini mənsubiyyətə malik insanların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss etməsi də Azərbaycanda tolerantlıq mühitinin əsas göstəricisidir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşıb. Azərbaycanda dövlətin dəstəyi ilə sinaqoqlar, məscidlər, kilsələr tikilib, bərpa olunub və bu, davam etməkdədir.
Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayır və hüquqları tam təmin edilir, müqəddəs hesab olunan milli-dini bayramların keçirilməsinə yüksək şərait yaradılıb. Müstəqil dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Bildiyimiz kimi, aprelin 14-dən orucluq ayı başlanılır. Belə ki, 1442-1443-cü hicri-qəməri (2021-ci il miladi) təqvimi ilg Azərbaycan ərazisində təzə Ayın görünməsi 13 aprel tarixində baş verdiyindən Ramazan ayının 1-i 2021-ci il 14 aprel tarixindən başlaması təsdiqlənmişdir. Odur ki, 2021-ci il 14 aprel tarixini Ramazan ayının birinci günü kimi qəbul edilir. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşayırlar. Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş olacaq. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə bilgcəklər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanacaqlar. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.
Bildiyimiz kimi, QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva qəbul edib. Fətvada deyilir: “Müqəddəs Kitabımız “Qurani-Şərif”də Allah-Təala bizlərə buyurur: “Sizlərdən (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar...” (Bəqərə,185). Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını, o cümlədən ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq daxil olan məktubuna əsasən bu il üfüqümüzdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 2021-ci il 14 aprel tarixinə təsadüf edəcək. Biz bu ilin Ramazan ayına qalib xalq, 30 illik işğala son qoymuş Vətən müharibəsində Zəfər çalmış millət kimi qədəm qoyuruq. Bizə bu səadəti yaşatdığına görə Azərbaycan dindarları Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəyliyinə, dövlət-xalq birliyinə güvənən Müzəffər Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə hər zaman dualar, qələbələrimiz üçün Uca Allaha həmd-sənalar edirlər. Fətvada deyilir: “Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizə Allah-Təaladan rəhmət, qazilərimizə şəfa diləyirik. Ərazi bütövlüyümüzün bərpa olunması, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin edilməsi, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraitinin qurulması və vandalizmə məruz qalmış dini məbədlərin, o cümlədən məscidlərin bərpası istiqamətində fövqəladə zəhmətlərinə görə Müzəffər Liderimiz Zati-aliləri Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir və onlar üçün xeyir-dualar edirik”.
O da qeyd olunur ki, builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimizin böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Vaksinləşmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksəldin alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir. Yoluxmaların artma təhlükəsi olduğundan xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsi tövsiyə edilir, İftar süfrəsinin hər kəs evdə yalnız ailə üzvlərinin iştirakı ilə açması tövsiyə olunur.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB