Musa Qasımlı: “Dövlət müstəqilliyimizin bərpası zaman baxımından qısa müddətli olsa da inkişaf baxımından bəzi ölkələrin keçdiyi yüz illərə bərabərdir” - AÇIQLAMA

Musa Qasımlı: “Dövlət müstəqilliyimizin bərpası zaman baxımından qısa müddətli olsa da inkişaf baxımından bəzi ölkələrin keçdiyi yüz illərə bərabərdir” - AÇIQLAMA

"Dövlət müstəqilliyimizin bərpası zaman, tarix baxımından qısa müddətli olsa da keçilən yol və inkişaf baxımından bəzi ölkələrin keçdiyi yüz illərə bərabərdir". Bu sözləri SİA-ya tarix elmləri doktoru , millət vəkili Musa Qasımlı açıqlamasında deyib.

O bildirib ki, ötən illərdə Azərbaycan ictimai-siyasi sahədə xaosdan, anarxiyadan, hərcmərclikdən sabitliyə, dağılmaqda olan dövlətdən güclü dövlətə, parçalanmaqda olan ölkədən vahid qüdrətli ölkəyə gəlib çatıb.

Onun sözlərinə görə, ölkəmizdə sabit, davamlı inkişafın təməlləri qoyulur, ənənəsi olan müasir, modern dövlətin qurulması üçün addımlar atılır. "Bu illər ərzində ölkə vətəndaş qarşıdurmasından milli birliyə, vətəndaş sülhünə gəldi, demokratikləşmə ölkəmizin həyatının ayrılmaz hissəsinə çevrildi. İqtisadi sahədə azad bazar iqtisadiyyatına keçilib. Bərabər imkanların yaradılması istiqamətində islahatlar həyata keçirilib. Ötən müddətdə ölkəmiz iqtisadi cəhətdən özünün təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib, iqtisadi cəhətdən heç bir ölkədən asılı olamadan öz ərzaq təhlükəsizliyini ölkəmiz təmin edib"- deyə tarix elmləri doktoru qeyd edib.

Açıqlaması zamanı bu müddət ərzində ölkədəki ordu quruculuğu bağlı aparılan işləri xüsusi vurğulayan millət vəkili söyləyib ki, qısa müddət ərzində ölkəmizdə hərbi sahədə ayrı-ayrı silahlı dəstələr tərk-silah edilib, ölkəmizi xarici təcavüzdən qorumaq, işğal altında olan əraziləri azad etmək gücündə olan qüdrətli bir ordu yaradılıb: "Bu illər ərzində xalqımızın milli ruhu yüksəlib, dövlətçilik, vətənpərvərlik hissləri artırılıb. Azərbaycan xalqına layiq yeni bir Azərbaycan yaradılıb. Ölkənin ərazisinin bir hissəsi işğal altında olmasına, qaçqın və məcburi köçkünlərin olmasına baxmayaraq Azərbaycan bu yolda inkişaf edib. Bütün bunlar bilavasitə ölkədə həyata keçirilən siyasətlə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə