Rusiya və Pakistanın strateji əməkdaşlığına Ukrayna mane olur?
Rusiyanın Kommersant qəzeti xarici işlər naziri Lavrovun Hindistandan dərhal sonra Pakistana iki günlük səfərini maraqlı aspektlərdən şərh edib. Qeyd edilir ki, Rusiya XİN başçısı rolunda 10 illik fasilədən sonra İslamabada rəsmi səfərə gəlib və həm də çox ehtiyatla, fikirləri, diplomatik gedişləri dəfələrlə ölçüb-biçərək... Niyə?
Qəzet yazır ki, Pakistan regional lider dövlət olmaqla yanaşı hələ heç bir dövlətin həll edə bilmədiyi bir problemi - Əfqanıstan məsələsini addım-addım həll etməyə yaxındır. Ona görə də heç bir dövlət rəsmisi səfərlərində boş kağıza nöqtə-vergül qoymaq arzularını ağıllarının ucundan belə keçirmək istəmirlər.
Beləliklə, Rusiyanın lap əvvəldə hesabladığı və həyata keçirilməsi üçün vaxt gözlədiyi "strateji etibarlıq" Ukraynanın İslamabadla bağladığı sazişlərlə bir anda dalana dirəndi. Söhbət ötən ilin aprel ayının sonunda Pakistan Silahlı Qüvvələrinin Baş komandanı Kamar Caved Bacvanın Kiyevə rəsmi səfərindən gedir. Rusiya ilə Ukrayna arasında, Donbasda baş verən qarşıdurmaların genişlənməsi fonunda, hər an müharibənin baş verəcəyi bir vaxtda Pakistan Ordusunun Baş komandanının "Biz Kiyevlə bütün istiqamətlərdə əlaqələrimizi genişləndirəcəyik" deməsi Moskvanı İslamabadla münasibətlərə yenidən baxmağa sövq etdi.
İslamabada getməzdən əvvəl Lavrov Hindistanın xarici işlər naziri Subhamaniyam Cayşankarla görüşüb. Mətbuat konfransında maraqlı, amma hər iki dövlət naziri üçün çətin anlar yaşanıb. Belə ki, Hindustan Times qəzetinin müxbirinin Pekinlə Dehlinin və Dehli ilə İslamabadın münaqişə həddində olduğu bir vaxtda hər üç ölkə ilə Rusiyanın strateji əməkdaşlığı necə qurula bilər, sualına hər iki nazir susmaqla münasibət "bildiriblər".
Sergey Lavrov Pakistan paytaxtında düz 10 il olmayıb, əvvəlki səfər 2012-ci ildə baş tutub və çox gərgin keçib. Bunu da səbəbləri var. Həmin vaxt İslamabadda "Düşənbə dördlüyü"nün (Rusiya, Pakistan, Əfqanıstan və Tacikistan) sammiti keçirilməli idi. Sammitdə dövlət başçıları səviyyəsində görüş nəzərdə tutulmuşdu. Amma Putin sammitə gəlmədi, əvəzində Rusiyanı xarici işlər naziri Lavrov təmsil etməli oldu. Məsələ burasındadır ki, diplomatik qalmaqala səbəb Putinin sammitə gəlməməsi, Lavrovun Rusiyanı təmsil etməsi yox, Putinin Pakistanın Hindistanla müharibə vəziyyətində olması səbəbindən tədbirə qatılmaması oldu. Rusiya prezidenti açıq şəkildə, birbaşa nümayiş etdirdi ki, Hindistana görə sammitə qatılmır. Beləliklə 10 ildir ki, Putinin səfər qrafikində İslamabadın adı yoxdur. Əvəsində Şanxay sammiti çərçivəsində Putinlə Pakistanın baş naziri İmran Xan arasında qısa görüş keçirilib. Həmçinin İmran Xanla Lavrovun BMT Baş Assambleyasının 74-cü sessiyasında da görüşü olub.
Rusiya ilə pakistan arasında strateji tərəfdaşlıq səviyyəsində başlanan yaxınlaşma fonunda Ukraynanın aktivləşməsini görməmək olmur. Bu ilin aprel ayının əvvəlində Ukraynanın Pakistandakı səfiri Markiyan Çuçuk İslamabadda bu ölkənin quru qoşunlarının qərargah rəisi Kamar Cavad Bacva ilə görüşüb. "Ukroboronprom" şirkətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq, hərbçilərin qarşılıqlı təcrübə mübadiləsi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik məsələləri müzakirə olunub, razılaşmalar əldə edilib. Çuçuk quru qoşunlarının baş qərargah rəisini ölkəsinin Baş naziri Denis Şmıqalın adından Kiyevə rəsmi səfərə dəvət edib. Dəvət razılıqla qarşılanıb və aprelin sonunda mümkünlüyü dilə gətirilib.
Ukrayna tərəfinin verdiyi məlumata görə, səfər zamanı ölkələr arasında bütün hərbi sferalar üzrə münasibətlərin dərinləşməsi, əlaqələrin genişlənməsini nəzərdə tutan müqavilələrin bağlanması da nəzərdə tutulur.
Və bu xəbərlər, əlbəttə, Rusiya tərəfini narahat etməyə bilməz. Nəzərə alsaq ki, son illər neoimperialis dövlətlərin çabalarına rəğmən yeni regional hərbi birliklər yaranmaqdadır. Bu birliklər həm də ən yeni, modern silahların tətbiqində dünyaya səs salıblar. Məsələ burasındadır ki, yeni regional hərbi birliklərə qoşulmaq istəyənlərin əksəriyyəti də imperialist dövlətlərin cəngindən qurtulmaq istəyənlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB