Terrorçuların qaytarılması danışıqlar predmeti deyil - ŞƏRH ÖZƏL

Terrorçuların qaytarılması danışıqlar predmeti deyil - ŞƏRH ÖZƏL

“Paşinyanin Rusiya səfərinin əsas məqsədlərindən biri məhz seçki marafonuna başlamaq üçün “xeyir-dua” və təlimat almaqdan ibarət idi. Seçkidə isə ona mane ola biləcək əsas məsələlərdən biri də məhz itkin düşən əsgərlər və əsirlərlə bağlı məsələdir. Daha doğrusu o dəfələrlə bu şəxslərin valideynləri və qohumları ilə görüşlərində mütləq şəkildə onların qaytarılacağı sözünü verib. Lakin heç bir vədinə də əməl edə bilməyib. Azərbaycan tərəfi bu məsələdə bir neçə dəfə humanist addım atıb və dəyişdirilmə prosesində hərbi əsirlərdən qaytarıb. Lakin son vaxtlar ermənilər, istər özlərinin XİN səviyyəsində, digər qurumlar vasitəsilə dünya ictimayyətini Azərbaycana qarşı qaldırır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisiz deputatı, siyasi şərhçi Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, mövzu da təbii ki, hərbi əsirlərlə bağlı olub: “Azərbaycan diplomatiyası, hökumət və qeyri –hökumət nümayəndələri, ictimai xadimlər, siyasətçilər və hətta deyərdim adi vətəndaşlar səviyyəsində ermənilərin bu yalanı da ifşa edilib. Əlacsız qalan Paşinyan çıxış yolu kimi artıq Rusiya rəhbərliyinə yalvarır. Təbii ki hüquqi baxımdan heç kim bizə təzyiq göstərə bilməz, bu Azərbaycanın daxili işidir və əfv etmək və ya kimi isə buraxmaq Azərbaycan rəhbərliyinin səlahiyyətindədir. Əslində nə baş verir!? Ermənilər öz qohumlarının qaytarılması tələbi ilə mitinq və nümayişlər keçirirlər, yollları bağlayırlar və s. Bu isə seçki öncəsi ən ciddi maneələrdir və Paşinyan buna görə tənqid obyektidir”.

A.Nağıyev vurğulayıb ki, istər ermənilər, istər digərləri birmənalı şəkildə bilməlidirlər ki, biz tərəfdə olan ermənilər hərbi əməliyyatlar bitdikdən sonra, yəni 10 noyabr sazişindən sonra ələ keçiriliblər və AR CM –nin ən azı 3 maddəsi ilə istər terrorçuluq, hərbi cinayətlər, muzdlu hərbi dəstələr yaratmaqda və s. ittiham edilirlər: “Bu günə qədər 60 nəfər qaytarılıb, sonuncu dəfə yanvarın 28 də biz 5 nəfəri qaytardıq. Erməni tərəfi isə keçən ilin dekabr ayının ortalarında antiterror əməliyyatı çərçivəsində Çaylaqqalada həbs edilən 62 nəfər terrorçunu və cinayətkarı istəyir. İstər Rusiya isər digərləri də bilir ki onlar hərbi əsirlər deyillər və məqsədləri terror anklavı yaratmaq cəhdi idi. Bir sözlə o şəxslərlə bağlı cinayət işləri qaldırılıb və istintaq gedir. Onların istər əfvi, istər ekstradisiyası Azərbaycan qanunlarına uyğun hal və danışıqlar predmeti deyil”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə