Erməni hüquq müdafiəçisindən maraqlı etiraflar ANALİTİK+AKTUAL

Erməni hüquq müdafiəçisindən maraqlı etiraflar ANALİTİK+AKTUAL

Georgi Vanyan: “Ermənistanın daxilində Robert Koçaryana heç bir dəstək yoxdur”

Bugünlərdə Vladimir Poznerə müsahibə verən Ermənistanın eks-prezidenti Robert Koçaryan iddia etdi ki, o, ölkəsində keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərinə ciddi hazırlaşır və eyni zamanda, qələbə qazanmağa iddialıdır. Müsahibəsindən əvvəl isə Koçaryanın Rusiyanın prezidenti Vladimir Putinlə təxminən bir saatlıq telefon danışığı baş tutmuşdu.

Bu arada isə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada rəsmi səfərdə olub və heç bir razılaşma əldə edə bilməyib. Nikol Paşinyanın özü isə Vladimir Putinlə görüşünü məhsuldar adlandırıb, ancaq etiraf edib ki, heç bir sənədə imza atılmayıb.

“Mən qorxan bir insanı gördüm”

SİA tanınmış erməni insan haqları müdafiəçisi Georgi Vanyanın mövzu ilə bağlı rusdilli caliber informasiya mərkəzinə verdiyi müsahibəsində irəli sürdüyü fikirləri diqqətə çatdırır. O, Rusiyanın vasitəsi ilə Robert Koçaryanın Ermənistana təsir aləti rolunu oynaması qənaətində olduğu qənaətinə gələrək deyib ki, eks-prezidentin Poznerə müsahibəsini izləyib və orada heç bir qətiyyətin və özünəinamın şahidi olmayıb.

“Mən qorxan bir insanı gördüm. Ermənistanın daxilində Robert Koçaryana heç bir dəstək yoxdur. Yalnız ona yaxın olanlar, onun qazanından yeyənlər istisnadırlar. Ancaq onların da sayları azdır”, deyə Vanyan müsahibəsində bildirib.

“Ermənistanı gərginlikdə saxlamaq – Koçaryan bu təsir üçün alətdir”

Koçaryanın Moskvanın yardımına söykənməsi, Rusiyanın namizədi olması, həmçinin Rusiyaya belə namizədin nəyə görə lazım olması sualını cavablandıran erməni hüquq müdafiəçisi bildirib ki, Rusiyanın forpostu olan Ermənistanda hər şey forpostda olduğu kimi baş verir və burada təəccüblü heç nə yoxdur – Ermənistan zəif ölkədir, ancaq sahibinə lazımdır ki, o daha da zəif olsun.

“Mənim baxışımca, Rusiya Robert Koçaryanı xüsusi olaraq irəli çəkmir. Siz doğru soruşdunuz ki, o nəyə görə Moskvaya lazımdır? Rusiya onu sona qədər istifadə etməyib. Lakin bir funksiya qalıb, Ermənistanı gərginlikdə saxlamaq – Koçaryan bu təsir üçün alətdir”, deyə Vanyan bildirib.

“Hakimiyyət təmsilçiləri anlaşılan dillə Azərbaycan və Türkiyə ilə münasibətlərdən danışmağa çalışırlar”

Erməni hüquq müdafiəçisi Ermənistanda Nikol Paşinyana və onun siyasi addımlarına əhalinin bir qisminin dəstək göstərməsi ilə də bağlı fikirlərini açıqlayarkən qeyd edib: “Problem ondadır ki, Nikol Paşinyana alternativ yoxdur, belə ki, Ermənistanda siyasi sahə mövcud deyil. Kimin arasından seçməlidirlər? Ona görə də Nikol Paşinyan liderlik edir. Bizim sizinlə söhbətimizdən sonra Ermənistanda siyasi cəhətdən heç nə dəyişilməyib. Ancaq hakim siyasi gücü təmsil edənlərin ritorikası dəyişilib. Onlar anlaşılan dillə Azərbaycan və Türkiyə ilə münasibətlərdən danışmağa çalışırlar. Bu isə məni sevindirir. Bu yaxınlarda parlamentin vitse-spikeri, hakim “Mənim addımım” fraksiyasının təmsilçisi Lena Nazaryan deyib ki, parlament seçkilərinə gedən bütün siyasi qüvvələr Bakı və Ankara ilə qarşılıqlı münasibətlər məsələsində fikirlərini dəqiq bildirməlidirlər. Axır ki, real siyasət görünməyə başlayır və bu da bir daha vurğulayıram ki, məni çox sevindirir”, erməni hüquq müdafiəçisi Georgi Vanyan sözügedən müsahibəsində sualları cavablandırarkən bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə