Ümumdünya Səhiyyə Təşkilatı İlham Əliyevin liderliyini alqışlayır

Ümumdünya Səhiyyə Təşkilatı İlham Əliyevin liderliyini alqışlayır

Bu, Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyasının düşünülmüş və proqmatik xarici siyasətinin reallığıdır

Bu, bir həqiqətdir ki, koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Ümumiyyətlə, pandemiyanın yayılmağa başladığı dövrdən Azərbaycan rəhbərliyi çevik qərarlarla, bu bəlanın törədə biləcəyi faciənin miqyası dəqiq təhlil edilməklə mübarizə tədbirlərinə başlayıb. Ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi də bu prosesin tərkib hissəsidir.

Bundan başqa, xüsusi karantin rejiminin tətbiq olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ən nəhayət, vaksinasiya prosesinə başlanılıb. Bütün bu proseslər isə vətəndaş sağlamlığının qorunması faktorunun dövlət üçün prioritet olduğunu göstərdi və Prezident İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.

Azərbaycan Prezidenti çıxışlarında, nitqlərində vurğulayır ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Təsadüfi deyil ki, pandemiyaya qarşı mübarizədə ölkələrin birgə fəaliyyəti, çoxtərəfli əməkdaşlıq təklifini də məhz İlham Əliyev irəli sürmüşdü. Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi də bunun bariz nümunəsidir.

Ötən ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasında İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxış edərək bütün ölkələri bu mübarizədə həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqları üçün əlçatan olmasının vacibliyini önə çəkdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu problemin aradan qaldırılması istiqamətində daha bir uğurlu addım bu ilin mart ayında atıldı. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. Bununla da Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə öz töhfəsini verdi. Ölkə rəhbəri İlham Əliyevin digər dövlətlər tərəfindən qəbul edilərək yüksək qiymətləndirilən daha bir təşəbbüsü vaksinlərin ədalətsiz və qeyri-bərabər paylanmasının aradan qaldırılması ilə bağlı oldu.

Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılır. “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilir.

Müəyyən edilir ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Dövlət başçısının müvafiq sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılır.

Ölkəmizin ÜST-ə siyasi və mənəvi dəstəyi çox dəyərlidir

Bu gün də Ümumdünya Səhiyyə Təşkilatı İlham Əliyevin bu prosesdəki fəaliyyətini alqışlayır və koronavirusa qarşı mübarizədə Azərbaycan təcrübəsi dünya miqyasında ən mükəmməl modellərdən biri kimi qəbul olunur.

Aprelin 1-də ÜST-ün baş direktorunun təşəbbüsü ilə İlham Əliyevlə Tedros Adhanom Gebreyesusun videokonfrans formatında görüşü və aprelin 6-da bu təşkilatın İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbirində səslənən fikirlər də deyilənləri bir daha təsdiqlədi. Baş direktor Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin ÜST-ə siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.

Azərbaycanın göstərdiyi siyasi və mənəvi dəstək- reallıqlar

Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbirdə videomüraciətdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində görülən ümumi işlərlə bağlı reallıqları qiymətləndirdi. Öncə Azərbaycan səhiyyə sisteminin mövcud durumunu dəyərləndirən Prezident vurğuladı ki, hazırda ölkəmizin səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk dövlətlərdən biri olduğunu deyən Prezident ölkəmizin təşəbbüsü ilə reallaşan tədbirlərin əhəmiyyətini və respublikamızın beynəlxalq məsuliyyətinə sadiq olaraq ÜST-ə, eləcə də 30-dan çox ölkəyə könüllü humanitar və maliyyə yardımı göstərdiyini diqqətə çatdırdı.

Bir sözlə, səhiyyə sahəsində qazanılmış uğurlar və qarşıya yeni hədəflərin qoyulması imkanı son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxananın yenidən tikilməsi, yaxud əsaslı təmir edilməsi ilə sıx bağlıdır.

“Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir”

Bu barədə aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətində deyilir.

Prezident İlham Əliyev bildirib: “Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir. Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir”.

Prezidentin dediyi kimi, 17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Dövlət başçısının hələ 2004-cü ildə dediyi «biz qara qızılı insan kapitalına çevirməliyik»məşhur kəlamının təsdiq sahələrindən biri də səhiyyə sistemidir. Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır.

Azərbaycanın məsuliyyət modeli

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pademiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər bu sahədə də Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu. Zamanında ölkədə xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi dünya ölkələrində olan faciəvi sonluqların ölkəmizdə yaşanmasının qarşısını aldı, pandemiyaya qədər dünyada qabaqcıl səhiyyə sisteminə malik olan ölkələr çətin durumda qaldı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları fəlakət həddinə çatdı. Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə bir çox modul tipli xəstəxanalar inşa edildi ki, onların da istifadəyə verilməsi ölkə üzrə ümumilikdə xəstəxanalarda çarpayı ehtiyatını artırmağa əhəmiyyətli kömək oldu.

Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri və Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizəni təqdir edib. Bununla yanaşı Azərbaycan pandemiya ilə mübarizədə digər dünya ölkələrinə də öz köməyini əsirgəmədi. Pandemiya ilə mübarizə çərçivəsində məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilib. Ötən ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir.

Bir sözlə, bütün bunlar Prezident İlham Əliyevin dünya səviyyəli uzaqgörən, müdrik liderlik qabiliyyətinə malik olmasının bariz göstəricisidir.

Göründüyü kimi, Azərbaycan Prezidentinin qlobal liderlik missiyası beynəlxalq müstəvidə pandemiya ilə mübarizəyə birbaşa təkan verməyə istiqamətlənib. Bu missiya qlobal bəladan bütün ölkələrin minimum itkilərlə çıxması üçün dəqiq strategiya müəyyən edir. Ona görə də İlham Əliyevin bu istiqamətdə atdığı bütün addımlar, gördüyü işlər beynəlxalq səviyyədə təqdir olunur və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də nümunə kimi göstərilir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə