Ekologiyanın və ətraf mühitin mühafizəsində yeni dönəm başlayır TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağacəkmə aksiyalarında iştirak etmələri ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisidir
Bu günün reallıqlarına əsaslanaraq demək olar ki, son 17 ildə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, siyasi sabitlik adası kimi tanınır. Artıq dünyanın elə bir ölkəsi, elə bir beynəlxalq təşkilatı yoxdu ki, Azərbaycanla ikitərfli əlaqələrin, əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olmasın. Hər il ölkəmizə xarici investisyaların həcmi artmaqdadır. Bu, təkcə neft, qaz sənayesi deyil, ümumilikdə bütün sahələri əhatə etməkdədir.
Söz yox ki, xarici sərmayə iqtisadiyyatın dirçəlişi üçün kapital rolunu oynamaqla yanaşı, daxili iqtisadi struktur islahatlarının aparılmasına mühüm təkan verir. Ölkə iqtisadiyyatına qoyulan investisiya, ancaq xarici sərmayə ilə yekunlaşmır. Artıq inkişaf edən Azərbaycan iqtisadiyyatında yerli sahibkarlıq subyektləri formalaşıb. Səbəbsiz deyil ki, hazırkı məqamda ölkə iqtisadiyyatına qoyulan investisiyanın 80 faizini yerli sahibkarlıq subyektlərinin payına düşür. Əlbəttə, iqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılması və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması deməkdir. Amma o fikri də vurğulamaq lazımdır kİ, iqtisadi inkişaf, yeni zavod və fabriklərin açılması qismən də olsa özü ilə ekoloji problemlər gətirir. Buna görədir ki, iqtisadiyyata ekoloji tələbin vacibliyi məsələsi gündəmə gəlmişdir. Yəni ölkədə ətraf mühitin mühafizəsi, havanın çirklənmədən qorunması başlıca məqsəd və vəzifə daşımalıdır. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, əsasən qanunsuz ağac kəsilmələrinin qarşısının alınması ilə mübarizədə hər bir kəs qətiyyətli olmalıdır.
Dövlətimizin bu istiqamətdə nümayiş etdirdiyi sərt tədbirlərə insanlar dəstək göstərməli, yardımçı olmalıdır. Nəzərə almaq lazımdır ki, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində qəbul edilən qanunlar, görülən tədbirlər yalnız insanların sağlamlığının qorumasına xidmət edir.
Müsbət məqam olaraq vurğulamaq lazımdır ki, əhali arasında, xüsusilə ali və orta məktəblərdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı geniş şəkildə maarifləndirmə işləri aparılır. Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya Bankı və Ümumdünya Vəhşi Təbiət fondu ilə ekologiya və ətraf mühitin qorunması istiqamətində səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası ekologiya və ətraf mühitin mühafizəsi ilə bu günə kimi 21 konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm sərəncamlar verilib, müvafiq addımlar atılıb, qərarlar verilib.
Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Hər il dünyada iyunun 5-də qeyd olunan Ətraf Mühitin Mühafizəsi Günü Azərbaycanda da böyük coşqu və həmrəyliklə qeyd olunur. Həmin gün və sonrakı günlərdə ölkənin hər yerində insanlar bayram əhvali-ruhiyyəsi ilə küçə və meydanlara, dağ yamaclarına, meşə ətəklərinə çıxaraq minlərlə müxtəlif növ ağaclar əkirlər. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağacəkmə kampaniyalarında iştirak etmələri ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Son 17 il ərzində 130 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 100 milyon ədəd ağac əkilib, 350 milyon ədəd əkin materialı yetişdirilib və 2 min ton toxum tədarük edilib. Meşə ilə örtülü ərazilərin sahəsi 11,4 %-dən 11,8 %-dək artıb. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər çatdırılıb. Eyni zamanda, Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri də həyata keçirilib. Belə ki, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac əkilib, müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr verib. Heydər Əliyev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə minlərlə növ ağac əkilib, meşə zolaqları salınıb.
Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində paytaxt Bakı şəhərində və rayonlarda yüzlərlə park və yaşılıq zolaqları, bitki örtükləri salınıb. Əgər müstəqlliyimizin ilkin dövründə yaşıllıqlar, meşə zolaqları ölkə üzrə 11 faiz təşkil edirdisə, bu gün 16 faizə yüksəlib. Son 17 ildə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 96,445 milyon ağac əkilmiş, 102,317 min ha cavan ağaclıqlar qiymətli meşə ağacları kateqoriyasına keçirilmişdir. 2493 ton toxum tədarük edilmiş, 470,7 milyondan artıq müxtəlif çeşiddə əkin materialları yetişdirilmişdir. Ümumilikdə bu gün ölkə ərazisində 9 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir. Dövlətimizin başçısı Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə ərazilərdə müxtəlif növ minlərlə ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bir vaxtlar neft tullantıları ilə çirklənən indiki “Ağ şəhər” və digər ərazilərdə görülən işlərin nəticəsində neft çöküntüləri təmizlənib. Bu ərazilər Bakı şəhərinin müasir yaşayış və mədəniyyət komplekslərinə, müasir ekoloji layihələrə çevrilib. Bütün bunlar ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, uzun illər ərzində neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin çirklənməsinə səbəb olub: "Çirklənmiş ərazilərin bərpası əhalinin sağlamlığı üçün risklərin azaldılması, Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması baxımından zəruridir. Bununla əlaqədar çirklənmiş ərazilərin qiymətləndirilməsi, təmizlənməsi üsullarını və gələcək istifadə təyinatını müəyyən etmək üçün inventarlaşdırma işləri aparılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu ətrafında və Suraxanı rayonunda ərazilər lay suları, neft, duz, yod və digər çirkləndiricilərdən təmizlənərək burada həmişəyaşıl ağac və kol növlərindən ibarət yaşıllıqlar salınıb. Eləcə də, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarının külək və su eroziyasından mühafizəsi, estetik görünüşünün yaxşılaşdırılması məqsədilə yolların ətrafının yaşıllaşdırılması tədbirləri həyata keçirilir və qənaətcil suvarma şəbəkəsi qurulur".
Muxtar Babayev onu da bildirib ki, Abşeron yarımadasının 2020-2025-ci illər üçün yaşıllaşdırılması proqramına əsasən, 10 min hektaradək ərazinin yaşıllaşdırılması planlaşdırılır: "Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi də prioritet istiqamətlərimizdəndir. 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyi münasibətilə keçirilən aksiyada ölkə üzrə bir gündə 650 min ağac əkilib. Meşəsalma fəaliyyəti ilə yanaşı, meşələrin mühafizəsi tədbirləri də gücləndirilir, meşə və qeyri-meşə fondu torpaqlarında meyvə bağlarının salınması istiqamətində tədbirlər davam etdirilir. Meşə ilə örtülü ərazilərin dəqiqləşdirilməsi üçün beynəlxalq təcrübələr əsasında inventarlaşma işlərinə başlamışıq və 10 illik müddət üçün Milli Meşə Proqramı hazırlanıb".
Ermənistanın işğal edilmiş ərazilərdə törətdiyi ekoloji terroru cavabsız qalmayacaq
Erməni vəhşiliyi, vanalizmi yalnız işğal altında olmuş Qarabağda insanların öldürülməsi, evlərin məhv edilməsi ilə yekunlaşmayıb. Bu vəhşi erməni toplumu həm də zəbt etdikləri Azərbaycan ərazilərində ekoloji terror həyata keçirmiş, yeraltı, yerüstü sərvətlərini talan edərək viran qoymuşlar. Bunun nəticəsində ətraf mühitə sağalmaz on illər çəkəcək yaralar vurmuşlar. Erməni işğalı zamanı torpaqlarımızda ölkəmizin zəngin faydalı qazıntı yataqları, o cümlədən 155 növ yeraltı və yerüstü sərvəti qarət və talan edilmişdir. Kəlbəcər və Zəngilan ərazilərində 15 qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşı, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları, 11 şirin yeraltı su və 10 mineral su yataqları vəhşicəsinə istismar və talan edilməklə Azərbaycana milyardlarla ABŞ dolları ziyan vurmuşlar.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verilən məlumata görə, erməni vəhşi toplumu tərəfindən talan edilən yeratı və yerüstü sərvətlər Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xəankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keştək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilmişdir: "Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3/gün yeraltı şirin su, 18 milyon 432 min m3üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilmişdir".
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız divan tutulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında 250.928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri amansızlıqla məhv edilmişdir. Ermənilər Azərbaycanın işğal edilən ərazilərində yanğınlar törətməklə ekoloji terror tədbirlərini daha da genişləndirmişlər. 2006, 2010, 2014, 2017 -ci iilərdə yaz və yay aylarında törətdikləri yanğınlar zamanı Azərbaycan təbiətinə, flora və faunasına ağır zərbələr vurmuşlar. Meşələrin məhvi isə təkcə flora və faunanın məhvi demək deyil, eyni zamanda, regionun iqliminə neqativ təsir göstərən amillərdəndir.
Qlobal iqlim dəyişikliklərinin dünya üçün ciddi sınaq və təhlükəyə çevrildiyi bir zamanda Ermənistanın işğal edilmiş ərazilərdə meşələrə divan tutması bütövlükdə Cənubi Qafqaz regionunda bioloji müxtəlifliyin məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd zolağında törədilən geniş miqyaslı yanğın, işğal olunmuş ərazilərdə ağacların kütləvi qırılması ilə erməni vandalları Azərbaycana 4,5 milyon ABŞ dolları həcmində ziyan vurmuşlar. Ümumilikdə, işğal altında olmuş Azərbaycan ərazilərində meşələrin ümumi sahəsi 247,352 hektar olub. Bunun təxminən 460 növdən çox yabanı ağac və kol bitkisi olmaqla, 13,197 hektarı xüsusi əhəmiyyətə malik olub. Azərbaycan ordusunun parlaq Qələbəsi ilə torpaqlarımız azad edildikdən sonra məlum olub ki, Kəlbəcər rayonunda Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) qırmızı kitabına salınmış ağacların bitdiyi 968 hektarlıq ərazi məhv edilib. Məlumatlar istinadən qeyd etmək olar ki, Ermənistan işğalçıları Azərbaycan ərazilərində 21 növ endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növünü məhv edib. Bəsitçay Dövlət Təbiət Qoruğunda, Qaragöl Dövlət Təbiət Qoruğunda, həmçinin Laçın, Qubadlı və Daşaltı regionlarındakı dövlət təbiət qoruqlarında çinar, qoz, palıd və s. nadir ağaclar kəsilib, işğal atındakı ərazilərdən daşınaraq mebel, çəllək və silah istehsalında istifadə edilib. Bu ağac növlərinin əksəriyyəti nəsli kəsilmək təhlükəsi ilə üzləşib.
Ümumiyyətlə, erməni gəmiriciləri işğal etdikləri Azərbaycanın dilbər guşələrini viran qoyub, təbiətə sarsıdıcı zərbə vurublar. Təbii ki, sərvətlərimizin talan edilməsi, təbiətin məhv edilməsi erməni toplumuna baha başa gələcək. Artıq Ermənistanın haqq divanına çəkilməsi üçün Azərbaycan yerli və xarici ekspertlərinin iştirakı ilə viran edilən ərazilərdə dəqiləşdirmələr və hesablamalar işi aparırlar. Yəni Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmaqla layiq olduğu cəzanı və təzminatı ödəyəcək.
Yaşıllıqların qorunmasında hər bir kəs vətəndaşlıq məsuliyyətini dərk etməlidir
Sevindirici və qürurverici haldır ki, artıq erməni işğalına son qoyulub. Güclü və qüdrətli Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan təslimçilik aktını imzalamağa məcbur olub. 30 ilə yaxındır ki, düşmən tapdağı altında inildəyən, meşələri talan edilib, sərvətləri qarət olunan gözəl məkanımız aydınlığa çıxıb. O bölgələrə həyat qayıdıb. Artıq doğma yerlər doğma nəfəslə canlanmaqdadır. Missiyası və amacı ancaq və ancaq qurub-yaratmaq olan Azərbaycan dövləti, onun vətəndaşları işğaldan azad edilən Ağdam, Füzulu, Kəlbəcər, Zəngilan və digər ərazilərdə ağacəkmə aksiyalarına başlayıblar. Qısa müddət ərzində on mindən çox müxtəlif növ ağac əkilib. Bu xeyirxah və humanist işlər yaxın günlərdə daha geniş və əhatəli şəkildə həyata keçiriləcək. Daha doğrusu, insanlar öz doğma yurd-yuvalarına qayıtdıqdan sonra böyük sürətlə ağac əkəcək, meşə zolaqları salacaq, park və xiyabanlar yaradacaqlar.Bununlada ətraf mühitin mühafizəsi istiqamətində əhəmiyyətli addımlar atmış olcaqlar. Hazırkı mərhələdə Azərbaycanda ətraf mühitin qorunması və sağlamlaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli bələdiyyələr mühüm rol oynayırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin də vəzifələri müəyyən edilmişdir. Həmin qanuna görə, yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:
-Yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;
-Yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq;
-Mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, kadastrını və monitorinqini aparmaq;
-Yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;
Təəssüf hissi ilə vurğulamaq lazımdır ki, yerli bələdiyyələr ekoloji mühitin qorunmasında iştirak etsələr də, fəaliyyətləri bir o qədər qənaətbəxş deyil. Yəni bələdiyyələr vəzifə səlahiyyətlərinə uyğun ərazilər üzrə ağac əkmək, meşə zolaqları salmaq, ətraf mühiti qorumaq kimi əhəmiyyətli işləri həyata keçirməyə maraq göstərmirlər. Bələdiyyələr bəzən bunu büdcələrində yaşılıqların salınması üçün lazımi maliyə vəsaitinin olması ilə əlaqələndirlər. Ancaq ekoloji mühitin qorunması üçün nəinki bələdiyyələr, o cümlədən hər bir kəs öz vətəndaşlıq məsuliyyətini dərk etməlidir. Çünki nəzərə almaq lazımdır ki, sağlamlığımız və yaşayışımız həm də təbiətlə sıx bağlıdır. Kimliyindən, tutduğu mövqeyindən asılı olmayaq bizlər canlı aləmin, ətraf mühitin qayğısına qalmalıyıq, onun inkişafına yardımçı olmalıyıq.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB