Millət vəkili: “KTMT-nin baş katibinin Dağlıq Qarabağla bağlı fikir səsləndirməsinə ixtiyarı yoxdur”

Millət vəkili: “KTMT-nin baş katibinin Dağlıq Qarabağla bağlı fikir səsləndirməsinə ixtiyarı yoxdur”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verməsi sadəcə olaraq öz səlahiyyətindən kənara çıxması deməkdir". Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya verdiyi açıqlamasında deyib.

O bildirib ki, KTMT-nin baş katibinin vəzifəsi həmin təşkilata üzv olan ölkələrin birgə hərbi əməkdaşlıq, dostluq məsələsini müzakirə etməkdir: "Onun digər işlərə qarışmağa ixtiyarı yoxdur. Çünki bu, N.Bordyujanın səlahiyyətləri xaricində olan məsələlərdir".

A.Mirzəzadə vurğulayıb ki, Bordyuja əgər doğrudan da regionda sülhün olmasında maraqlıdırsa, ilk növbədə məlum təşkilata üzv olan Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmasını tələb etməlidir.

Açıqlaması zamanı Ermənistan prezidentinin müharibə ilə bağlı bəyanatına münasibət bildirən millət vəkili vurğulayıb ki, Serj Sarkisyanın Azərbaycanın real hərbi gücündən xəbəri var. O qeyd edib ki, təsadüf nəticəsində siyasət aləminə üz tutmuş bir erməni "prezident"inin hər dəfə bu cür gülünc bəyanatları onun Azərbaycan hərbi qüdrətinə, uğurlu iqtisadiyyatına olan narahatçılığından qaynaqlanır.

"N.Bordyujanın fikirləri isə dövlətimiz üçün o qədər də böyük bir əhəmiyyət kəsb etmir. Bordyuja dövlətimizin ünvanına qərəzli fikirlər səsləndirməkdənsə, torpaqlarımızın 20 faizin zəbt etmiş, 1 milyondan artıq əhalisini məcburi qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur etmiş Ermənistanı sülhə, konstruktiv mövqe sərgiləməyə məcbur etməlidir", - deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, son zamanlar Ermənistan rəsmiləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt bəyanatlar səsləndirilir. KTMT-nin baş katibi Nikolay Bordyuja da öz bəyanatında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət Azərbaycanın militarist ritorikası sayəsində son dərəcə gərginləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə