"1918-ci il mart soyqırımı və Qafqaz İslam Ordusu" FOTO

"1918-ci il mart soyqırımı və Qafqaz İslam Ordusu" FOTO

Türkiyənin Bandırma Onyeddi Eylül Universitetinin nəzdindəki Qafqaz Araşdırmalar Təşkilatı tərəfindən "1918-ci il mart soyqırımı və Qafqaz İslam Ordusu" mövzusunda panel təşkil olunub. SİA-nın verdiyi məlumata görə, moderatoru Qafqaz Araşdırmalar Təşkilatının sədri Yadigar Nağıyevin olduğu paneldə mühazirəçi qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu və Qazi Universitetinin elmi işçisi, professor Selma Yel iştirak ediblər.

Paneldə çıxış edən professor Selma Yel 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyətindən bəhs edib. O, 1918-ci il 31 mart tarixində imzalanan Brest-Litovsk sülh razılaşmasından sonra Osmanlı dövlətinin regionda yenidən güc qazanması nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakının erməni-daşnak və bolşeviklərdən azad edilməsindən söz açıb.

Selma Yel Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladaraq Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının sarsılmaz olduğunu vurğulayıb.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət Babaoğlu 31 mart soyqırımının erməni vandalizminin bariz nümunəsi olduğunu vurğulayıb. Hikmət Babaoğlunun sözlərinə görə, 1918-ci il mart qırğınları zamanı minlərlə günahsız türk-müsəlman yalnız etnik və dini mənsubiyyətinə görə qəddarcasına öldürülüb.

Millət vəkili bildirib ki, 15 sentyabr 1918-ci ildə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi XX əsr dövlətçilik tariximizdə ən əhəmiyyətli günlərdən biridir və olduqca mühüm strateji əhəmiyyətə malikdir. O qeyd edib ki, 15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir. Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini deyən Hikmət Babaoğlu əlavə edib ki, Türkiyənin ölkəmizə mənəvi-siyasi dəstəyi qardaşlıq və dostluq nümunəsi olmaqla xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə