Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının videoformatda idarə heyətinin iclası keçirilib
31 mart 2021-ci il tarixdə YAP Quba rayon təşkilatının videoformatda idarə heyətinin iclası keçirilib. İclasdan öncə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov təşkilat üzvləri ilə birlikdə karantin rejiminin tələblərinə əməl etməklə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, abidə önünə qərənfillər düzüb və bütün şəhidlərin ruhuna Allahdan rəhmət diləyiblər. Videoformat şəklində keçirilən iclasda çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov qeyd edib ki, 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayında Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak edib: " YAP-ın VI qurultayından keçən 3 il ərzində prezident və parlament seçkiləri keçirilib. Bu seçkilərlə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoyub. Bu qurultayın keçirilməsinə zəruri edən səbəblərdən biri də YAP-ın Nizamnaməsinin qəbul olunmasından xeyli müddətin keçməsi idi ki, bu müddət ərzində YAP ciddi irəliləyişlər əldə etmişdi. YAP-ın VII qurultayı ölkəmizin ictimai- siyasi həyatında önəmli hadisədir. YAP nəinki Azərbaycanın, o cümlədən Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Vətən müharibəsindən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə bağlı görülən işlər qarşıda duran əsas vəzifələrdəndir. Hər birimiz ölkəmizin qüdrətinin artırılması istiqamətində səfərbər olmalıyıq ki, daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə - baba torpağında yaşasın".
Təşkilatın sədri onu da bildirdi ki, 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib: "Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Fərmanda deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".
Videoformatda çıxış edən YAP Quba rayon təşkilatı idarə heyətinin üzvləri Sahib Məmmədov, Tahir Nuriyev, Əhməd Bəkirli və digərləri gündəlikdə duran məsələlərlə bağlı öz fikirlərini bildiriblər: ""Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907, 1918-1920, 1948-1953 və 1992-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib".
Zümrüd Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB