Kremlin Ermənistandakı seçkilərlə əlaqədar açıqlamasındakı gizli məqsəd - RƏY ÖZƏL

Kremlin Ermənistandakı seçkilərlə əlaqədar açıqlamasındakı gizli məqsəd - RƏY ÖZƏL

“Kreml açıqlama verib ki, Ermənistanda keçiriləcək erkən seçkilər Baş nazir Nikol Paşinyanla müzakirə edilməyib. İlk növbədə, Kremlin bu açıqlamasına beynəlxalq hüquq normaları kontekstindən baxmaq lazımdır. Ermənistandakı seçkiləri digər bir dövlətlə, məsələn, müttəfiq də olsa, Rusiya ilə müzakirə edilməsi, o anlamda qəbul olunmalıdır ki, Moskva bu ölkənin daxili işlərinə qarışmaq iqtidarındadır və bunun üçün hüququ olan bir dövlətdir. Kreml isə verdiyi açıqlamalarda belə ciddi və hüquqi səhvlərə yol verə bilməz. Əlbəttə, Ermənistan “müstəqil” dövlət də olsa, bu seçkilər onun daxili işidir. Yəni Rusiya heç vaxt bu seçkilərə müdaxilə edəcəyini bəyan etməz. Kreml bu ismarışı ilə o mesajı verir ki, guya Ermənistan müstəqil dövlətdir və Rusiya onun daxili işinə müdaxilə etmək fikrində olan ölkə deyil. Əlbəttə, bu, məsələnin rəsmi tərəfidir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, məsələnin geosiyasi və siyasi tərəflərinə gəldikdə, Ermənistandakı parlament seçkiləri regionda təsir dairəsi olan Rusiyanın diqqət mərkəzindədir: “Rusiya bu seçkilərin nəticəsində Ermənistanda hakimiyyətə gələcək siyasi qüvvə ilə əməkdaşlıq imkanlarını götür-qoy edib. Yəqin ki, Rusiya bəri başdan bu qüvvənin kim olacağı ilə bağlı rəy və mövqeyə malikdir. Bu mənada, Rusiyada yaşayan erməni iş adamı Ara Abramyanın seçkilərdə iştirak edəcəyi ilə bağlı qərarı diqqətçəkəndir. Abramyanın Ermənistanın müharibədə Azərbaycana məğlubiyyətə görə Paşinyanı ittiham etməsi göstərir ki, o, baş nazirə qarşı çıxış edəcək siyasi opponentlərdən biri olacaq”.

Politoloqun fikrincə, Rusiya vaxtilə Gürcüstanda tətbiq etdiyi layihəni Ermənistanda da tətbiq edə bilər: “Söhbət Mixail Saakaşvilinin iş adamı Bidzina İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından gedir. İvanişvili gürcü əsilli iş adamı olsa da, sahib olduğu milyardları Rusiyadan qazanmış şəxsdir. İvanişvili məhz Rusiyanın dəstəyi nəticəsində Gürcüstanda hakimiyyətə gəlib. Düzdür, İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstan-Rusiya münasibətlərinə müsbətə doğru dəyişiklik olmadı, amma o, Saakaşvilidən fərqli olaraq, Avropa İttifaqı və NATO-ya inteqrasiyada sürətli addımlar da atmadı. Eyni zamanda, Saakaşvili ilə müqayisədə Rusiya ilə münasibətlərə daha təmkin və ehtiyatla yanaşdı, bu əlaqələrə zərər verəcək addımlar atmaqdan uzaq oldu”.

E.Manafov vurğulayıb ki, Kreml Ermənistan hakimiyyətinin sükanı arxasında da öz təsir dairəsində olan və onun sifarişlərini yerinə yetirə biləcək bir siyasi zümrənin formalaşmasında maraqlıdır: “Bu baxımdan, zamanında Gürcüstanda reallaşdırılmış layihənin Ara Abramyanın simasında Ermənistanda tətbiq olunacağını istisna etmirəm. Abramyan Paşinyandan fərqli olaraq, erməni cəmiyyətinin kəskin ittihamları qarşısında deyil. Üstəgəl, müharibədə Ermənistana maliyyə dəstəyi verib. Bu mənada, Ara Abramyan ermənilərin nəzərində Paşinyan və “Qarabağ klanı” ilə müqayisədə “büllur kimi saf siyasətçi” təsiri bağışlayır. Rusiya niyə belə bir siyasətçidən öz maraqları kontekstində istifadə etməsin? Bu baxımdan, Rusiyanın Ara Abramyanın malik olduğu rolu və imkanlarını götür-qoy etdiyini düşünürəm”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə