Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların müəllifi
Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib
Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış olub. Dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığı atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Sosial islahatlar proqramının əsas hədəfi də məhz dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır.
Dövlətimizin başçısı İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Dövlətimizin başçısı İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Prezidentin «Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Hazırda üç DOST mərkəzi fəaliyyət göstərir. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.
İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və DOST mərkəzi, həmçinin məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrini təmin edir. Bu layihədə reallaşdırılan könüllülər proqramı gələcəyimizi etibar edəcəyimiz gənclərin həyatda özlərinə yer tapmalarında, karyeralarını qurmalarında, layiqli vətəndaş kimi yetişmələrində önəmli rol oynayır. “ASAN xidmət”in coğrafiyasının genişləndirilməsi, kiçik və orta sahibkarlığa asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin sayının artması da bu tərkibdəndir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir”.
Bir sözlə, ölkədə dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Əvvəldə də qeyd etdiyimiz kimi, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb və hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir.
Azərbaycan Prezidentinin də vurğuladığı kimi, sosial sahə, Azərbaycanda əhalinin rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Çünki Azərbaycan vətəndaşlarının rifahı, yaşayış səviyyəsi daim diqqət mərkəzindədir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB