"17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir və silahlı qiyam kimi qiymətləndirilməlidir. Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.
Onun sözlərinə görə, özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi: "Həmin dövrdə müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu olaylarla əlaqədar Ulu Öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı. Xalqın yekdil arzu və tələbiylə Azərbaycanın müdrik oğlu, böyük siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, o, canı qədər sevdiyi Azərbaycanı düşdüyü bu kimi bəlalardan xilas etdi.
Müstəqilliyimizə və dövlətçiliyimizə qarşı törədilmiş həmin qanlı olaylar elə ilkandaca dəstəklənmədi. Vətəni, torpağı sevən, onun müstəqilliyini əziz tutan insanlar "çevriliş qəhrəmanlarına" nifrətlə, ikrahla baxdılar. Sağlam düşüncəli, xalqa və millətə, Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, bu dəfə də Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaylardan neçə-neçə illər keçib. Lakin yaddan çıxmır, unudulmur. Çünki bu arzuolunmaz olaylar Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdidir. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələr hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmirdilər. Buna görə də, cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı və xalq xəyanətkar, cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermirdi. Beləliklə də, 1995-ci ilin mart ayının 17-də ulu öndər Heydər Əliyev və xalq birliyi nəticəsində dövlət çevrilişinin qarşısını alındı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB