Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağdan həm daxili, həm xarici auditoriya üçün verdiyi mühüm mesajlar
Xəbər verdiyimiz kimi, martın 16-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva işğaldan azad edilmiş Qarabağ bölgəsində səfərdə olublar. Səfər zamanı dövlət başçısı Fizuli və Xocavənd rayonlarını, həmçinin Şuşa şəhərini ziyarət edib.
Səfər zamanı Azərbaycan Prezidenti həm daxili, həm xarici auditoriya üçün mühüm mesajlar verib. İşğal zamanı Ermənistanın bölgədəki şəhər və kəndləri tamamilə dağıtmasına toxunan İlham Əliyev deyib ki, düşmən bu bölgədə bizim tarixi irsimizi silmək istəsə də, buna nail ola bilmədi. Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdıldığını deyən dövlət başçısı bildirib ki, bu dağıntılar müharibədən sonra baş verib: “1-ci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb… Füzuli şəhərindən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, ermənilər dağıdıblar. İşğal dövründə gəlib bizim binalarımızı söküb, daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?! Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. Görün, yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti”- cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır”.
Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldıran Ali Baş Komandan ictimaiyyətdə düzgün anlaşılmayan bir məqama da toxunub: “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan 7 rayonu azad edib, bu, belə deyil. Biz 7 rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik”.
Məlum olduğu kimi, ermənilər Qarabağdakı qədim alman məbədlərini özününküləşdirirərək dünyaya bu ərazinin qədim erməni torpağı olduğunu deyirdilər. Tuğ və Hünərli kəndlərindəki Alban məbədi ilə tanış olan Prezident İlham Əliyev erməni saxtakarlığını ifşa edib: “Bura qədim Alban məbədidir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Bu kilsənin– alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar.
İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi 2-i qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar… Baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də yazıblar, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – “İqor”, “Aşa”? Uçurublar, dağıdıblar, qapını da yandırıblar. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq”.
Tuğ kəndində olan dövlət başçısı kəndin hazırki vəziyyətinə toxunan dövlət başçısı deyib: “Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq. Əminəm ki, yaxın gələcəkdə Tuğun sakinləri öz doğma kəndlərinə qayıdacaqlar… Dağıdılmış bütün kəndləri, şəhərləri bərpa edəcəyik”.
Prezident İlham Əliyev Azıx kəndi yaxınlığında yerləşən ən qədim insan məskənlərindən olan məşhur Azıx mağarasına baxarkən ermənilərin burada etdiyi vandalizm akıtndan danışıb: “Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik”.
Şuşa şəhərində olarkən Prezident şəhərin tarixi, bu günü və gələcəyi ilə bağlı vacib mesajlar verib: “Görün, düşmən Şuşanı nə günə salıb. Ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Ancaq Sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər Sovet vaxtından qalan evlərdir… Baxın, burada bir dənə normal vəziyyətdə bina var, yoxsa yox?
Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz?. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz”.
Dövlət başçısı şəhərdə ilk növbədə bərpa olunacaq tarixi tikililərdən danışıb: “Vaqifin məqbərəsində bərpa işləri bu gün başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu tarixi abidəni. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.
Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”.
Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək - 1992-ci ilədək fəaliyyət göstərib.
Prezident deyib ki, bu tarixi tikililər tamamilə yenidən bərpa ediləcək.
Sovet dövründə tikilmiş “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış olan İlham Əliyev deyib ki, burada görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq.
Şuşa Xalça Muzeyinə də baş çəkən dövlət başçısı deyib ki, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan bu muzey də işğal zamanı ciddi ziyan görüb və tezliklə bərpa olunacaq.
Dövlətimizin başçısı Şuşada “Park otel”in yerləşəcəyi binaya da baxıb. Bura keçmiş sanatoriya korpusu olub: “İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa edilir və bu il otel artıq istifadəyə veriləcəkdir”.
Ümumiyyətlə, Prezidentin Qarabağ bölgəsinə son səfəri və oradan həm dünya ictimaiyyətinə, həm ölkə ictimaiyyətinə verdiyi mesajlar erməni təbliğatına növbəti kəskin zərbə oldu.
Bundan əvvəl isə xarici jurnalistlərin, politoloqların bölgəyə səfəri təşkil olunub və onlar burada gördüklərini müxtəlif ölkələrdə yazıb, danışıblar ki, bu da erməni təbliğatına ciddi zərbə olub.
Bir neçə gün əvvəl isə, ölkə mətbuatının rəhbərlərinin, həmçinin müxalifət düşərgəsində təmsil olunanların Ağdama səfərinin təşkil olunması bu istiqamətdə ümummilli vahid mövqenin ortaya qoyulmasını göstərdi. Bu səfər ümummilli məsələlərdə hakimiyyətlə müxalifətin ümumi dövlət mənafeyindən və milli maraqlardan birgə çıxış etməsi istiqamətində daha bir vacib addım sayılır. Müharibə zamanı daha da möhkəmləniş xalq-iqtdar-müxalifət birliyi bu kontekstdə davam edir. Qalib ölkədə belə də olmalıdır.
Ermənistanda isə tam əksinədir. İqtidarla müxalifər bir-biri ilə döyüşür, küçə aksiyaları dayanmır, günahı bir-birinin üzərinə atmaqla ölkənin müharibədə məğlub olmaqla düşdüyü ağır siyasi, iqtisadi, sosial vəziyyəti daha da pisləşdirirlər.
Bax, 2 ölkənin, 2 xalqın, 2 dövlətin müqayisəsində təkcə bu faktlar bəs edir ki, kimin kim olduğunu bütün dünya bilsin. Azərbaycan həm müharibədən əvvəl, həm müharuibə dövründə həm də müharibədən sonra özünü ləyaqətli dövlət, sülhsevər ölkə, mədəni cəmiyyət kimi dünyaya göstərdi. Ermənistan isə bunun tam əksini göstərdi. İndi bütün dünya bu 2 dövlətin fərqini daha aydın başa düşür.
Şübhə yoxdur ki, bu Qələbə və ondan sonrakı proseslər Azərbaycanın daha da qüdrətlənməsinə, dünyada nüfuzunun artmasına, abad və sosial rifah ölkəsi kimi dünyada öz layiqli yerini tutmasına gətirib çıxaracaq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB