Azərbaycanla AYİB arasında əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür ÖZƏL-ŞƏRH
“Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın tərəfdaş maliyyə qurumlarından biridir. Nəzərə alsaq ki, bu bank Cənub Qaz Dəhlizinin reallaşmasına 1 milyard avro kredit ayırdı, təbii ki, xüsusən TAP-ın reallaşması baxımından bu maliyyə dəstəyi, kredit xüsusən vacib idi. Eyni zamanda bank həm də Azərbaycanda özəl sektorun dəstəklənməsini həyata keçirir, sahibkarlar üçün kreditlər, bir sıra hallarda texniki dəstək layihələri reallaşdırır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, bütün bunların fonunda həm də işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurmasında, o cümlədən iqtisadiyyatın formalaşmasında Avropa Yenidənqurma və İnkişaf Bankının iştirak imkanları kifayət qədər genişdir.
“Nəzərə alsaq ki, bank praktik olaraq bu istiqamətdə digər ölkələrlə fəaliyyətlər həyata keçirib, ona görə də gözlənilir ki, yeni mərhələdə işğaldan azad olunmuş ərazilərimizin quruculuq prosesində də Avropa Yenidənqurma və İnkişaf Bankının iştirak imkanları olacaq. Eyni zamanda həmin ərazilərimizdə sahibkarlığın dəstəklənməsi üçün vəsaitlərin ayrılmasına da imkan yaranacaq. O baxımdan perspektivdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları kifayət qədər böyükdür və güman olunur ki, bu artıq yeni mərhələdə yeni çağırışlara uyğun olaraq əməkdaşlıq strategiyasının formalaşmasına imlan verəcək”, deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB