Erməniləri narahat edən növbəti sürpriz xofu İDDİALAR

Erməniləri narahat edən növbəti sürpriz xofu İDDİALAR

Yeni müharibə olacaq, yoxsa..?

Son günlər Ermənistanda Qarabağda növbəti hərbi əməliyyatların başlanacağına dair fikirlər səslənməkdədir. Xüsusilə, Azərbaycan Silahlı Qüvvələrinin növbəti planına əsasən iri miqyaslı, eləcə də bütün növ ordu birləşmələrinin cəlb edildiyi hərbi təlimlərə başlaması qərarı düşmən ölkədəki təlaşı vəziyyəti daha da dərinləşdirib.

Əbəs deyil ki, ötən gün Ermənistanın KİV nümayəndələri ilə söhbətində ölkənin müdafiə nazirinin sabiq müavini Artak Zakaryan yeni müharibə ehtimalını istisna etməyib və o, həmin fikirlərini belə əsaslandırıb ki, əgər Nikol Paşinyanın dövlətin sükanı arxasında bundan sonra da qalacaqsa, xalq isə buna dözəcəksə, onda müharibə dağların arxasında deyil.

Müdafiə nazirinin sabiq müavini Artak Zakaryan: “Mən müharibənin olacağına demək olar ki, əminəm”

“Özü də Ermənistanın ərazisində, hansı ki, nəticədə Sünik (Zəngəzur) vilayətini itirə bilərik”, deyə Zakaryan bildirib.

Onun sözlərinə görə, hadisələrin belə davam edəcəyi halda silahlı qüvvələr növbəti müharibənin qaçılmaz olduğunu görürlər. “Mən müharibənin olacağına demək olar ki, əminəm”, deyən müdafiə nazirinin sabiq müavini fikirlərini irəli sürüb.

Lakin eyni cinahda yer almalarına və anti-Paşinyan koalisiyasında birləşmələrinə rəğmən, digər hərbi-siyasi çevrə təmsilçiləri eyni fikirləri bölüşmürlər.

“Enaket” analitik informasiya mərkəzinin rəhbəri Tiqran Abramyan: “Böyük faktorların sayı müharibə ehtimalını artıra bilər”

Misal üçün, Ermənistanin “Enaket” analitik informasiya mərkəzinin rəhbəri Tiqran Abramyan hərbi əməliyyatların başlaması ehtimalının cüzi olduğunu bildirib və hətta iddia edib ki, həmin ehtimal yaxın perspektivdə görünmür. O, bütövlükdə həmin ehtimalları üç hissəyə bölüb və fikirlərini fərqli şəkildə izah edib.

Beləliklə, “nəzərə alarsaq ki, hərbi əməliyyatların başlaması mövzusu müxtəlif dairələrdə və müxtəlif rakurslardan müzakirə olunur, bu zaman qısa müşahidələrimi bölüşmək istərdim”, bildirən Abramyana görə, ümumilikdə, müharibənin yenidən başlanması faktorunu kənara qoymaq olmaz.

“Dərhal deyim ki, yaxın perspektivdə müharibə ehtimalını istisna edirəm. Orta hesabla isə risklər müəyyən dərəcədə artacaq. Uzunmmüddətli zaman kəsimində böyük faktorların sayı müharibə ehtimalını artıra bilər”, deyən “Enaket”in rəhbəri, əslində, birmənalı cavab verə bilməyib və sübut edib ki, erməni ictimai-siyasi rəyi bütövlükdə qorxu və xof içində çabalayır və hətta belə proqnoz etmək olar ki, onları gözləmədikləri sürprizlər də gözləyə bilər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə