Leyla Əliyeva: \"Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək üçün tədbirləri davam etdirəcək”
Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qalib gələcəyini gözləyirdik. İnanıram ki, hər bir ölkə əslində bu müsabiqədə qalib gəlmək arzusu ilə yaşayır. Elə biz də bunu arzu edirdik. Azərbaycanın "Eurovision" müsabiqəsində cəmi dördüncü dəfə iştirak etməsinə baxmayaraq, ölkəmiz kifayət qədər yüksək yerlər - üçüncü, beşinci və səkkizinci yerləri tutmuşdur. Qalib gələndə keçirdiyin hissləri heç nə ilə müqayisə etmək olmaz. Bu, bizim üçün böyük xoşbəxtlik və sevinc idi. SİA-nın xəbərinə görə, bunu Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyeva "RİA-Novosti" agentliyinə müsahibəsində deyib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatında (RAGT - AMOR) görülən işlərə toxunan Leyla Əliyeva bildirib ki, hazırda təşkilat inkişaf edir və yeni regionlarda nümayəndəlikləri yaranır: "İndi təkcə Moskvada, Sankt- Peterburqda deyil, demək olar ki, Rusiyanın əksər yerlərində fəaliyyət göstərir. Moskvanın bir çox universitetlərində Azərbaycan klubları yaradılır. Təşkilat iyunun əvvəllərində Sankt-Peterburqda özünün üçüncü forumunu keçirəcəkdir. Bu foruma 70-ə qədər qonağın gələcəyi gözlənilir. Bir çox təşkilatlar RAGT – AMOR-u təbrik etmək üçün gələcəklər. Deyim ki, təşkilat hər il yeni dostlar qazanaraq əhəmiyyətini daha da artırır. Gələcək üçün çoxlu planlarımız və ideyalarımız vardır".
L.Əliyeva həmçinin müsahibəsində Dövlət Kreml Sarayında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimin keçirilməsinə də toxunub: "Bu gün biz Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdiririk. Sərgimizdə tarixi XVIII əsrə gedib çıxan 80-dən artıq Qarabağ xalçası nümayiş etdirilir. Bundan başqa, Azərbaycan ifaçıları konsert proqramı ilə çıxış etdilər. Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycan mədəniyyəti ilə tanış etmək üçün bu cür tədbirləri hər yerdə təşkil edəcəkdir. Təbii olaraq, tədbirimizin keçirildiyi ilk ölkələrdən biri Rusiya olmuşdur. Hesab edirəm ki, tədbir yüksək səviyyədə keçdi. Çoxsaylı qonaqlarımızın bizi dəstəkləmələri və bu tədbirdən zövq almaları məni sevindirdi. Biz artıq belə tədbirləri Fransada keçirmişik. Növbədə isə İtaliya, Türkiyə və Almaniyadır. Biz, həmçinin müxtəlif ölkələrdə, o cümlədən Rusiyada incəsənət tədbirləri təşkil etmək niyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB