Rusiya SM terrorçuları Qarabağa buraxdılar: izahat tələb ediləcəkmi? FAKT

Rusiya SM terrorçuları Qarabağa buraxdılar: izahat tələb ediləcəkmi? FAKT

Araik isə onlara “dövlət mükafatları” təqdim edib

Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 26-da xarici KİV nümayəndələri üçün təşkil edilmiş mətbuat konfransıda bəyan etmişdi ki, Ermənistan gizli yollarla (Rusiya sülhməramlılarının nəzarətindəki Laçın dəhzili vasitəsi ilə) Azərbaycanın ərazisinə cinayətkar şəxsləri göndərir və bu da üçtərəfli Bəyanatı pozan hal kimi qiymətləndirilir. Söz yox ki, belə bir halın yaşanmasına Rusiya sülhməramlılarının öz öhdələrinə götürdükləri həssas və məsuliyyətli vəzifələrinə barmaqarası baxmalarının göstəricisi kimi də anlaşıla bilər. Daha dəqiq desək, bu faktın mövcudluğu artıq bir sıra məsələlər üzərində yenidən düşünməyi tələb edir. Çünki təkcə bu faktın özü eyni zamanda, ərazi bütövlüyümüzə qarşı təhdid kimi də görünməkdədir.

“Təltif edilən” şəxslərin başında dayanan əsas terrorçu Vova Vartanovdur

Məsələ isə ondadır ki, martın 11-də Ermənistanın “Armenpress” agentliyi Qarabağ separatçılarının lideri, quldurbaşı Araik Arutyunyanın martın 10-da Ermənistanın “N” saylı hərbi hissənin “hərbi qulluqçularını”, əslində isə erməni terrorçularını qəbul etməsi və onlara “dövlət mükafatları” təqdim etməsi barədə məlumat dərc edib. Belə ki, quldur rejimin “dövlət mükafatları” ilə “təltif edilən” şəxslərin başında dayanan əsas terrorçu Vova Vartanovdur. Onun barəsində isə axtarış elan edilib və terrorçuluq əməllərinə görə bir neçə maddə ilə cinayət işi açılıb.

Digər tərəfdən, özünün də İnterpolun qırmızı axtarış səhifəsində yer aldığı Araik Arutunyan terrorçularla görüşündə dəstə üzvlərinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, məhz Vova Vartanovun və terrorçu dəstəsinin sayəsində Azərbaycan Silahlı Qüvvələri Qırmızı Bazar qəsəbəsini ələ keçirə bilməyə imkan tapa bilməyiblər. Fotoşəkildən də göründüyü kimi, separatçı quldurbaşının əlindən mükafat alan erməni “hərbçilərinin” sayı ən azı 10 nəfərdir.

Rusiya SM kontingentinin Laçın dəhlizində xidmət aparan hərbçiləri erməni terrorçularını Qarabağın ərazisinə Bəyanatda əks edilən hansı müddəa əsasında buraxıblar?!

Lakin həmin məqamı araşdırarkən istər-istəməz belə bir sual yaranır: Rusiya SM kontingentinin Laçın dəhlizində xidmət aparan hərbçiləri sözügedən erməni terrorçularını Qarabağın ərazisinə hansı səlahiyyətlə, hansı qanunauyğunluqla, yaxud Bəyanatda əks edilən müddəa əsasında buraxıblar?!

Yeri gəlmişkən, daha bir faktı da xatırlatmaq yerinə düşərdi ki, Qarabağda 44 gün davam etmiş hərbi əməliyyatlar zamanı Vova Vartanovun 350 nəfərlik könüllülərdən ibarət “batalyonu”, yəni terrorçu qrupu nədənsə Ermənistan silahlı qüvvələrinin ştatına, ya da səlahiyyətinə keçirilib. Hətta bu qrupa ayrıca hərbi hissə nömrəsi də verilib (?!).

Noyabrın 3-də isə Azərbaycan Baş Prokurorluğu VOMA təşkilatını və onun lideri Vova Vartanovu Qarabağda ermənilərin tərəfində döyüşən terrorçular sırasına aid edib və rəsmi olaraq onların hər biri terrorçu olaraq qeydə alınıblar.

Çoxsaylı cinayətlər, diversiyalar, partlayışlar, yanğınlar və xüsusi amansızlıqla qətllər..!

Beləliklə, adı çəkilən təşkilat üzvlərinin Azərbaycan vətəndaşlarına qarşı terror fəaliyyətində iştirak etdiyi, Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı cinayətlər, diversiyalar, partlayışlar, yanğınlar və xüsusi amansızlıqla qətllər törətdikləri müəyyən edilib.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibə aparma), 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma), 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi açılıb, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Daha bir fakt budur ki, ermənilər terrorçu VOMA təşkilatının guya “gənclərin tərbiyəsi ilə məşğul olan hərbi vətənpərvərlik birliyi” olduğunu iddia edirlər. Ancaq göründüyü kimi, bu, heç də elə deyil və quldurbaşı Araikin terrorçu Vartanovu və cinayətkar dəstə üzvlərini mükafatlandırması da sübut edir ki, onlar həqiqətən də qatillər və amansız cinayətkarlardırlar. Bu baxımdan da axtarışa veriliblər.

Sadəcə daha reallıq budur ki, sözügedən məsələ ilə bağlı ilk növbədə Rusiya SM kontingenti qarşısında qəti tələbin qoylması, izahatın istənilməsi artıq birmənalı şərtə çevrilməyə başlayıb. Eləcə də istər Araik Arutyunyan olsun, istərsə də Qarabağdakı digər quldur rejim təmsilçiləri olsun – onların hər biri Azərbaycanın qanunları qarşısında öz layiqli cəzalarına çatdırılmalıdırlar. Yəni rəsmi Bakı sülhməramlıların rəhbərliyi qarşısında bu sualı qaldırmalı və izahat tələb etməlidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə