Sarkisyanın təklifinə bircə partiya reaksiya verib Baş nazirlə görüş təklifi cavabsız qalır

Sarkisyanın təklifinə bircə partiya reaksiya verib Baş nazirlə görüş təklifi cavabsız qalır

"Parlaq Ermənistan" partiyası prezident Armen Sarkisyanın baş nazir Nikol Paşinyanla ortaq görüşmə təklifi ilə razılaşıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə sözügedən partiyanın rəhbəri Edmon Marukyan cümə axşamı öz Facebook səhifəsində yazıb.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan prezidenti Sarkisyan, parlament fraksiyalarının və Nazirlər Kabineti rəhbərinin istefasını tələb edən, siyasi qüvvələri birləşdirən “Vətənin Qurtuluşu Hərəkatı” liderlərini baş nazir Paşinyanla martın 13-də prezident iqamətgahındakı görüşə dəvət edib.
"Prezidentin dünən yayılan təklifinə cavab olaraq, “Parlaq Ermənistan” partiyası və parlamentdəki fraksiyası adından dəvəti, təklifi qəbul etdiyimizi və vətəndaş həmrəyliyini bərpa etməyə kömək edə biləcək hər hansı bir müzakirədə iştirak etməyə hazır olduğumuzu və dərin bir böhrandan çıxış yollarını tapdığımı bildirirəm", deyə Marukyan öz səhifəsində yazıb.
Xatırladaq ki, digər parlament fraksiyaları, baş nazir və birləşmiş müxalifət hələ mövqelərini açıqlamayıblar. Onu da qeyd edək ki, Paşinyanın Rusiyanın “İskəndər” raket sistemləri barədə düşünülməmiş sözlərindən sonra İrəvanda başqa bir siyasi böhran alovlanıb. Ermənistan Silahlı Qüvvələri Paşinyanın istefasını tələb edən bir açıqlama yayıb. Baş nazir isə bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə salıb, səlahiyyətlilərlə danışıqlar və baş nazirin istefasını tələb edirlər.
Göründüyü kimi, Ermənistanda “ara qarışıb, məzhəb itib” və siyasətçilərin, politoloqların, ekspertlərin əksəriyyəti vəziyyətin çox acınancaqlı olduğunu bildirirlər. Hətta, başda Ermənistanın ilk prezidenti Levon Ter-petrosyan olmaqla, bir çoxları bu işğalçı ölkənin vətəndaş müharibəsi astanasında oldğu qənaətindədirlər və elə bu səbəbdən də həyəcan təbili çalırlar. Şəxsən bu ölkənin ilkprezidenti vətəndaş müharibəsinin başlamasını erməni xalqının sonu kimi proqnozlaşdırıb. Elə bu qorxu səbəbindən də Ermənistan prezidenti Armen Sarkisyan tərəfləri prezident iqamətgahında danışıqlar masasına əyləşməyə dəvət edib. Amma bu vaxta qədər yalnız bir partiya bu dəvətə, bu təlkifə müsbət cavab verib. Digər partiyalar ümumiyyətlə cavab verməyiblər. Bu da onun göstəricisidir ki, müxalifət partiyaları baş nazir Paşinyanla bir araya gəlmək niyyətində deyillər və qarşıdurmaların, toqquşmaların, hətta vətəndş müharibəsinin də olacağı ehtimalı daha böyükdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə