Azərbaycanla əməkdaşlıq Aİ üçün mühüm strateji əhəmiyyətə malikdir ANALİTİK
Prezident İlham Əliyev: “Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışması üçün çoxlu imkanları olacaq”
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktorlarından birinə çevrilib. Respublikamız ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə yanaşı, etibarlı tərəfdaş kimi regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Şübhəsiz ki, respublikamızın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı bu baxımdan xüsusi qeyd edilməlidir. Sözsüz ki, Azərbaycanın strateji mövqeyi, fəal və uğurlu xarici siyasəti də Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm faktor rolunu oynayır. Bunun nəticəsidir ki, Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir.
Avropa İttifaqı - Azərbaycan: Əməkdaşlığın üfüqləri
Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1993-cü ildə qoyulub. Həmin tarixdən sonra Azərbaycanın xarici siyasətində bu təşkilatla çoxşaxəli əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Xatırladaq ki, ölkəmizlə əməkdaşlığa önəm verən Aİ 1998-ci il tarixində Azərbaycana xüsusi səfir təyin edib, 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2008-ci ilin fevralından isə Bakıda Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi fəaliyyət göstərir.
Qeyd edildiyi kimi, Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də Avropa Qonşuluq Siyasətidir. Azərbaycan 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə daxil edilib. Eyni zamanda, Azərbaycan 2009-cu ildə Praqada keçirilən zirvə görüşündə Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) proqramına qoşulub.
Bununla yanaşı, 2017-ci ilin noyabrında Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı sammitində qəbul edilmiş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha dəstəklənməsi bu münasibətlərin qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslandığından xəbər verir. Belə ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Eyni zamanda, Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan «Cənub Qaz Dəhlizi» layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Avropa İttifaqı - Azərbaycanla sıx əməkdaşlıq, birgə tərəfdaşlıq güclənməkdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərək görüş əsnasında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmaqla yanaşı, bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub. Daha dəqiq desək, artıq Cənubi Qafqaz regionunun aparıcı dövləti olaraq Azərbaycan dünyanın diqqəti mərkəzindədir, xüsusilə ölkəmizin Avropa məkanındakı yeri və rolu sürətlə artır.
“Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik”
“Bilirəm ki, bir neçə ay əvvəl siz həmkarınızla ikitərəfli iqtisadi komissiyanın işi ilə əlaqədar məsələləri müzakirə etmisiniz. Mənə bu barədə məlumat verilib və hesab edirəm ki, işlər düzgün istiqamətdə gedir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən deyib.
“Əlbəttə, strateji tərəfdaş olan Azərbaycan və Macarıstan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir. Biz Avropa Komissiyası ilə əlaqələrimizdə sizin dəstəyinizə görə minnətdarıq. Bildiyiniz kimi, biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq. Əlbəttə, ikitərəfli gündəliyimiz çox vacibdir. Dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır”, - deyə Azərbaycan Prezidenti bildirib.
“Söhbət Azərbaycanın böyük bir hissəsi –10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik”
Dövlət başçısı onu da bildirib ki, xüsusilə də, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur: “Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq”.
Prezident İlham Əliyev həmçinin onu da qeyd edib ki, digər sahələrdə də imkanlar mövcuddur. Kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var: “Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görüləcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz”.
Bir sözlə, bütün məsələlərdə milli mənafeləri qorumaq gərəkdir. Xatırladaq ki, Vətən müharibəsi zamanı Macarıstanın Azərbaycana açıq dəstəyini nümayiş etdirməsi və müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması, bir daha iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafının reallığıdır.
Bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev bir daha əminliklə bildirmişdir: “Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB