“Cəmil Həsənli və Əli Kərimli ermənilərin təbliğatçıları kimi çıxış edirlər” ÖZƏL-RƏY

“Cəmil Həsənli və Əli Kərimli ermənilərin təbliğatçıları kimi çıxış edirlər” ÖZƏL-RƏY

“Xarici havadarlarının dəstəyinə arxalanan bəzi müxalif qurumlar qanunvericiliyin tələblərini kobud surətdə pozan şüarlar səsləndirməkdən çəkinmirlər. 44 günlük vətən müharibəsi dövründə susqunluq və hakimiyyətə dəstək vermək məcburiyyətində qalan dağıdıcı müxalifət təmsilçiləri 10 noyabr bəyanatı imzalanan andan anti-dövlət fəaliyyətlərini davam etdirdilər”. Bunu ANAP-ın sədri Abutalıb Səmədov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sölərinə görə, hərbi əməliyyatlar ərəfəsində N.Paşinyanın və erməni ordusunun təbliğatçısı kimi çıxış edənlər cəmiyyətin ciddi təpkisi ilə üzləşmədilər: “Çünki əhalinin böyük əksəriyyəti onların söylədiyi fikirlərdən, verdikləri bəyanatlardan xəbərsiz idi. Bu bir tərəfdən Azərbaycan vətəndaşlarının “Milli Şura” və AXCP liderlərinin fikirlərinə əhəmiyyət verməmələri ilə əlaqədar idisə, digər tərəfdən, siyasi fəaliyyətlə məşğul olan insanların dağıdıcı müxalifət liderlərinin təhlükəli antidövlət, antixalq bəyanatlarını xalqa çatdırmaması ilə bağlı idi. Bu səbəbdən, nə “Milli Şura” sədri C.Həsənlinin “Azərbaycanda Türkiyə bazalarının yerləşdirilməsi məqsədəuyğun deyil” bəyanatı, nə də AXCP sədri Ə.Kərimlinin hərbi əməliyyatlara qarşı çıxış etməsi, erməni ordusunun gücünü “tərənnüm etməsi”, “Qarabağ danışıqlarını Avropa Birliyinin çətiri altına keçirmək” kimi təhlükəli təklifi layiq olduğu etirazı görmədi”.

A.Səmədov bildirdi ki, bu kimi münasibətdən ruhlanan “Milli Şura” və AXCP liderləri atəşkəs sazişi imzalanan kimi onun əleyhinə yeni təbliğat kampaniyasına start verdilər: “Reallıqla heç bir əlaqəsi olmayan fikirlər söyləyən, populist və ekstremist şüarlar səsləndirən “liderlər” bu davranışları ilə təmsil etdikləri qurumların marginal olduqlarını durmadan təsdiq edirlər. Çünki hakimiyyətə gəlmək ehtimalı olan ciddi qurum səsləndirdiyi fikirlərin, verdiyi vədlərin məsuliyyətini hiss edər və populizmdən uzaq durmağa çalışar. 1992-ci ildə bu cür “vədlərlə” hakimiyyətə gələn AXCP verdiyi bəyanatların, götürdüyü öhdəliklərin altında qalaraq əzildi və cəmi bir il hakimiyyətdə qala bildi. İndi həmin AXC-nin çox kiçik bir parçası olan qurumlar eyni yolu gedir və heç bir məsuliyyət hiss etmədən avantürist fikirlər, ekstremist şüarlar səsləndirməkdən çəkinmirlər. Güman edirəm ki, bu halda dövrəyə hüquq-mühafizə orqanları girməli və qanun pozğunluqları törədənlər barədə ciddi tədbirlər görülməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə