Azərbaycanın ictimai-siyasi həyatında növbəti tarixi hadisə – YAP-nın VII qurultayı
Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlər toxunaraq Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: «Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik”.
“Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”
“Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq»,-deyən dövlət başçısı bildirib ki, verdiyimiz sözə əmlə etdik: “Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.
Azərbaycan Prezidenti onu da söyləyib ki, ötən son 3 il ərzində prezident və parlament seçkiləri keçirilmişdir: «Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır”.
“Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu”,-deyən dövlət başçısı ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatıldığının vurğulayıb.
“Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur”
Prezident İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurətinin, məhz əvvəldə söylənilən səbəblərdən doğulduğunun deyib: “Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb”.
Dövlət başçısı onu da bildirib ki, bütün işlər ardıcıllıqla həyata keçirilib, son 17 il ərzində qarşıya qoyulan hədəflər düzgün müəyyən edilib, bu hədəflərə çatmaqla yanaşı qarşıda yeni hədəflərin həyata keçirilməsi üçün daha böyük fəallıq nümayiş etdirmək lazımıdır: «Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik”. “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”,-deyən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlərin önəmli olduğunun söyləyib: “Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır”.
Azərbaycan Prezidenti digər önəmli amilin - Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlı olduğunu söyləyib: «Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər”.
“Eyni zamanda, müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi”
Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı onu da söyləyib ki, xalq Heydər Əliyevə inanırdı və Onun ətrafında sıx birləşmişdi: “Eyni zamanda, müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı”.
«Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilər? Yəni, tam saxtalaşdırılmışdır,-deyən dövlət başçısı bildirib ki, ancaq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir: «Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi. Eyni zamanda, o vaxt Bakıda sovet Azərbaycanının bayrağı altında oturan rəhbərlik sanki o keçmişdən elə ikiəlli yapışmışdı ki, onu buraxmaq istəmirdi. Ancaq Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi və Sovet İttifaqının dağılmasına hələ çox vaxt var idi. Yəni, bütün bu faktorlar, bütün bu amillər Heydər Əliyevin xalq qarşısında olan hörmətini daha da artırmışdır”.
“Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi”
Dövlət başçısı Yeni Azərbaycan Partiyasının yaradılmasının zərurət olduğunu bildirib: “O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir»,-deyən Prezident belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi: «Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi?”
“Hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı”
Azərbaycan Prezidenti onu da söyləyib ki, o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü: “Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər. Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdür, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı»,-deyən dövlət başçısı, həmçinin vurğulayıb ki, bu AXC-Müsavat cütlüyü bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edirdilər, təsadüfi insanlar, küçədən keçənlər idi vəzifədə olanlar: “Baxın, indi mən bunu dəfələrlə demişəm, kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri”.
“Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti”
“Eynən 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarilə bizi gətirib uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti”,-deyən Prezident onu da öildirib ki, belə bir məqamda o vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər: «Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzuranı tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi».
“Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm”
Azərbaycan Prezidenti İlham Əliyev o vaxt bu milli maraqları hər şeydən üstün tutan “91-lər»in fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, bu gün də onların bir çoxu bizim sıramızdadır: “Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”. Dövlət başçısı 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdığını söylədi: “Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?”
“Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi”
Dövlət başçısı onu da vurğulayıb ki, əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi: “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz onun göstərişi ilə onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlamışdır. Böyük investisiyalar cəlb edildi ölkəmizə. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər”.
“Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir”
Dövlət başçısı onu da bildirib ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir: “Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər”.
“Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın»,-deyən Prezident onu da bildirib ki, mən demişdim, onları müalicə etdirmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına: «O millətçi və irqçi, azərbaycanafob, islamofob erməni siyasətçiləri, bax, buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması”.
“Bax, yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək»,-deyən Azərbaycan Prezidenti bildirib ki, onları qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq.
“İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi"
“İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi. Ermənistan isə özünü təcrid etdi. Yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük və bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas amili bizik, Ermənistanı qeyri-müəyyən, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik»,-deyən dövlt başçısı bildirdi ki, bu gün Ermənistan iqtisadi çətinliklərlə yanaşı oradan köç daha da geniş vüsət almışdır: «Demoqrafik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı. İqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq. Orada nəyə investisiya qoyacaq, əgər orada adam yoxdursa, pul yoxdursa? Sən bu investisiyanın gərək sonra pulunu çıxarasan, gərək bazar olsun investisiyaların pulunu çıxarmaq üçün. Bizdə isə əksinə. İnvestisiyalar böyük axınla gəlirdi, əhali artırdı, 10 milyona çatmışıq və baxın, sovet dövründə bizim əhalimiz 7 milyon idi, Ermənistan əhalisi 3,5 milyon. İndi Ermənistan əhalisi 1,8, bizim əhalimiz isə 10 milyondur”.
“Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun”
“Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir,-deyən Azərbaycan Prezidenti bildirib ki, bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun: “Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq tərəfdaşlığı" ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə biz bu sahədə də uğurlar əldə etdik. Ona görə bizim digər ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir”.
“44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir”
Dövlət başçısı çıxışı zamanı onu da bildirib ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir: “Bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. İndi biz yeni dövrə qədəm qoyuruq. Bu dövrlə bağlı mən bundan sonra da öz fikirlərimi bildirəcəyəm. Çünki konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Hər şeyi açıq-aydın görürük. Amma, əlbəttə ki, həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektələr edəcək. Bu da təbiidir. Ancaq konseptual nöqteyi-nəzərdən gələcəklə bağlı bəzi fikirlərimi bölüşmək istərdim”.
«Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram»,-deyən Azərbaycan Prezidenti onu da söyləyib ki, buna ehtiyac var: "Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun”.
“Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunun deyib: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın”. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyaya qoşulan partiyaların uğurlu addım olduğunu bildirib: «Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır”
“İdarə heyətinə tapşırıq verirəm ki, 3 ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin”
Dövlət başçısı, həmçinin partiyanın yeni proqramının hazırlanması tapşırığını da verib: «Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, 3 ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin. Qurultayımızın keçirilməsi bir daha demək istəyirəm ki, ölkəmizin həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Partiyamızın çoxminli üzvləri xalqımızın bütün təbəqələrini təmsil edirlər”.
«Görüləcək işlərə qayıtdıqda, mən xüsusilə şəhid ailələrinə göstərilən dəstəyi qeyd etmək istəyirəm. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir»,-deyən dövlət başçısı söyləyib ki, müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilmişdir: «Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Bildirməliyəm ki, beləliklə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər veriləcəkdir. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcəkdir. Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər».
«Həmçinin biz Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik və burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalıdırlar, öz rolunu oynamalıdılar»,- deyən Prezident bildirib ki, bu proses müəyyən zaman kəsiyində baş verəcək: «Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək. Bu ardıcıllıqla bağlı, əlbəttə, hesab edirəm ki, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Çünki 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, onların məişət şəraiti yaxşıdır. Ancaq hələ də uşaq bağçalarında, yataqxanalarda və digər yararsız, yəni uyğunlaşdırılmış binalarda köçkünlər yaşayır və burada da sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar».
Dövlət başçısı, həmçinin bildirib ki, gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir: «Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır. Çünki biz bu gün də görürük ki, nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır».
«Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar»,-söyləyən Prezident onu da bildirib ki, hamılıqla, o cümlədən Yeni Azərbaycan Partiyasında Veteranlar Şurasına tapşırıqlarını da verib: «Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, - Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, - Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir. Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”.
“Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Mən giriş sözümdə bu məsələ ilə bağlı öz fikirlərimi dedim. Bir daha demək istəyirəm ki, 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir»,-deyən Prezident onu da bildirib ki, müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır: «Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.
Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: «Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB